Prezident İlham Əliyev aprelin 20-də “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 20 il ərzində xalqımızın ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görüb. Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmayıb.
   Sərəncamda “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin tərkibi təsdiq edilib. Baş nazir Artur Rasizadə redaksiya heyətinin sədri, AMEA-nın prezidenti Mahmud Kərimov redaksiya heyəti sədrinin müavini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məsul katib təyin edilib. Milli Atlasın redaksiya heyətində nazirlər, elmi-tədqiqat institutlarının rəhbərləri, alimlər yer alıb.