Leopold Rostropoviç və Üzeyir Hacıbəylini möhkəm dostluq və yaradıcılıq əlaqələri birləşdirirdi
Şərqdə ilk konservatoriya 1921-ci ildə Bakıda yaradılıb. Bu tədris müəssisəsinin yaradılmasında dövrün ən yaxşı musiqiçilərinin, əsl ziyalı insanların, bəstəkarların, xanəndələrin əvəzolunmaz xidmətləri olub. Burada xüsusi olaraq dahi bəstəkarımız, sonralar Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışan Üzeyir Hacıbəylinin adını qeyd etmək lazımdır.
Konservatoriyada azərbaycanlı tələbələrin Avropa musiqi alətlərində yüksək səviyyəli ifa üslublarını, klassik musiqi ənənələrini tam mənimsəmələri üçün görkəmli bəstəkarımız keçmiş SSRİ-nin müxtəlif tədris ocaqlarında çalışan istedadlı musiqiçiləri Azərbaycana, Dövlət Konservatoriyasında işləməyə dəvət edir. Əlbəttə ki, bu onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən addımlarından biri idi. Bəstəkar özü bu haqda yazırdı: “Şərq musiqisinin inkişafı, əsl musiqi incəsənəti həddinə çatması o zaman mümkündür ki, bu sahəyə ümumavropa musiqi nəzəriyyəsi tətbiq olunsun!”.
1925-ci ildə görkəmli musiqiçi, istedadlı violonçelist, professor Leopold Vitoldoviç Rostropoviç Bakıya dəvət olunur. Dünyaca məşhur musiqiçi bu dəvəti məmnuniyyətlə qəbul edir. O, ilk dəfə Bakıya hələ 1914-cü ildə gəlmişdi. Sonrakı illərdə o, Rusiya İmperator Teatrının artisti kimi Bakıda uğurlu konsertlərlə çıxış etmişdi. Bu illərdə L.Rostropoviç bakılılar tərəfindən layiq olduğu münasibəti qazanmışdı. Onda olan bu inam ifaçının yenidən 1925-ci ildə Azərbaycana gəlişinə səbəb oldu. L.Rostropoviçin həyat yoldaşı istedadlı pianoçu Sofya Nikolayevna Fedotova da konservatoriyada fortepiano fakültəsində dərs deyirdi. Onlar keçmiş Kolodezni küçəsində (indiki L.və M.Rostropoviçlər küçəsi) 19 nömrəli evdə yaşayırdılar.
Azərbaycan professional musiqisinin aparıcı siması olan Üzeyir bəylə istedadlı violoncelist professor L.Rostropoviç arasında tezliklə əsl yaradıcılıq münasibətləri başladı. Bu iki görkəmli şəxsiyyət bir-birinə eyni zamanda dostluq münasibətlərlə bağlı idilər. Azərbaycanda professional violonçel məktəbinin inkişafında böyük rol oynayan L.Rostropoviç Ü.Hacıbəylinin təklifi ilə ilk simli kvarteti yaradır. Kvartetin üzvləri: İ.Eydlin, M.Simberov, V.Adamski və L.Rostropoviç idilər. L.Rostropoviçin məsləhəti ilə Ü.Hacıbəyli kvartet üçün əsərlər yazırdı. Bu simli kvartet çoxlu sayda konsertlərdə çıxış edərkən onun əsərlərini ifa edirdi. Kvartetlə yanaşı L.Rostropoviç solo ifaçı kimi də konsertlərdə iştirak edirdi. Həmin konsertin afişaları hazırda L.və M.Rostropoviçlərin ev-muzeyində nümayiş olunur.
Bu afişalara diqqət yetirərkən L.Rostropoviçin ifaçılıq repertuarının nə dərəcədə zəngin olduğu diqqəti cəlb edir.
Məharətli bir ifaçı kimi L.Rostropoviçin repertuarında klassik musiqi nümunələri ilə yanaşı şərq musiqi nümunələrinə də rast gəlinir. Violonçel konsertlərinin, fortepiano və violonçel üçün pyeslərin, fortepiano əsərlərinin müəllifi, eyni zamanda bacarıqlı pedaqoq olan L.Rostropoviç təbii ki, öz tələbələrinə olduqca güclü olan müsbət təsirini göstərirdi. Onun konservatoriyada çoxsaylı tələbələri arasında Ə.Daşdəmirov, F.Ələkbərov, Q.Krupkin, Ə.Kərimov və başqalarının adlarını çəkmək olar. Bütün bu xüsusiyyətlərdən danışarkən belə bir nəticəyə gəlmək olur ki, L.Rostropoviçin professional Azərbaycan violonçel məktəbinin inkişafında, bir çox Azərbaycan violonçelistlərinin yetişməsində əvəzolunmaz xidmətləri olub.
Bu tələbələrdən xüsusi olaraq konservatoriyada L.Rostropoviçin rəhbərliyi altında violonçel sinfində dərs alan Asəf Zeynallının adını qeyd etmək lazımdır. O, paralel olaraq bəstəkarlıq fakültəsində Ü.Hacıbəylinin sinfində dərs alıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarları içərisində violonçel üçün ilk əsər yaradan Ü.Hacıbəylinin tələbəsi A.Zeynallı olub. Gözəl ifaçı, bəstəkar, pedaqoq kimi fəaliyyət göstərən L.Rostropoviç eyni zamanda opera teatrının simfonik orkestrində çalırdı. İstedadlı Azərbaycan bəstəkarları ilə olduqca səmimi münasibətdə olan L.Rostropoviç eyni zamanda Ü.Hacıbəyli və onun yaxın əqidə dostlarından biri olan böyük musiqiçi və bəstəkar M.Maqomayevə violonçel çalmağı öyrədirdi.
1927-ci il martın 27-də Rostropoviçlər ailəsində əlamətdar hadisə baş verir, onların oğlu Mstislav Rostropoviç dünyaya gəlir. Ailə üzvləri kimi Ü.Hacıbəyli və M.Maqomayev də bu hadisəni böyük sevinclə qarşıladılar. Onların keçirdikləri musiqi axşamları, evdə olan musiqi mühiti Mstislavda hələ uşaqlıqdan musiqiyə böyük maraq və məhəbbət oyatdı. Təsadüfi deyil ki, o ilk əsəri olan “Polka” rəqsini 4 yaşında yazmışdı. 1931-ci ildə L.Rostropoviç və onun ailəsi Moskvaya köçdülər. Moskva dövründə L.Rostropoviçin yaradıcılıq həyatı o qədər də asan keçmirdi. Bakıda ən yaxın dostu olan Üzeyir bəylə isə L.Rostropoviçin dostluq əlaqələri uzun müddət davam edir. Səmimi dostluq əlaqələrini təsdiqləməyə isə, onların bir-birinə yazdığı, arxiv sənədləri olan məktublar imkan verir. Belə məktublardan biri 1938-ci il, iyun ayının 2-də L.Rostropoviç tərəfindən Üzeyir bəyə yazılmışdır ki, bu məktub Azərbaycanda fəaliyyət göstərən L və M.Rostropoviçlərin ev muzeyində qorunub saxlanılır. Məktubda L.Rostropoviç yaradıcılıq planlarından yazır, eyni zamanda Üzeyir Hacıbəyli yaradıcılığını, istedadını yüksək qiymətləndirir.
Bununla yanaşı Ü.Hacıbəyli ilə L.Rostropoviç yaxın dost kimi öz ali-məişət problemləri ilə də bölüşürlər.
“Əziz dostum, Üzeyir! Çox təəssüf ki, Siz və həyat yoldaşınız bizdə olmamış Moskvada getmisiniz, biz isə Sizi görməyimizə çox şad olardıq. Ümid edirik ki, Moskvaya növbəti gəlişinizdə bizə telefonla xəbər verəcəksiniz və bizdə yığışacağıq. Biz hələ “Koroğlunun” heyrətamiz mühiti və gözəl musiqisinin təsiri altındayıq” (Sənəd Azərbaycan Elmlər Akademiyasının Əlyazma Fondundan (İNV №25458) muzeyə - ( DK№ 96) daxil olub).
Bu məktubu L.Rostropoviç 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günləri dekadasında “Koroğlu” operasını dinlədikdən sonra yazıb. Məktubda diqqəti cəlb edən sətirlərdən biri də L.Rostropoviçin Azərbaycana həsr etdiyi orkestr üçün yazdığı “Svobodnıy Azerbaydjan” (Sovetskiy Azerbaycan) adlı süitası haqqında Ü.Hacıbəyliyə xahişlə müraciət etdiyi sözlərdir. Bu haqda L.Rostropoviç yazır: “Əziz dostum, əgər süita bəyənilərsə, o zaman onu daha uğurlu orkestrləşdirməyi Sizdən xahiş edəcəyəm”.
Çox təəssüf ki, bu süitanın orkestrləşdirilib ifa olunması barədə bizdə heç bir məlumat yoxdur. Əldə olan yeganə məlumat L. və M.Rostropoviçlərin ev-muzeyində nümayiş olunan “Svobodnıy Azerbayjan” süitasının müəllif tərəfindən yazılmış titul vərəqidir. Burada o bu əsəri nə məqsədlə yazdığını və kimə həsr etdiyini açıqlayır:
“Əziz Azərbaycanlılara və Azərbaycan hakimiyyətinə həsr edirəm. Mənim Bakıda işləməyimin xatirəsinə və Dekadanın keçirilməsi üçün Moskvaya (Bakı nümayəndə heyətinin) gəlişinin qarşılanması kimi. Moskva şəhəri. 6.04.1938 il”.
Titul vərəqinin başlığında: “Azad Azərbaycan” süitası. Respublikanın Əməkdar artisti, professor L.V.Rostropoviç-sözləri yazılıb.
Məktubun axırında L.Rostropoviç Ü.Hacıbəyliyə müraciət edərək yazır:
“İncəsənət Komitəsi tərəfindən mənim şagirdlər üçün yazdığım “Fortepiano miniatürləri”adlı notu işıq üzü görən kimi onun I-ci nüsxəsini Sizə göndərəcəyəm”. Bunlarla yanaşı L.Rostropoviç qışda onun yaradıcılıgının 30 illik yubiley konsertinin keçiriləcəyi barədə məlumat verir və xüsusi olaraq qeyd edir ki, konsertin proqramına Şərq xalqlarının mahnı və rəqsləri daxil edilib. O daha bir istəyi haqqında yazır:
“Yaxşı olardı ki, proqrama Sizin əsərlərinizi daxil edək və Sizin əsərləriniz ifa olunsun. Bir daha yadınıza salıram ki, mənim xahişimi unutmayasınız. İstərdim ki, Sizin: a) türk mahnısı və b) rəqs əsərləriniz məndə olsun. Mən əminəm ki, Sizin kimi musiqiçi - bəstəkara ancaq ani olaraq ilham dəqiqələri tapmaq lazımdır və hər şey əla alınacaq.
L.Rostropoviçin yaradıcılığına, onun ifaçılıq repertuarına nəzər salarkən artıq onun üslubunda Şərq musiqi təsirinin duyulduğunu hiss edirik. Bu isə onun Azərbaycanda yaşaması və görkəmli bəstəkarımız Üzeyir bəylə olduqca sıx yaradıcı əlaqələrinin olmasından irəli gəlmişdir. Belə bir əsəri haqqında L.Rostropoviç görkəmli rus bəstəkarı A.Qlazunova yazdığı məktubda danışır. Bu əsər L.Rostropoviçin violonçel üçün yazdığı “Oriental” konsertdir ki, burada bəstəkar geniş surətdə şərq musiqi motivlərindən istifadə edib.
* * *
Uzun ayrılıqdan sonra maestro M.Rostropoviç 1997-ci ildə ailəsi ilə Bakıya gəlişi zamanı dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin ev-muzeyini ziyarət edir və muzeyin rəy kitabına öz ürək sözlərini yazır.
M.Rostropoviç Ü.Hacıbəylinin ölməz əsəri olan “Koroğlu” operasının uvertürasına bir neçə dəfə müraciət edib. İlk dəfə 2004-cü ilin yanvar ayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın açılışı münasıbəti ilə Bakıya təşrif buyurur. O, simfonik orkestrlə çıxış edərək bu əsərə dirijorluq edir. 2005-ci ilin sentyabr ayında isə Ü.Hacıbəylinin 120 illiyi ilə əlaqədar olaraq “Üzeyir günü” keçirilirdi. Bu münasibətlə M.Rostropoviç xüsusi olaraq Bakıya gəlir və ikinci dəfə uvertüraya böyük məharətlə dirijorluq edir.
Qeyd etmək lazımdır ki, L.vəM.Rostropoviçlərin ev-muzeyində M.Rostropoviçin 2005-ci ildə Filarmoniyada geydiyi frakı, dirijor çubuğu, konsertdən çəkilmiş videokadrlar, fotoşəkillər və üzərində Maestronun avtoqrafı olan konsert proqramı muzeyimizin ekspozisiyasında nümayiş olunur.
Leopold Rostropoviç və Üzeyir bəy nəinki həmkar, hətta ailəvi dost idilər. Hər Pasxa və Novruz bayramları ərəfəsində iki dost ailəvi bir-birinin evinə qonaq gedərdilər. Bütün bunları Ü.Hacıbəylinin ev-muzeyinin keçmiş direktoru, həmçinin qohumu Ramazan Xəlilov M.Rostropoviçə özü şəxsən söyləyib.
Dahi musiqiçi, bizim həmyerlimiz maestro M.Rostropoviçin harada olursa olsun doğma Bakımızı unutmaması, hər gəlişi ilə onu sevənlərə hədsiz sevinc bəxş etməsi təsadüfi deyildi. M.Rostropoviç bu haqda deyirdi:
“Mənim atam Azərbaycanı sevirdi, anam da bu ölkəni sevirdi, Azərbaycana məhəbbət mənə irsən keçmişdir.”
Əlbəttə ki, azad Azərbaycana qəlbən bağlı olan, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərən, Ü.Hacıbəyli, Leopold və Mstislav Rostropoviçləri biz heç zaman unutmayacağıq.
* * *
P.S. Hörmətli oxucular! Sizə müraciət edib, xahiş etmək istəyirik ki, “Azad Azərbaycan” süitasının partiturası haqda məlumatınız varsa, bizə xəbər verəsiniz. L.Rostropoviçin Ü.Hacıbəyliyə 1938-ci ildə yazdığı məktubdan bizə məlumdur ki, əsərin partiturası 1938-ci ildə İbrahimovla (ola bilərki yazıçı Mirzə İbrahimovla) göndərilib. Bildiyimiz qədər əsər 1980-1990-cı illərdə azərbaycanlı musiqiçilər tərəfindən Bakıdan Rusiyaya aparılıb. Ehtimal var ki, notu maestroya və yaxınlarına təqdim etmək üçün aparılıb. Lakin əsər Rostropoviçlər ailəsinə çatmayıb. Muzey bu əsər haqqında hər hansı məlumatı və ya əsərin özünü əldə etmək istərdi.
Muzeyin elektron ünvanı:
rostropovich_27@rambler.ru
tel: 012 492 02 65 497 09 46
Şeyla Heydərova,
L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru