Azərbaycan
   
   30 avqust 1984 - Görkəmli müğənni, Xalq artisti Rübabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyov) və başqa partiyaları ifa edib.
   
   31 avqust 1863 - Maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətül ətfal" adlı qiraət kitabının müəllifidir. "Qan ocağı", "Saqqalın kəraməti", "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Diş ağrısı" və s. pyeslərin müəllifidir.
   31 avqust 1927 - Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927-10.12.1996) Göyçayda doğulub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Mən atamı düşünərkən”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
   31 avqust 1968 - Cənubi Azərbaycanın tanınmış yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939, Təbriz - 1968) vəfat edib. "Ulduz və qarğalar", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə çevirərək nəşr etdirib.
   31 avqust 2000 - Tanınmış şair,publisist Şahmar Əkbərzadə (28.12.1941, Ağdam, Çəmənli - 2000) vəfat edib. "Həsrət qoxlayıram çiçək yerinə", "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı", "Tüstümüz", "Tikan, gəl öpüşək", "Salam de" və s. şeirlərin müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.
   
   1 sentyabr 1920 - Görkəmli tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 - 16.8.2002) Şəkidə anadan olub. Azərbaycan tarixi” kitabının müəllifi, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olub.
   1 sentyabr 1924 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838 - 1924) vəfat edib. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin köməyi sayəsində fəaliyyət göstərib.
   1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün 30-dan çox kitabın, səhnə əsərlərinin müəllifidir.
   1 sentyabr 1930 - Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2.4.2012) anadan olub.
   1 sentyabr 1937 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1937 - 24.11.2001) Bakıda doğulub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.
   1 sentyabr 2009 - Tanınmış təsviri sənət ustası, Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928, Bakı - 2009) vəfat edib.
   
   2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909-2.7.1984) anadan olub.
   2 sentyabr 1949 - Bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov anadan olub. "Füruzə" operasının, romansların, digər musiqi əsərlərinin müəllifidir.
   
   3 sentyabr 1916 - Rəssam, Əməkdar incəsənət xadimi Əyyub Müseyib oğlu Hüseynov (1916 - 17.4.1998) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Çobanlar” və s.
   3 sentyabr 1931 - Xalq rəssamı, Prezident təqaüdçüsü Oqtay Yusif oğlu Şıxəliyev (1931-31.1.2012) Bakıda doğulub. Azərbaycanın ilk professional monumentalçı rəssamlarından biridir.
   3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur. Televiziya tamaşalarında ("Yollar görüşəndə...", "Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" (trilogiya), "Ac həriflər" və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", “Lətifə", "Qətl günü", “Yuxu”) yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.
   30 avqust 1860 - Məşhur rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.
    31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.
   31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.
   31 avqust 1949 - İngilis-irland əsilli Amerika kinoaktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Doktor “T” və onun qadınları”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çikaqo”, “Gəl, rəqs edək” və s.
   
   1 sentyabr 1875 - Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs, 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.
   1 sentyabr 1945 - Türk yazıçısı Mustafa Balel anadan olub. “Peyğəmbər çiçəyi”, “Asmalı pəncərə”, “Şənbəyə çoxmu var?” (uşaqlar üçün) və s. romanların müəllifidir.
   1 sentyabr 1970 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) vəfat edib. Əsərləri: “Keçmiş zamanların yeniyetməsi”, “Məhəbbət səhrası” və s.
   
   2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
   2 sentyabr 1926 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlmenləri”, “Mimino”, “Payız marafonu” və s.
   
   3 sentyabr 1883 - Rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818-1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu”, “Asya”, “Bahar suları” povestləri və s.
   3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
   3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse (İvan Drusa) anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s. 
   
   Hazırladı: Vüqar Orxan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar