XIX-XX əsrlərdə şöhrəti şəhərlər-ölkələr dolaşan, ecazkar səsi ilə ürəkləri fəth edən çoxlu sənətkarlarımız yaşayıb. İfaçılıq tariximizdə özünəməxsus yer tutan sənətkarlardan biri də haqqında söz açacağımız Malıbəyli Cümşüddür...
   
   O zamanlar Şuşa şəhərindən dörd bir tərəfə faytonlar işləyərmiş... Sərnişin dolu dördatlı araba Yevlaxdan tərpənib, Bərdəni, Ağdamı keçib yaşıl bir yamacda salınmış “Əsgəran talası”nda əylənər, bir balaca dincəldikdən sonra yoluna davam edərmiş. Dağların döşündə ilan kimi qıvrılan daşlı-kəsəkli yolla irəliləyərək qədim Xocalı kəndini keçib “Xan bağı” karvansarasının qabağında dayanar, sərnişinlər burada dincəldikdən sonra başqa faytonlara minib Şuşaya, Gorusa yollanarmışlar.
   Bir gün arabaçı sərnişinləri “Xan bağı”na düşürüb yaxınlıqdakı Malıbəyli kəndinə geri dönür... Bu zaman arxadan bir səs gəlir: “Cümşüd, ay Cümşüd, bəri qayıt!”. Bu “Xan bağı” karvansarasının sahibi Tanrıverdi idi. O, qonaqların istirahəti üçün çox vaxt karvansaraya sazəndə dəstəsi də dəvət edərdi. Qarabağın bir çox məşhur çalıb-oxuyanları buradan keçərkən istər-istəməz Tanrıverdi kişinin qonağı olurdu. Lakin karvansaranın daimi çalıb-oxuyanı xanəndə Cümşüd idi...
   Malıbəyli Cümşüd dörd-beş yaşında ikən ata-anasını itirir, uşaqlığı ağır ehtiyac, min bir əzab-əziyyət içində keçir. Altı yaşından yadlar qapısında nökərçilik, sonra mehtərlik edir. Bir az böyüdükdən sonra arabaçı köməkçisi olur. Şuşa ilə Yevlax arasında bir neçə il araba sürür...
   Cümşüdün uşaqlıqdan musiqiyə həvəsi olur. Yaradan ona gözəl səs bəxş etmişdi. Qarabağın musiqi məclisləri, xüsusilə yaşadığı karvansara həyatı onun musiqiyə marağını artırır. Həyatında baş verən bir hadisə isə arabaçı gəncin taleyini həmişəlik sənət aləminə bağlayır. Belə deyirlər ki, bir gün Novruz bayramı ərəfəsində “Xan bağı” karvansarasında böyük şənlik təşkil edilir. Qarabağın bir çox adlı-sanlı adamları Tanrıverdi kişinin qonağı olurlar. Bu arada xəbər gəlir ki, xanəndə Şahnaz Abbas qəfil xəstələnib. Tanrıverdi kişinin kefi pozulur. Bilmir nə etsin. Birdən nökərlərdən biri dillənir:
   - Ağa, xanəndənin xəstələnməsindən heç də dilxor olma! Axı bizim öz xanəndəmiz var.
   Tanrıverdi kişi maraq dolu nəzərlərini nökərə tərəf çevirir:
   - Nə danışırsan, haradadır bizdə elə oxuyan?..
   - Arabaçı Cümşüd.
   Cümşüd adını eşidən Tanrıverdi bir az da əsəbiləşir:
   - Ə, nə danışırsan! Yetim Cümşüd hara, oxumaq hara?
   Nökər ağasını inandırmaq üçün başlayır and içməyə.
   Ağa ilə nökərin mübahisəsinə son qoymaq üçün tarzən söhbətə qarışır:
   - Ay Tanrıverdi kişi, niyə nökərin sözünü qəribliyə salırsan? Məgər arabaçıda səs olmaz? A kişi, mən Malıbəyli arabaçılarından o qədər yaxşı səsi olana rast gəlmişəm! Qoy Cümşüd gəlsin oxudaq, bəlkə xoşumuza gəldi!
   Cümşüdü çağırırlar. Tarzən tarı sinəsinə sıxır və deyir:
   - Oğlum, nə oxuya bilərsən?
   - Ürəyin nə istəyir, onu da çal.
   On altı yaşlı gəncin belə ötkəm cavab verməyi tarzəni sevindirir:
   - Onda bizim üçün bir “Segah” oxu.
   Gəncin zil səsi, uzun nəfəsi və sürəkli zənguləsi hamını heyran edir. Cümşüd olduqca sərbəst oxuyur, coşqun zəngulələrlə muğamın zilinə qalxıb tarın son pərdələrində ustadlara məxsus guşəxanalıq edir. Məclisi alqış sədaları bürüyür. Qoca tarzən gəncin qeyri-adi qabiliyyətindən vəcdə gələrək gözləri yaşarmış halda deyir:
   - A bala, başına dönüm, bir “Şahnaz” da oxu!
   Cümşüd “Şahnaz”ı da gözəl oxuyur. Qavalı yerə qoyanda məclisin hər yanından onun başına qızıl-gümüş pullar tökülür. Məclisdə əyləşən tacir Məşədi Nəcəfqulu Cümşüdü təbrik edir və deyir:
   - Oğlum, Allah-taala səni ata-anasız qoysa da, bir tərəfdən də sənə böyük dövlət bəxş edib. Axı gözəl səsdən böyük dövlət nə ola bilər?! Sabahdan arabaçılığı burax. Xoşbəxtik ki, bizim kənddən də oxuyan oldu. Sonra əlini cibinə salır, bir yüzlük çıxarıb tarzən Baxşıya verir və sözünə davam edir:
   - Baxşı, səhər Cümşüdü özünlə apar Şuşaya, sədəfli bir qaval sifariş ver. Sabahdan kənddən çıxanda bir daha Şuşaya yox, bura - “Xan bağı”na gələrsiniz...
   Bir neçə gündən sonra kənd camaatı əynində çit arxalıq, çuxa, belində gümüşü kəmər, başında buxara papaq və əlində sədəfli qaval tutmuş bir cavan oğlan gördülər. Daha bu oğlan mehtər-arabaçı Cümşüd yox, xanəndə Cümşüd idi...
   Çox keçmir, gözəl və məlahətli səsi ilə hamını sehrləyən Cümşüd Malıbəyli məclislərinin bəzəyi və yaraşığı olur. O, bir neçə il tarzən Ballıcalı Baxşı ilə “Xan bağı” karvansarasında çalıb-oxuyur. İyirmi bir yaşında ikən artıq Qarabağ məclislərində yaxşı bir xanəndə kimi tanınır. Dəstgahları özünəməxsus şəkildə ifa edir. Oxuduğu “Orta mahur”, “Şüştər” ritmik muğamlardan “Heyratı”, “Qarabağ şikəstəsi” və s. ustad sənətkarlar tərəfindən yüksək qiymətləndirilir. Araşdırmalarda göstərilir ki, Cümşüd kənddə böyüdüyündən, daha çox kənd toylarına meylli olub. Buna görə də o qədim el-xalq mahnılarının ifasına xüsusi diqqət yetirib. Çünki həmin vaxtlar muğamlara nisbətən el havaları kənd camaatının ruhuna daha yaxın olub. Cümşüd də “Ay dərya kənarında”, “Stəkanın deşilsin”, “Gəlirəm, gedirəm, xəbərin olsun”, “Ay bala Fatma”, “Qapıda duran mənəm, mən” mahnılarını çox məharətlə oxuyarmış.
   Malıbəyli Cümşüd qəzəl, qoşma seçməkdə də usta olub. Həmişə xalq ruhuna uyğun sadə, mənalı dildə yazılmış əsərlər oxuyub. Daha çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın əsərlərinə müraciət edib. Otuz yaşında usta xanəndə kimi şan-şöhrəti Qarabağın hüdudlarını aşaraq Şirvan elinə çatır. Şamaxılı Mahmud ağa onu evinə dəvət edir. Cümşüd bir neçə ay onun qonağı olur, görkəmli musiqişünasın qurduğu məclis və müsabiqələrdə iştirak edir. O, daha sonra görkəmli tarzən Cavad bəy Əli bəy oğlu ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunur. Hər yerdə Azərbaycan musiqisinin incəliklərini, Qarabağ xanəndəlik məktəbinin şöhrətini nümayiş etdirir.
   Malıbəyli Cümşüd həm də Şuşada göstərilən tamaşalarda və “Şərq konsertləri”ndə də yaxından iştirak edib. Bu tamaşa və konsertlərdən yığılan pullardan xeyriyyə məqsədilə - məktəblərin ehtiyacına da sərf olunur.
   1913-cü ildə Azərbaycanda ustad xanəndə kimi tanınan Malıbəyli Cümşüd Kiyev şəhərində fəaliyyət göstərən “Ekstrafon” aksioner şirkətindən dəvət alır. Cümşüd Kiyevə gedərək “Segah“, “Mahur”, “Rast” muğamlarını və bir neçə təsnifi qrammofon valına yazdırır. Görkəmli xanəndə 1915-ci ildə təxminən 70 yaşlarında ikən Şuşa şəhərində vəfat edir.…
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar