Dekabrın 14-ü Rəşid Behbudovun anadan olmasının 95 ili tamam oldu
   
   O, məlahətli səsi və bənzərsiz sənəti ilə təkcə Azərbaycanda deyil, bütün dünyada şöhrət qazanmışdı. Çünki o, adi ifaçı deyildi. Səsinin qüdrəti ilə doğma Azərbaycanımızı dünyada tanıdırdı, öz nəğmələri ilə məmləkətimizlə dünya ölkələri arasında bir məhəbbət körpüsü salmışdı.
   
   Bu gün də Rəşid Behbudovun ölməz səsi o məhəbbət körpüsündən keçənləri bir-birinə qovuşdurur. Bu səsi Tanrı sanki insanları bir-birinə mehriban etmək, onlara daha dərin vətən sevgisi aşılamaq və ülvi hisslərini daha da rövnəqləndirmək üçün yaratmışdı. Bu əbədiyaşar səs də məhz Rəşid Behbudovun qismətinə düşmüşdü. Ümumiyyətlə, səs və incəsənət Behbudovlar ailəsi üçün müqəddəs bir Tanrı payı idi.
   Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə məşhur musiqiçi Məcid Behbudovun ailəsində dünyaya gəlmişdi. Atası dövrünün mahir ifaçısı idi. Uzun illər Tiflisdə, Gəncədə, Bakıda və başqa şəhərlərdə konsertlərdə, el şənliklərində çıxış etmişdi. Məşədi Cəmil Əmirov, Musa Şuşinski, Qurban Pirimov və başqa görkəmli sənətkarlarla yaxın dost olmuşdu. Onun Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus yeri var. Beləcə atasından eşitdiyi el nəğmələri ilə böyüyən balaca Rəşid sənətin əlçatmaz zirvəsinə qədər ucalaraq dünyanın böyük, yəni korifey sənətkarına çevrilir.
   Rəşid Behbudov ifaçılığa 1930-cu ildə Tiflisdə başlayır. 1943-cü ildə Bakıya gələrək həyatını və sənətini burada davam etdirir. Rəşid Behbudovun sənət dostu, görkəmli bəstəkar Tofiq Quliyevin xatirələrindən:
   «Mənim Rəşidlə tanışlığım müharibə illərində olub. O, 1943-cü ildə Bakıya qastrola gəlmişdi. Rəşidin səhnədə çıxışını görən kimi, ilk baxışdan ona valeh oldum. Həm ifası, həm zahiri görünüşü, həm də səhnə mədəniyyəti mənə xoş gəldi. Elə o illərdən də bizim dostluğumuz başladı. Onunla birgə yaradıcılığımızın tarixi də, həmin zamandan başlayır. Mən xoşbəxt bəstəkaram ki, mahnılarımın çoxunun ilk ifaçısı məhz Rəşid olub. Çünki o, mahnını sadəcə oxumur, o, mahnını yaşayır və yaradırdı».
   Beləliklə Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra isə Opera və Balet Teatrının solisti olub. Bir müddət Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı kimi də fəaliyyət göstərib. 1966-cı ildən özünün Mahnı Teatrını yaradan Rəşid Behbudov bununla Azərbaycan musiqi mədəniyyətinə daha bir töhfə bəxş etdi. Bu sənət ocağının Mahnı Teatrı adlandırılması sənətkarın mahnıya olan sonsuz məhəbbətindən və bu janra xüsusi münasibətindən irəli gəlirdi.
   Rəşid Behbudov özü bu barədə belə deyirdi: «Mənim aləmimdə mahnı da bir teatra bənzəyir. Onun öz çalarları olmalıdır. Hər bir mahnının bir süjet xətti var. İfaçı bunu əvvəlcə duyaraq təyin etməli, sonra oxumalıdır. Mahnını yalnız səslə ifadə etmək yox, onu daxili aləminlə yaşamalı və sonra xalqa çatdırmalısan. Bunun üçün də bir mahnının üzərində günlərlə, bəzən aylarla işləmək tələb olunur. Bu da sənətə olan sevgidən və məsuliyyətdən irəli gəlir».
   Ustad sənətkarın bu fikirləri əsl sənət dərsidir. Odur ki, öz yaradıcılığını məhz bu düşüncələr üzərində quran Rəşid Behbudovun özünəməxsus ifa xüsusiyyətləri var. Başlıca cəhət isə Rəşid Behbudovun ifasında improvizənin güclü olmasıdır. Bu yerdə sanki qulağıma ustadın məlahətli səsindən unudulmaz nəğmələr süzülür. C.Cahangirovun «Ana, «Alagöz», T.Quliyevin «Qızıl üzük», «Sənə də qalmaz», «İlk bahar», R.Hacıyevin «Azərbaycan» və daha neçə-neçə belə yaddaqalan nəğmələr var ki, onlar ilk dəfə Rəşid Behbudovun səsində həyata vəsiqə alıb, sevilib və yaddaşlara həkk olunub.
   Unudulmaz bəstəkar Rauf Hacıyevin xatirələrindən: «Mən onun məlahətli səsindən həmişə həzz alıram. Bəstələdiyim mahnıları gözəl ifa etdiyinə görə ona daim minnətdaram. Elə zənn edirəm ki, o mahnılar mənim yazdığıma görə yox, Rəşidin oxuduğuna görə tarixdə qalacaq».
   Doğrudan da Rəşid Behbudovun oxuduğu nəğmələr nə zaman yazılmasından asılı olmayaraq tarixin unudulmaz səs yaddaşıdır. Dünyanı qarış-qarış gəzən sənətkar hansı ölkədə olubsa həmin xalqın mahnısını onun öz ifaçısı qədər doğru-düzgün və bəlkə də daha da dolğun ifa edib. Bu mənada onun bizə qalan səs yadigarları içərisində 50-yə qədər əcnəbi dildə oxuduğu nəğmələr var. Ümumiyyətlə, qeyd etməliyik ki, Rəşid Behbudovun zəngin bir repertuarı vardı. Opera səhnəsində müxtəlif obrazları yaradan sənətkar Azərbaycan, rus və Qərb bəstəkarlarının mahnı və romanslarını, eləcə də xalq mahnılarımızı xüsusi məharətlə ifa edib.
   Rəşid Behbudov yalnız nəğmələri ilə deyil, bütöv yaradıcılığı ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyub. Sənətkarın yaradıcılıq irsinə onun çəkildiyi kinofilmlər də daxildir. Bunlardan «Arşın mal alan» (1945), «Bəxtiyar» (1958) bədii filmləri sənətkarın əvəzsiz və qiymətli yadigarlarıdır.
   Sevincimizin, kədərimizin, mübarizliyimizin, vətənpərvərliyimizin nəğməkarı olan Rəşid Behbudovun sənəti daim sevilib və yüksək qiymətləndirilib. O, 1951-ci ildə Azərbaycanın Xalq artisti, 1959-cu ildə SSRİ Xalq artisti fəxri adlarına, 1979-cu ildə Dövlət mükafatına, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   Sənətkarı əbədiyaşar edən isə onun lirik tenor-tembrində olan unudulmaz səsidir. Bu səslə o, vətənimizi tərənnüm etdi. Bu nəğmələrdən birindəki misralar düşür yadıma: «Nə vaxtdır Rəşidin gözü yoldadır, Bir qonaq gələsiz bizə lalələr».
   Bu misraları təsadüfi xatırlamadım. Ən başlıcası ona görə xatırladım ki, indi Rəşidin ruhu bizdən qələbə sorağı gözləyir. Qoy tezliklə ruhun şad olsun ustad!
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar