Azərbaycan
   
   17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıdakı Lenin (indiki Azadlıq) meydanında fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş günü elan edildi.
   
   17 noyabr 1883 - Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, görkəmli cərrah Mirəsədulla Mirqasımov (1883-1958) anadan olub.
   17 noyabr 1940 - Şair, tərcüməçi, dramaturq Mustafa Namaz oğlu İsgəndərov anadan olub.
   17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
   17 noyabr 2006 - Türkiyənin Antalya şəhərində türkdilli dövlət başçılarının 8-ci zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib.
   17 noyabr 2007 - Bakıda türk dövlət və toplumlarının XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib.
   
   18 noyabr 1997 -"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib.
   18 noyabr 1999 - İstanbulun "Çırağan" sarayında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl BTC-yə dair hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ prezidenti B.Klinton və Qazaxıstan prezidenti N.Nazarbayev layihənin dəstəklənməsinə dair «İstanbul bəyannaməsi»ni imzalayıblar.
   
   19 noyabr 1935 - Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (hazırda Universitet) rəhbərlik edib.
   
   20 noyabr 1910 - Nasir Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) anadan olub.
   20 noyabr 1930 - Aktyor Gündüz Abbasov (1930-2001) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dədə Qorqud” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   20 noyabr 1940 - Görkəmli ədəbiyyatşünas alim, publisist Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
   20 noyabr 1956 - Azərbaycan teatr tarixinin görkəmli simalarından biri, aktyor, tərçüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə, 21.31.1896 - 1956) vəfat edib.
   20 noyabr 1960 - Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərova (1960 - 20.06.1992) anadan olub.
   20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
   20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Martuni (Xocavənd) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfər, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər və vertolyotun heyət üzvləri həlak olub.
   
   21 noyabr 2008 - İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament nümayəndə heyətlərinin görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) təsis edilib.
   
   22 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib. Bu tarix (1999-cu ildən) Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   22 noyabr 1918 - Yazıçı-dramaturq Firudin Ağayev (1918-1981)anadan olub.
   22 noyabr 1922 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirov (1922-1984) anadan olub. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir.
   22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) anadan olub. Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.
   22 noyabr 1933 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqov (1933- 12.7.2006) Şəkidə anadan olub.
   22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Məmmədov (1938- 26.8.2003) Salyan rayonunda anadan olub. Azərbaycan kinosunda çoxsaylı obrazlar qalereyası (“Böyük dayaq”da Qaraş, “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay, “İstintaq”da Murad, “Dədə Qorqud”da Dədə Qorqud, “Axırıncı aşırım”da Abbasqulu ağa Şadlinski və s.) yaradıb.
   22 noyabr 1949 - Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının (İES) tikintisi ilə başlanıb. Onun ardınca 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edirdi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.
   22 noyabr 1950 - Populyar bəstəkar Cavanşir Quliyev Şəkidə anadan olub. İki operettanın (”Məhəbbət oyunu”, ”Yeddi məhbusə“), simfoniyaların müəllifidir, onlarla teatr və televiziya tamaşalarına, bədii və sənədli filmlərə musiqi yazıb, yüzlərlə mahnı bəstələyib.
   
   23 noyabr 1923 - Yazıçı Əmrah Əmrahov (1923-1988) anadan olub.
   23 noyabr 1939 - Yazar, məşhur aforizm ustası Safruh (Elman Ağa oğlu Əliyev) anadan olub.
   23 noyabr 1945 - Bəstəkar Mobil Babayev anadan olub. Bir sıra televiziya tamaşalarına və filmlərə musiqi yazıb.
   23 noyabr 1948 - Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 23.11.1948) vəfat edib.
   23 noyabr 1994 - Xalq artisti Firuzə Əlixanova (10.09.1917 - 1994) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından biri olub.
   23 noyabr 1999 - Görkəmli aktrisa, Xalq artisti Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Görüş”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Dərviş Parisi partladır” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   17 noyabr Beynəlxalq tələbə günüdür. Bu gün çex tələbələrinin faşizm işğalı əleyhihə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edilib.
   
   17 noyabr 1788 - Rus aktyorluq məktəbinin banilərindən biri Mixail Semyonoviç Şepkin (1788-1863) anadan olub.
   17 noyabr 1895 - Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.
   17 noyabr 1925 - Amerika kinoaktyoru Rok Hudsonun (Rock Hudson, 1925-1985) doğum günüdür.
   17 noyabr 1942 - Dünya şöhrətli Amerika kinorejissoru, ssenarist və prodüser, “Oskar” mükafatı laureatı Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub.
   17 noyabr 1944 - Amerikalı kinoaktyor Denni de Vito (Danny DeVito) anadan olub.
   17 noyabr 1966 - Məşhur fransız kinoaktrisası və rejissoru Sofi Marso (Sophie Daniele Sylvie Marceau) anadan olub.
   
   18 noyabr 1786 - Alman bəstəkar və musiqişünası Karl Mariya fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
   
   18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
   18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski, 1860-1941) anadan olub.
   18 noyabr 1901 - Amerikalı sosioloq, ictimai rəyin öyrənilməsi metodikasının müəllifi Corc Gellap (George Horace Gallup, 1901-1984) anadan olub.
   18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanovun doğum günüdür.
   18 noyabr 1950 - Rus müğənnisi və bəstəkarı Mixail Muromov anadan olub.
   
   19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese - Paolo Cagliari, 1528-1588) anadan olub.
   19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius, 1843-1896) anadan olub.
   19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub.
   19 noyabr 1903 - Məşhur baletmeyster və pedaqoq, SSRİ-nin Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
   19 noyabr 1921 - Rus kinodramaturqu (Eldar Ryazanovun əksər filmlərinin ssenari müəllifi) Emil Braginski (1921-1998) anadan olub.
   19 noyabr 1961 - Amerika aktrisası, prodüser Meq Rayan (Meg Ryan - əsl adı Margaret Mary Emily Anne Hyra) anadan olub.
   19 noyabr 1962 - Amerika kinoaktrisası, iki dəfə “Oskar” mükafatı laureatı Codi Fosterin (Alicia Christian «Jodie» Foster) doğum günüdür.
   19 noyabr 1993 - Məşhur rus-sovet kinorejissoru, kinokomediyalar (“Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları”) Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib.
   20 noyabr Dünya uşaq günüdür (Universal Children"s Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu il 20 noyabrda “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası” qəbul olunub. BMT Baş Assambleyası hər bir ölkəyə bu bayramı özünün məqsədəuyğun saydığı gündə qeyd etməyi tövsiyə edib. Azərbaycanda və əksər postsosialist ölkələrində “beynəlxalq uşaq günü” 1 iyunda qeyd olunur.
   
   20 noyabr 1890 - Amerika kinoaktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
   20 noyabr 1910 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828-1910) vəfat edib.
   20 noyabr 1925 - Məşhur rus-sovet balerinası, xoreoqraf, SSRİ-nin Xalq artisti Mayya Pliseskaya anadan olub.
   20 noyabr 1927 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 - 26.3.2007) anadan olub.
   20 noyabr 1928 - Tanınmış rus aktyoru, SSRİ-nin Xalq artisti Aleksey Batalovun doğum günüdür.
   20 noyabr 1937 - Rus yazıçısı, kinodramaturq (“Uğur centlmenləri”, “Mimino” filmlərinin həmmüəllifi) Viktoriya Tokareva anadan olub.
   
   21 noyabr - Dünya televiziya günüdür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumu keçirilib. Bu əlamətdar hadisənin şərəfinə BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) Dünya televiziya günü təsis edilib.
   
   21 noyabr 1694 - Görkəmli fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet, 1694 - 30.5.1778) anadan olub.
   21 noyabr 1898 - Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (Rene François Ghislain Magritte, 1898-1967) anadan olub.
   21 noyabr 1920 - Məşhur rus-sovet bəstəkarı, müğənni Yan Abramoviç Frenkel (1920-1989) anadan olub.
   
   22 noyabr 1801 - Rus yazıçısı, etnoqraf və dilçi alim, rus dilinin məşhur izahlı lüğətinin tərtibçisi Vladimir İvanoviç Dal (1801-1872) anadan olub.
   22 noyabr 1808 - Britaniyalı iş adamı, dünyada ilk turizm agentliyinin yaradıcısı (1841) Tomas Kuk, Thomas Cook, 1808-1892) anadan olub.
   22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.
   22 noyabr 1916 - Dünya şöhrətli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib.
   22 noyabr 1928 - Məşhur rus nəğməkar şairi Nikolay Dobronravov anadan olub.
   22 noyabr 1940 - Amerika kinorejissoru, ssenarist, multiplikator Terri Gilliam (Terence Vance Gilliam) anadan olub.
   22 noyabr 1984 - Məşhur amerikalı kinoaktrisa və müğənni Skarlett Yoxansson (Scarlett Johansson) anadan olub.
   
   23 noyabr 1875 - Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarskinin (1875-1933) doğum günüdür.
   23 noyabr 1887 - İngilis aktyoru, məşhur qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.
   23 noyabr 1908 - Rus uşaq yazıçısı Nikolay Nosov (1908-1976) anadan olub.
   23 noyabr 1933 - Polyak bəstəkarı Kşiştof Pendereski (Krzysztof Penderecki) anadan olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar