Tamaşaçı ilk gündən Vəfanı, Vəfa da ilk gündən səhnəni sevmişdi. Odur ki, ölümündən 25 il keçsə belə, tamaşaçı sirli təbəssümlü aktrisanı hələ də unuda bilmir. Çünki Vəfa Fətullayeva Azərbaycan səhnəsinə, Azərbaycan teatrına elə bir təbiilik gətirmişdi ki, süni bütlər çat verib yerlə - yeksan olmuşdu, teatr cana gəlmişdi, Vəfa aktrisa kimi bunu bacarmışdı...
   
   Ancaq ölümlə bacara bilmədi. Cəmi 42 il yaşadı. 25 ildir ki, həyatdan və çox sevdiyi səhnədən ayrılıb. Ancaq Azərbaycan tamaşaçısı hələ də səhnədə və ekranda gördüyü, sevdiyi çılğın, ərköyün, sadə, utancaq, kədərli, güləyən Vəfa Fətullayevanı unuda bilmir. Çünki Vəfa səhnədə özü idi. Obrazı üstünə biçmirdi, obrazı içindən keçirirdi. İri, qara, mənalı gözləri heç vaxt tamaşaçını aldatmırdı.
   Vəfa gördüyü həyatı olduğu kimi səhnəyə gətirmək, səhnə ilə tamaşaçı arasındakı şəffaf pərdəni bir az da şəffaflaşdırmaq, hərəkətləri, yerişi, duruşu, ürəkdən gələn qəhqəhələri ilə dünyanı tamaşaçıya unutdurmaq istəyirdi. Bəlkə ona görə ki, Vəfa səhnəyə şöhrət üçün gəlməmişdi. Gözünü açandan anasının başında şöhrət çələngi görmüşdü, atasının fırçasında bütün rəngləri çalarına qədər sezmişdi. Vəfa üçün maraqlı olan sənət və sənətin cazibəsi idi. Sənətin içində özgələrinin həyatını yaşayanda Vəfa özü də yaşayırdı.
   O, sənətkar ailəsində dünyaya gəlmişdi. Atası Azərbaycanın Xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ-nin Xalq artisti Hökumə Qurbanova idi. Ancaq o özü olmaq istəyirdi. Rejissorluq fakültəsində oxusa da, fakültəsini dəyişib teatrşünas olmaq qərarına gəldi. Amma teatrşünas da olmadı. Günlərin birində özünü böyük teatrın səhnəsində tapdı. Rejissor Tofiq Kazımov Vəfanı yazıçı-dramaturq İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında Fəridə roluna dəvət etdi. Bu rolu oynamaq onun üçün çətin idi. Çünki tamaşaçılar arasında onun ən həssas tamaşaçısı - anası Hökumə Qurbanova vardı. Amma Fəridə rolunu o qədər özünəməxsusluqla, təbii oynadı ki, tamaşaçı Vəfanı, Vəfa da səhnəni sevdi. “Məhv olmuş gündəliklər” ona uğur gətirdi.
   Bundan sonra Vəfa bir-birinin ardınca tamaşalarda gözəl, yaddaqalan obrazlar yaratdı. İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərində Gülgəz, N.Hikmətin “Məhəbbət əfsanəsi”ndə Şirin, N.Xəzrinin “Sən yanmasan”ında Tənzilə, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ında Şərəfnisə, M.İbrahimovun “Kəndçi qızı”nda Bənövşə rollarını böyük ustalıqla yaratdı.
   “Göz həkimi”, “Alov”, “Atayevlər ailəsi” televiziya tamaşalarındakı rolları isə Vəfa Fətullayevanı milyonlarla tamaşaçıya sevdirdi. Televiziya tamaşalarında Vəfanın bir sənətkar kimi görünməyən tərəfləri üzə çıxdı, Vəfa baş rolların ən yaxşı ifaçısı kimi şöhrət qazandı.
   Sənətdə tapdığı xoşbəxtliyi, görəsən, həyatda necə, tapa bildimi? Bu suala cavab vermək çətindir, ancaq həqiqət budur ki, Vəfa, sənəti sevdiyi kimi, həyatı da, insanları da sevirdi. Nə yazıq ki, 42 yaşında ölüm səhnəsini oynayası oldu. Səhnədə yox, həyatda. Bu, Vəfanın sonuncu rolu idi...
   Yaşasaydı, avqustun 25-də 67 yaşı tamam olacaqdı. Ancaq heç kim onu bu yaşda təsəvvür edə bilməyəcək. Vəfa səhnəmizin həmişəcavan aktrisası kimi qəlblərdə, yaddaşlarda, xatirələrdə yaşayacaq...   

   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar