XIX əsrdə adı ölkələr dolaşan bir çox şair, mütəfəkkir və maarifçi ziyalılarımız yaşayıb. Belə yaradıcı ziyalılarımızdan biri də Mirzə Şəfi Vazeh olub. O, 1794-cü ildə Gəncədə memar ailəsində dünyaya gəlib. 
   
   Əvvəl molla yanında, sonra mədrəsədə oxuyub. Lakin dini ehkamlara etinasızlığına görə mədrəsədən uzaqlaşır. 1840-cı ildə Qafqaz Canişinliyində çalışan M.F.Axundovun köməkliyi ilə Tiflisdə şəhər məktəblərindən birində müəllim kimi işə düzəlir. Azərbaycan və fars dillərindən dərs deyir. Gəncədə yaratdığı "Divani-hikmət" ədəbi-fəlsəfi məclisini burada bərpa edir. Məclisdə poeziya, fəlsəfə, etika və dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparılır. A.A. Bakıxanov, M.F. Axundov və o zaman Şərqdə səyahətdə olan alman şairi Fridrix Bodenştedt bu ədəbi-fəlsəfi məclisin iştirakçısı olublar.
   Alman şairi Vazehin yaradıcılığı ilə yaxından maraqlanır. Ondan Azərbaycan və fars dillərini öyrənir. Şərqdə səyahətini başa vurub Almaniyaya qayıdarkən, şair əlyazma halında olan şeir məcmuəsini ona hədiyyə verir. Bu haqda F.Bodenştedt “Şərqdə min bir gün“ kitabında yazır: “Mən səyahətdən qayıdanda dostluq xatirəsi olaraq Mirzə Şəfi öz əsərlərindən ibarət bir şeir məcmuəsini mənə bağışladı və ona bir müqəddimə də yazdı”. Mirzə Şəfi həmin müqəddimədə belə yazıb: “... tələbəm və dostum olan Bodenştedt əfəndinin hörmət və iltimaslarına görə mən Mirzə Şəfi ona qəsidə, qəzəl, mürəbbeat, müqəttəat və məsnəvilərdən ibarət olan öz məcmueyi-əşarımı hədiyyə etdim”.
   Almaniyaya qayıdan F.Bodenştedt həmin şeirləri alman dilinə çevirərək başqa Şərq şairlərinin əsərləri ilə birlikdə “Şərqdə min bir gün” (1850), “Mirzə Şəfi nəğmələri” (1851) adlı kitablarını nəşr etdirir. Bu şeirlər tezliklə Avropanın bir çox dillərinə, eləcə də rus dilinə tərcümə olunur. Vazehin şeirlərinin Avropada böyük şöhrət qazandığını görən F.Bodenştedt bu əsərlərin ona məxsus olduğunu bildirir. 1875-ci ildə özünü həmin şeirlərin müəllifi elan edir. Lakin uzun illər sonra tarixi ədalət yerini tapır, bu əsərlərin gerçək müəllifinin Mirzə Şəfi olduğu dünyaya məlum olur. Alman alim Bodenştedt gec də olsa, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edir…
   Mirzə Şəfi isə ömrünü bütün bu olaylardan xəbərsiz başa vurur. 1848-ci ildə Gəncəyə qayıdan Mirzə Şəfi qəza məktəbində müəllim kimi işə düzəlir. 1850-ci ildə yenə Tiflisə dönür, gimnaziyada yenidən Azərbaycan və fars dillərindən dərs deyir, yaradıcılıqla məşğul olur. 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İvan Qriqoryevlə müştərək “Kitabi-türki” adlı Azərbaycan dilində ilk dərs vəsaiti tərtib edir. Gimnaziya və qəza məktəblərində həmin dərs vəsaitindən uzun müddət istifadə olunub.
   Mütəfəkkir şair 1852-ci il noyabrın 28-də Tiflisdə vəfat edir və orada dəfn olunur.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar