18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə Bakı muzeyləri müxtəlif tədbirlər təşkil edəcək. 
   Həmin gün Bakının bütün muzeylərində “Açıq qapı” günü elan ediləcək. Beynəlxalq Muzeylər Günü çərçivəsində Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı Mais Ağabəyovun fərdi sərgisi açılacaq. Sərginin açılışı mayın 17-də baş tutacaq.
   Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyindən bildiriblər ki, mayın 14-də burada konsertlə müşayiət olunan "Muzeydə gecə" təşkil ediləcək. Tədbirdə bəzi musiqi təhsil müəssisələrindən prezident təqaüdçüləri çıxış edəcəklər. Mayın 18-də isə muzeydə rəssam-karikaturaçı Əzim Əzimzadənin sərgisi keçiriləcək.
   Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü təqvimdə 1977-ci ildə yaranıb. 1978-ci ildən bu gün 150-dən çox ölkədə qeyd edilməyə başlayıb.