Qulu Əsgərovu xatırlayarkən
Azərbaycan ifaçılıq sənəti tarixində Qulu Əsgərovun öz yeri, öz dəst-xətti var. O, yalnız xanəndə kimi yaddaşlarda qalmayıb. Qulu Əsgərov həm müəllim, həm də neçə-neçə mahnıların müəllifi kimi də xatırlanır.
Qulu Rüstəm oğlu Əsgərov 1928-ci il dekabrın 18-də Salyan rayonunda anadan olub. İlk çıxışları rayon teatrında olub, sonra orada xalq çalğı alətləri ansamblı yaradaraq ona rəhbərlik edib. 1954-1958-ci illərdə A.Zeynallı adına musiqi məktəbində təhsil alaraq ustad xanəndələr Seyid Şuşinski və Nəriman Əliyevdən sənətin sirlərini öyrənib. Eyni zamanda Əhməd Bakıxanovdan, Adil Gəraydan tar, Midhət Əhmədovdan isə bəstəkarlıq dərsi alıb.
O, opera səhnəsində də mahir bir müğənni kimi yaddaqalan ifalar nümayiş etdirib. Uzun illər Məcnun, İbn Səlam, Kərəm, Aşıq Qərib və bu kimi obrazlarla tamaşaçıya elə bir sənət təqdim etmişdir ki, o, həmin obrazlarla da yadda qalıb. Bütün bunlar Qulu Əsgərovun özünəməxsus səs tembri və ifa xüsusiyyətləri ilə bağlıdır. Belə ki, onun heç kimə bənzəməyən səs çalarları vardı.
Onun səsi seçilən səslərdəndir. O, bu məlahətli səsi ilə neçə-neçə xalq mahnı və təsnifləri, muğam dəstgahları, eləcə də bəstəkar mahnılarını və milli operalardakı obrazları böyük ustalıqla ifa edərək onları bugünkü nəslə yadigar qoyub gedib. Bu yadigarlar içərisində Qulu Əsgərovun öz bəstələri də var. Hətta bu bəstələr bir vaxtlar xalq mahnıları və təsnif kimi tanınıb. Çünki onları xalq musiqisini dərindən mənimsəyən, sevən və ifa edən bir sənətkar yaradıb.
Bunlardan «Dolanaram başına», «Muğana ceyran», «Könül bağladım», «Həyat var olsun» və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Qulu Əsgərovun köksünə sıxıb dilləndirdiyi tarının tellərində yaranıb. Onların əksəriyyəti bu gün də ifaçıların repertuarında geniş yer tutur. Amma açığını deyək ki, yəqin ki, bəzi ifaçıların səsindən bu nəğmələr eşidiləndə bəlkə də Qulu Əsgərovun ruhu inciyir. Çünki bəzən onun mahnılarının sözləri və musiqisi təhrif olunur. Elə bu yazının sərlövhəsinə də onun Hüseyn Kürdoğlunun sözlərinə bəstələdiyi mahnının misrasını seçməyimiz də təsadüfi deyil.
Bəli, mahnıda belə deyilir: «Sev ki, sevən mərd olar». Amma bunu belə oxuyurlar: “Sevgi sevən mərd olar”.
Həmin mahnının daha bir misrası da belədir: “Sevgilini qınama, İnanırsan, sınama”.
İfaçılar isə bu misraları “Sevgilini qınama, Qınayırsan, sınama” kimi oxuyurlar.
Buna bənzər yanlışlıqlar çoxdur.
Görkəmli sənətkarın ruhunu şad etmək üçün onun irsini yaşatmalı və yadigarlarını doğru-düzgün təbliğ etməliyik. Bu yalnız Qulu Əsgərovun deyil, onun simasında bütün unudulmaz sənətkarların ruhu qarşısında bizim mənəvi borcumuzdur.
Səadət Təhmirazqızı,
musiqişünas