Azərbaycan
   
   11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev, 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
   
   12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866-1916) anadan olub. Naxçıvan teatrının tamaşalarında çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsr şairlərinin əsərləri) tərtib edib.
   12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (1889 - 1.10.1965) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
   12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim, ictimai xadim (II Rusiya Dumasının deputatı) Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc olunub. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılıb.
   12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (1907 - 5.10.1982) anadan olub. "Kitabi Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   12 aprel 1928 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. “Yanar ürək”, “Məhşər”, “İdeal” və s. roman-povestlərin, pyeslərin müəllifidir. Ssenariləri əsasında "26 Bakı komissarı", "Nəsimi", “Tütək səsi”, "Ulduzlar sönmür", “Nizami” və s. filmlər çəkilib.
   
   13 aprel 1918 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “İnsan məskən salır”, “Həyat bizi sınayır” və s. filmlərin quruluşçu operatorudur.
   13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   13 aprel 1946 - Tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Qatarda", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan", "Ac həriflər", “Nigarançılıq” və s. məşhur teletamaşaların, "Cavid ömrü" filminin rejissorudur.
   
   Dünya
   
   11 aprel 1888 - İtalyan kinosunun ulduzlarından olmuş Françeska (Francesca) Bertini (əsl adı - Elena Seracini Vitiello, 1888-1985) anadan olub.
   11 aprel 1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard, 1894-1965) anadan olub.
   11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
   11 aprel 1944 - Məşhur Amerika kinossenaristi (“Konan-barbar”, “Qırmızı sübh” və s. filmlər) Con (John) Milius anadan olub.
   
   12 aprel 1823 - Görkəmli rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Əksər pyesləri əsasında filmlər çəkilib.
   12 aprel 1932 - Fransız komediya aktyoru Jan-Pyer Marel (Jean-Pierre Marielle) anadan olub.
   12 aprel 1933 - Dünya şöhrətli ispan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe) anadan olub.
   12 aprel 1956 - Kuba əsilli məşhur Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib.
   
   13 aprel 1883 - Məşhur bəstəkar və dirijor, keçmiş SSRİ-nin (və indiki Rusiya Federasiyasının) dövlət himninin müəllifi Aleksandr Aleksandrov (1883-1946) anadan olub.
   13 aprel 1883 - Rus şairi Demyan Bednı (Yefim Alekseyeviç Pridvorov, 1883-1945) anadan olub.
   13 aprel 1906 - Görkəmli ingilis yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett, 1906-1989) anadan olub. Absurd teatrının yaradıcılarından biridir.
   
   Hazırladı: Vüqar Orxan