Bir əsərin tarixi
   
   ...Rəfiqəmin atası ölüm ayağında olanda həkim məsləhət gördü ki, dağa-daşa düşməsinlər. Gedib hazırlıq görsünlər. Bütün külfət həkimin hərəkətindən qeyzlənsə də (həmin anda hamı belə düşünür və tələb edir ki, həkim nə edirsə-etsin, amma xəstəni ölümün caynağından qurtarsın), sonda onun sözü ilə razılaşdı. Bircə rəfiqəm ipə-sapa yatmadı. Sanki hamı onun atasının ölməyini istəyirdi. Həmin gün məni yanına alıb Sumqayıta - “ölünü belə dirildən”, “duası daşdan keçən” (rəfiqəm belə deyirdi) - bir mollanın yanına apardı. Molla gözlərini qıyıb rəfiqəmə dedi ki, evinizə tərəf qara bir ilan sürünür.
   
   Rəfiqəmlə baxışdıq. Bu o demək idi ki, sənə inanmayana lənət!
   Rəfiqəm əl-ayağa düşüb molladan kömək istədi. Mən də dünyanın ən yöndəmsiz müqayisəsini apardım. Qırıq-salxaq cümlələrlə onu Nostradamusa bənzətdim və deyəsən, bu adı molla həyatında birinci dəfə eşidirdi. Çünki bunu eşidincə üç kərə “Kim?”, - deyib susdu. Başa düşdüm ki, o, Nostradamusun kimliyindən tamamilə bixəbərdir.
   Nə başınızı ağrıdım, mollanın məsləhəti ilə vaxtı fövtə vermədən qara bir toyuq almalıydıq. Bazara getməyinə getdik, amma qara toyuğu tapanacan ayağımıza qara su endi. Guya toyuq ağ olsa, qara ilan rəfiqəmin atasını udacaqdı.
   Bazarda qaraşın toyuqlar çox olsa da, ağ çillər işləri korlayırdı. Axır ki, qapqara bir toyuq tapdıq və elə sevindik ki, elə bil dirilik suyu tapmışdıq. Sonra o qapqara toyuğu satan oğlana bir-iki şirin söz deyib qara toyuğun başını “xırıt” elətdirib bədənin üstə qoyduq və mollaya apardıq. Molla ədəb-ərkanla qara toyuğun başını ərəb hərifləri ilə qaraladığı ağ parçaya büküb bərk-bərk sarıdı. Tərslikdən qan sızıb “kəfən”dən çıxdı.
   Hələ biz bu qorxunc bükülünü köhnə qəbiristanlıqda, köhnə bir qəbirin ayaq tərəfində basdırmalı idik. Rəfiqəm başını itirmişdi. Oxuduğumuz universitetdən bir az yuxarıda - nəşriyyatın yanında qəbiristanlıq olduğunu bilirdim. Bakıya üz tutduq. Rəfiqəm atasının öləcəyindən elə qorxurdu ki, yol boyu ağzını açıb bir kəlmə də danışmadı. Qəbiristanlıqda köhnə bir qəbir tapıb, o qəbirdə uyuyana Allahdan qəni-qəni rəhmət diləyib, oğurluğa gəlmiş adamlar kimi ətrafa baxa-baxa yeri tələm-tələsik qazdıq. Toyuğun başını basdıran kimi dabanımıza tüpürüb qəbiristanlıqdan qaçdıq. Uzaqlaşdıqca rəfiqəmin soluxmuş çöhrəsi işıqlanırdı, mən də xeyirxah bir işin qulpundan yapışdığıma görə ürəyimdə özümə təsəlli verirdim ki, bəs dost-dosta nə gündə gərəkdir?
   Səhəri gün rəfiqəm dərsə gəlmədi. Dekanatlıqdan xəbər verdilər ki, atası rəhmətə gedib...
   Neçə gün özümə gələ bilmədim. Rəfiqəmin atası öldüyünə görə yox, guya kimin atası dünyanı tutub duracaqdı, rəfiqəmin boşa çıxan inamına görə heyfsilənirdim.
   Rəfiqəmin atası torpağa tapşırılan gün çox fikirləşdim, diqqətlə baxıb özümü və ətrafımdakıları Cəlil Məmmədquluzadənin “Ölülər”inin arasında tapdım...
   Bu uzun-uzadı müqəddimədən sonra yüz il geriyə yollanıram. Zaman elə bir şeydir ki, keçmişə getmək asan, gələcəyə getmək çətindir. Çünki keçmiş ölülərə, gələcək dirilərə məxsusdur...
   
   “Ölülər” doğulur

   
   1909-cu il iyunun 12-də iti qələmi, kəskin publisistikası, həyati pyesləri ilə dövrünün işıqlı simalarından biri olan Cəlil Məmmədquluzadə “Ölülər” əsərini yazıb başa çatdırdı. Yazıçı əlyazmasını qələm dostlarına verir və “Ölülər” əl-əl gəzib dolaşır.
   “Açıq söz” qəzetinin 73-cü sayında Sultan Məcid Qənizadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov “Ölülər” haqqında müsbət rəylərini bildirərək yazırdılar: “Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlmanların həyatında böyük rollar oynayacaq, paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir”.
   Ancaq beyinləri pasdan təmizləyib, ruhlara can vermək üçün “Ölülər” səhnədə dirilməli idi. Bu məqsədlə Cəlil Məmmədquluzadənin Qafqaz Mətbuat Komitəsinə yazdığı müraciət cavabsız qalmır. Senzura 1909-cu il 27 avqust tarixi qərarı ilə əsərin tamaşaya qoyulmasına icazə verir. Amma 1911-ci il 7 iyun tarixli “Kaspi”, 9 iyun tarixli “Baku” qəzetlərinin yazdığına görə, “Ölülər”in həmin il Tiflisdə oynanılması üçün iki dəfə cəhd göstərilsə də, bu təşəbbüs nəticəsiz qalır. Bütün bunlara baxmayaraq Mirzə Cəlil “Ölülər”in səhnəyə yol tapacağına inanırdı...
   
   “Ölülər” səhnədə
   
   Əsər səhnəyə yalnız 7 ildən sonra - 1916-cı il aprelin 29-da yol tapdı. İlk dəfə Bakıda - Tağıyev Teatrında tamaşaya qoyulan “Ölülər” ilin ən böyük teatr hadisəsinə çevrildi. Tamaşanın ilk rejissoru Hüseynqulu Sarabski olur. Tamaşada Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu Mirzəağa Əliyev oynayırdı. Onların qeyri-adi oyunu uzun illər tamaşaçıların yaddaşından silinmir.
   Belə danışırlar ki, ilk tamaşadan əvvəl İsgəndər obrazını oynamağa hazırlaşan Mirzəağa Əliyev eşidir ki, Kefli İsgəndər obrazını yaradarkən Cəlil Məmmədquluzadə Naxçıvanda yaşayan Paşa aga Sultanov adlı bir vəkili nəzərdə tutub. Bu soraqla Naxçıvana yollanır, böyük səylə onun xarakteri, əxlaqı, rəftarı barədə məlumat toplayır. Öyrənir ki, Paşa ağa 1874-cü ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirib. Türk, fars, rus dillərini və ədəbiyyatını mükəmməl bilir. Məmməd Tağı Sidqi ilə birlikdə 30 min sözdən ibarət rus-fars lüğətini hazırlayıb, sonra isə 56 min sözdən ibarət Rus-Fars-Azərbaycan lüğətini tərtib edib. Belə geniş biliyi və dünyagörüşü olan adam təbii ki, cəhalətdə ayıq başla yaşaya bilməzdi.
   Cəlil Məmmədquluzadə isə “Kefli İsgəndər yüzlərlə Paşa ağaların içindən seçilmiş real bir surətdi”, - deyərdi.
   Şeyx Nəsrulla rolunu isə Əliqulu Qəmküsar elə ustalıqla yaratmışdı ki, sonralar Mirzəağa Əliyev yazırdı: “Mən Əliqulu Qəmküsarla üç dəfə “Ölülər” əsərində oynamışam. İki dəfə Bakıda, bir dəfə Gəncədə. Qəmküsar ruhaniləri yaxşı tanıdığı, onlara yaxşı bələd olduğu üçün Şeyx Nəsrullah rolunu fövqəladə bir məharətlə oynayırdı. Mən onun oyununun mislini sonralar da görə bilmədim” (bütün bunlara görə də yenilik və sənət düşmənləri 1919-cu il yanvarın 28-də onu qətlə yetirdilər - T. V.)
   İlk tamaşa barədə “Açıq söz”, “Baku”, “Kaspi”, “İqbal”, “Bəsirət”, “Tuti”, “Babayi-Əmir” qəzet və jurnallarının səhifələrində ətraflı və mübahisəli məqalələr çap olunur.
   Hüseyn Cavid “Ölülər”i yüksək qiymətləndirərək yazırdı: “Ölülər” son komediyalarımız içində parlaq mövqe tutur. “Ölülər”də sənətkaranə bir dirilik, mahir bir incəlik var. “Ölülər”in hər təbəssümündən acı bir fəryad qopar... “Ölülər” qüsursuz deyil. Fəqət bu qüsur bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görünə bilər”.
   O illərdə “Ölülər” Orta Asiyada, Volqaboyu və Qafqazın bir sıra şəhərlərində də nümayiş olunur.
   
   “Ölülər” mühakimə olunur
   
   Mürtəce dairələr isə Cəlil Məmmədquluzadəni “millətə yaraşmayan”, xalqın adət-ənənəsinə zidd olan bir əsər yazmaqda günahlandırırdılar. Onları “Ölülər”də ən çox narazı salan İsgəndər obrazı idi.
   “Ölülər” tamaşasının hər bir səhnəsi din pərdəsi altında gizlənib insanları aldadan mübarizə silahına çevrilmişdi. Bu əsər yalnız sıravi oxucular, tamaşaçılar, dindarlar arasında deyil, elm adamları və ədəbi ictimaiyyət arasında da geniş səs-küyə səbəb olmuş, hətta əsər günah işlətmiş adam kimi məsuliyyətə cəlb edilmiş, mühakimə olunmuşdu. “Ölülər”in ədəbi mühakiməsi haqqında mətbuatın verdiyi bir elanda oxuyuruq: “Bu günlərdə Dövlət Teatr Heyəti Ədəbiyyat və Tənqid Komissiyasının təşəbbüsü ilə dövlət teatr müdiriyyəti və bəzi ədəbi simaların iştirakı ilə məşhur “Ölülər” faciəsinin qəhrəmanı Kefli İsgəndərin ədəbi mühakiməsi olacaqdır”.
   Lakin Cəlil Məmmədquluzadə ailə üzvləri ilə birlikdə 1920-ci ilin iyununda Təbrizə yola düşür və 1921-ci ilin mayınadək orada yaşaması və başqa səbəblərdən ədəbi mühakimə ləngiyir. Mühakimə 1923-cü ilin fevralında baş tutur. “Ölülər”in ədəbi mühakiməsi belə bir qərar qəbul edir: “İsgəndər müvəqqəti olaraq ictimai həyata müqayir bir şəxsiyyət kimi mədəni hüquqdan məhrum edilsin, lakin Şeyx Nəsrullaha qarşı üsyanı müsbət bir hərəkət kimi qeyd edilsin”.
   Bu ədəbi mühakimə “Ölülər”in ölülərlə növbəti qarşılaşması idi...
   
   “Ölülər” dirilir
   
   Sonrakı illərdə “Ölülər” Abbas Mirzə Şərifzadənin, Aleksandr Tuqanovun quruluşunda tamaşaya qoyulur. 1938-1939-cu teatr mövsümündə Şəmsi Bədəlbəyli bu məşhur əsəri yeni quruluşda tamaşaya hazırlayır. Bu quruluş “Ölülər”in ən yaddaqalan tamaşalarından biri olur.
   1948-1949-cu teatr mövsümündən 1966-cı ilə kimi “Ölülər” Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynanılmır. Yalnız 1966-cı noyabrın 12-də milli teatr sənətimizin parlaq simalarından olan Tofiq Kazımov “Ölülər”i yenidən səhnəyə dəvət edir. Tofiq Kazımov Mirzə Cəlilin ruhunu saxlamaqla əsərə elə Mirzə Cəlilin öz felyetonlarından bir çox yeni mətnlər də əlavə edir. Tofiq Kazımovun quruluşunda rəssam Elçinin maraqlı dekorları, Qara Qarayevin təsirli musiqisi, Kefli İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Məmmədrza Şeyxzamanovun ifası ilə “Ölülər” səhnədə yenidən dirilir.
   Zaman-zaman “Ölülər” tamaşası Azərbaycan teatr sənətinin yüksəlişini, aktyor və rejissor işi, teatr tənqidi sənətində müəyyən qüvvəyə malik olduğunu sübut edir.
   1992-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında görkəmli rejissor Tofiq Tağızadə “Ölülər” əsərini “O dünyadan salam” adı ilə ekranlaşdırdı. Film insanları ayıq olmağa, yaxşını pisdən, xeyiri şərdən, həqiqəti yalandan ayırmağa, həyata ayıq gözlə baxmağa çağırır. Cəhalət və kortəbii fanatizm ifşa olunur.
   Elə bu gün də bizi güldürən və ağladan “Ölülər” müxtəlif teatrların səhnəsində, müxtəlif rejissorların quruluşunda, müxtəlif aktyorların ifasında səhnədədir. Sabah da belə olacaq, illər sonra da. Çünki ölülər ölmür, Cəlil Məmmədquluzadənin “Ölülər”i də heç vaxt ölməyəcək...
   
   Təranə Vahid