31 yanvar məşhur satirik şair Səməd Mənsurun doğum günü idi
   
   Yanvarın 31-i Azərbaycanın tanınmış satirik şairi Səməd Mənsurun anadan olmasının 132-ci ildönümü idi. O, bütün ömrünü xalqına xidmət edən, onun maariflənməsi yolunda çalışan ədib, naşir, dövrünün məşhur ziyalılarından biri olub. Milli teatr, mətbuat, ədəbiyyat tariximizdə bu şəxsiyyətin böyük xidmətləri var. Amma sovet dövründə onun adı uzun illər unudulub. Çünki yaratdığı əsərlər sovet ideologiyasına, onun ədəbi postulatlarına tamamilə tərs idi.
   
    Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov) 1879-cu il yanvarın 31-də Bakının Əmircan qəsəbəsində anadan olub. İlk təhsilini Bakıdakı rus-müsəlman məktəbində alıb, sonralar davamlı mütaliə ilə biliyini artırıb. Ədəbiyyata olan marağı onu Bakıda fəaliyyət göstərən “Məcməüş-şüara" adlı ədəbi məclisə gətirib. O burada Əliabbas Müznib, Mirzə Əbdülxalıq Yusif, Əliağa Vahid kimi sənətkarlarla tanış olub. Bakı şairləri ilə uğurlu şeir deyişmələri ona böyük şöhrət gətirib. Elə "Mənsur" təxəllüsünə də burada qazandığı müvəffəqiyyətlərə görə layiq görülüb.
   Səməd Mənsurun milli teatr tariximizin inkişafında da xidmətləri olub. O, 1907-ci ildə Bakıda təsis edilən "Səfa" cəmiyyətinin üzvü olub, cəmiyyətin teatr işlərində fəal iştirak edib.
   1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış edib, 1918-ci ildə "Şeypur" jurnalında baş mühərrir olub, "Molla Nəsrəddin" jurnalında ədəbi parçalar, "Bəsirət" və "Tuti"də şeirlər çap etdirib, xırda pyeslər yazıb.
   Şairin ədəbi fəaliyyəti iki xətt üzrə davam edib: satira və romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnəliyi qamçılamağa çalışıb. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim" belə şeirlərdəndir. O, qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbeh və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırıb. "Həpsi rəngdir" adlı müxəmməsi sağlığında dillər əzbərinə çevrilib:
   
   Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.
   Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
   Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir,
   Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir,
   Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

   
   Şəməd Mənsur 1927-ci il yanvarın 3-də Bakıda vəfat edib. Prezident İlham Əliyevin 27 avqust 2008-ci il tarixli sərəncamı ilə Səməd Mənsurun xatirəsi əbədiləşdirilib, şairin yaşadığı binaya (Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 15) xatirə lövhəsi vurulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar