Yanvarın 5-də F.B. Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçı-publisist Nüşabə Məmmədlinin yenicə işıq üzü görən ”Bu bir oyundur”, ”Göylərdə keçən ömür” kitablarının təqdimatı keçirildi. Qəlbində Vətən sevgisi, yurd həsrəti daşıyan yazıçının oxucularla, ziyalılarla olan görüşü həmin gün yaddaşlardan silinməyən tarixi günə çevrildi.

Nüşabə xanımın həm də doğum gününə təsadüf edən təqdimat mərasimi onu sevənlər üçün ikiqat bayram oldu. 
F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Füzurə Qasımova tədbiri giriş sözü ilə açaraq, Nüşabə xanımın yeni kitablarının Qarabağ həqiqətləri ilə bağlı Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil olduğunu bildirdi.


Sonra Təhsil Problemləri İnstitutunun elmi əməkdaşı, şair-publisist Ənvər Əhməd Nüşabə Məmmədlinin yaradıcılığı haqqında geniş məlumat verərək qeyd etdi ki, bu gün hamı sənətin işığına yığışıb.
Görüşdə iştirak edən ziyalılardan Səadət Qarabağlı, Atababa İsmayıloğlu, Mənzər Niyarlı, Maarif Teymurov, İsgəndər Etibar, yazıçı Teyyub Qurban, Mirəhməd Əsgərov, Mirvari Rəhimzadə, Aysəba Əlizadə, Fariz Çobanoğlu, Məlahət Qurbanova, Amaliya Rzaqızı, Asif Mərzili, Nazim Tapdıqoğlu və şairə Fazilə Qaraxanqızı çıxış edərək Nüşabə Məmmədlinin yeni əsərlərinin gənc nəsil üçün böyük əhəmiyyətə malik olduğunu dedilər.
Nüşabə Məmmədlinin ”Göylərdə keçən ömür” kitabının qəhrəmanı Savalan Cəfərov da çıxışında Qərbi Azərbaycanda xain ermənilərin illər boyu xalqımıza qarşı apardığı zorakılıqlardan danışdı və çıxışını ”Ömrümün 19 ilini Göyçə mahalında yaşamışam. Biz inanırıq ki, Vətən torpaqlarını geri alacağıq” sözləri ilə bitirdi.


Qeyd edək ki, ”Göylərdə keçən ömür” kitabı Savalan Cəfərovun gənc ikən fitri istedada malik olmasından, Bakıda ali məktəbi bitirdikdən sonra Almaniyada təhsil almasından, Əfqanıstan müharibəsində yaralanmasından, Rusiyada, Almaniyada yaşadığı müddətdə azərbaycançılıq ideyalarına sadiq qalmasından bəhs edilir.


Tədbirdə səslənən yurd həsrətli mahnılar, bayatılar, Ənvər Əhmədin Şuşa və Xankəndi ilə bağlı kövrək xatirələri, şeir çələngi hamıya isti nəfəs, kövrək duyğular bəxş etdi.

Təranə CƏBİYEVA