Azərbaycan nümayəndə heyəti tədbirlərdə iştirak edəcək
   
   Aprelin 28-30-da Türkmənistanın paytaxtı Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçiriləcək.   
   
   Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirlərin məqsədi türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı və mənəvi əlaqələrin genişləndirilməsidir.
   Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Heyətə R.Behbudov adına Dövlət Mahnı Teatrının kollektivi, dekorativ-tətbiqi sənət ustaları, türkmən şairlərinin əsərlərinin tərcüməçisi, ədəbiyyatşünas alim Ramiz Əskər və başqaları daxildir.
   Qeyd edək ki, beynəlxalq festival və elmi konfrans Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 2010-cu il sentyabrın 16-da türkdilli ölkə başçılarının İstanbul zirvə görüşündə irəli sürdüyü təşəbbüs əsasında keçirilir. “Türk xalqlarının mədəni irsi” festivalında nümayəndə heyətləri müxtəlif nominasiyalarda (vokal, rəqs, dekorativ-tətbiqi incəsənət, teatr geyimləri, milli mətbəx, kino) çıxış edəcəklər. Festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaq. Türkmənistan tərəfdən tədbirin təşkilatçıları bu ölkənin Mədəniyyət, Xarici İşlər nazirlikləri, Elmlər Akademiyası, Türkmənistanın dövlət televiziyası və radiosudur.
   Festivalın nominasiyaları üzrə çıxışların konkret şərtləri var. Vokal ifaçıları (solo, ansambl) xalq və müasir estrada mahnıları ilə çıxış etməlidirlər. Hər nümayəndə heyəti üç mahnı təqdim edə bilər. Mahnılar maksimum 4 dəqiqə müddətində və fonoqramdan istifadə edilmədən, canlı ifa olunmalıdır. Hər bir rəqs qrupu üç rəqs nümunəsi göstərməlidir. Dekorativ-tətbiqi incəsənət nominasiyasında ölkə üçün ənənəvi olan bədii xalq sənəti nümunələri (parça, taxta üzərində işləmələr, keramika, qobelen, zərgərlik, milli geyimlər və s.) təqdim olunmalıdır. Teatr kostyumları üzrə nominasiyasında isə milli kostyumların teatrlaşdırılmış nümayişi olacaq. Milli mətbəx nominasiyada hər bir ölkənin ənənəvi xalq mətbəxi (hər ölkə üzrə 3 milli yemək növü) təqdim olunacaq. Kino nominasiyasında isə tammetrajlı və qısametrajlı bədii filmlər göstəriləcək.
   Beynəlxalq elmi konfransda çıxışların mövzusu xalqların dostluğu, həmrəyliyi, dinc yanaşı yaşaması, beynəlxalq sülhün təmin olunması mövzusunda məruzələr, çıxışlar dinləniləcək.
   Festivalın iştirakçıları diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar. Türkmənistan tərəfi «Türk xalqlarının mədəni irsi» festivalı və beynəlxalq konfransın iştirakçıları üçün maraqlı mədəni tədbirlər proqramı (at yarışları, ekskursiyalar və s.) hazırlayıb.
   
   Mehparə