Məşədi İsi, Hacı Hüsü kimi məşhur xanəndələrdən dərs almışdı İslam Abdullayev. Məlahətli səsi ilə dinləyənləri məftun edən Keştazlı Həşimi dinləmişdi, Dəli İsmayıla qulaq asmışdı, Mirzə Muxtardan öyrənmişdi. Amma maraqlıdır ki, ustadlarından fərqli bir ifaya, boğaza malik idi İslam Abdullayev.
   
   Öz xatirələrində də muğamları bu sənətkarlardan əxz etdiyini bildirsə də, onun sinəsindən qopan «Segah»ın tayı-bərabəri yox idi. Elə ki Sadıqcan tarı döşünə sıxırdı, İslam Abdullayevin bütün duyğuları məhz «Segah» üzərində qovrulurdu. O, bu məşhur muğama yeni-yeni guşələr, xallar əlavə etmişdi. Bütün ifaları təkrarsız idi İslam Abdullayevin.
   Sadıqcan onu ilk dəfə məclisə çıxardı. Öz oğlu Əsədullanın toyuna gətirdi. Həmin məclisdə Mir Möhsün Nəvvab da iştirak edirdi. İslam Abdullayev «Segah»ı ilə məclis əhlini heyrətdə qoydu. Elə bu toyla da onun şöhrəti başlandı, səsi-sorağı Qarabağın bütün məclislərindən, Gəncə, Şəki, Şirvan ellərindən gəldi. Hətta İranın Rəşt şəhərində düzənlənən məclislərdə Tehranın məşhur xanəndələri ilə bir araya gələn İslam Abdullayev yenə də «Segah»ı elə ifa etdi ki, bütün məclis əhli onun yanıqlı səsinə, avazına, qeyri-adi zəngulələrinə məftun kəsildi.
   Musiqişünas Firudin Şuşinski yazırdı: «XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində «Segah» muğamını İslam Abdullayev kimi mükəmməl və incə zövqlə oxuyan ikinci bir xanəndə olmamışdır. Seyid Şuşinski söyləyərdi ki, İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən «Segah» oxuyardıq». Həqiqətən də, İslamın «Segah»ı Cənubi Qafqazda, hətta Yaxın Şərqdə belə məşhur idi. Bu səbəbdən də ona el arasında «Segah İslam» deyərdilər.
   İslam Əbdül oğlu Abdullayev 1876-cı ilin qışında Şuşa şəhərində doğulub. İlk təhsilini doğma şəhərdə alan İslamın musiqiyə böyük həvəsi vardı. Atası Əbdül kişi də bunu hiss etmişdi. Çünki İslam musiqi təhsili almaya-almaya, muğamın sirlərini öyrənməyə-öyrənməyə «Qarabağ şikəstəsi»ni elə vəcdlə oxuyardı ki, valideynlər görərdilər, Şuşanın az qala yarısı onların məhəlləsinə toplaşıb. Əlini qulağının dibinə verərək özünü bu möhtəşəm muğamın ahənginə tapşıran İslamın isə onu sevənlərdən, səsinə vurğun kəsilənlərdən xəbəri olmazdı.
   Onun məlahətli səsindən xəbər tutan Mir Möhsün Nəvvab tezliklə gənci özünün «Xanəndələr məclisi»nə cəlb edib. Beləliklə, o, dövrünün məşhur ustadlarından dərs alıb, öyrənib, muğamın sirlərinə, pərdələrinə, guşələrinə daha dərindən bələd olub. Unudulmaz Bülbülə məxsus fikirdir ki, İslam öz həmkarlarından daha çox fərqlənirdi. Heç vaxt Azərbaycan şairlərinin qəzəllərini qoyub başqa dildə (o dövrdə farsca oxumaq dəbdə idi) oxumazdı. Ən çox sevdiyi də Füzuli, Zakir və Qumrinin qəzəlləri olardı. Xatirələrdən bəlli olur ki, İslamın «Segah»ına sakit ürəklə qulaq asmaq mümkün deyildi. Onun səsində nə sirr vardısa, ürəyi titrədirdi.
   Sənətkar, adətən, bütöv yaradıcılığı və böyük ədəbi irsi ilə məktəb yaradır. İslam Abdullayevin təkcə «Segah»ı gənc xanəndələr üçün bir məktəb idi. Bülbülün özü, Xan Şuşinski, sonralar Zülfü Adıgözəlov, Həşim Kələntərli, Sürəyya Qacar və başqaları «Segah»ı məhz İslam Abdullayev kimi ifa etməyə çalışıblar. Əslində, Azərbaycan xalqı «Segah» muğamını daha çox sevir. Çünki bir sıra xalq mahnıları, el havaları, hətta bayatılar, oxşamalar «Segah» muğamı üstündə qurulmuşdu. Bir də taleyimizin havası da «Segah»a çox uyğun gəlir.
   Firudin Şuşinskiyə görə, bizim muğam musiqimizdə «Segah»ın üç növü məşhurdur: «Zabul Segah» (buna «Orta Segah» da deyirlər), «Mirzə Hüseyn Segah»ı, bir də «Yetim Segah»ı (bəzi hallarda «Xaric Segah»). İslam Abdullayev bu «Segah»ların üçünü də özünəməxsus tərzdə ifa edib. İş o yerə çatıb ki, İslamı dinləyənlər sonra bu «Segah»ı kimin ifasında eşitsələr, bəyənməz və qəbul etməzdilər. Hətta bəzən əsəbiləşərək «sən «Segah» oxumursan», - deyərdilər. «Segah» ifa etmək həqiqətən çətindir. Bu, ifaçıdan həm yanıqlı, şirin, kədərli səs, həm də qəşəng xallar, nisgilli nəfəslər, incə xırdalıqlar, melodik bəzəklər vurmaq məharəti tələb edir. Təbii ki, bunları da süni surətdə, aktyorsayağı yerinə yetirmək mümkün deyil. Çünki səsin bu rəngləri elə bir vergidir ki, onu sənə Allah bağışlamalıdır. İslam Abdullayev də sanki «Segah» ifası üçün doğulmuşdu. Onun səs tembrində, ifaçılıq manerasında qeyri-adi bir qəm duyulurdu. Buna görə də İslamı dinləyənlər ondan doymurdular.
   Seyid Şuşinski xatirələrində belə bir əhvalat qələmə alıb: «Ağdamda toy məclisində olarkən məndən «Segah» oxumağı xahiş etdilər. «Mirzə Hüseyn Segahı»nı oxudum. Başa çatdıran kimi dinləyicilərdən biri mənə müraciət etdi:
   - Ağa, biz «Segah» istəyirik.
   Mən «Zabul Segah»ı oxudum, yenə də narazı qaldılar. «Yetim Segah»ı oxudum, qəbul etmədilər. Məclisdə əyləşən bir ağsaqqal dilləndi:
   - Ağa, sən oxuduğun «Segah»larda «Keçər qürbətdə ömrüm ah ilə, bir həmzəbanım yox» sözlərini eşitmədik.
   Dərhal anladım ki, məclis əhli İslamın «Segah»ını istəyir. İslam həmişə «Yetim Segah»ı oxuyanda şair Qumrinin məşhur qəzəlindən istifadə edərdi. Gör İslam xalqın qəlbinə necə yol tapmışdı ki, onun oxuduğu qəzəlləri belə əzbər bilirdilər”.
   İslamın səsinə adi dinləyicilər deyil, məşhur xanəndələr də ehtiramla qulaq asardılar. Yaşlılar da, cavanlar da, onu eyni məftunluqla qarşılayırdılar. Onlar İslamdan öyrənmək istədiklərini gizlətmirdilər. Hətta belə bir əhvalat danışırlar ki, Cabbar Qaryağdıoğlu da İslamı toyda, mərəkədə görəndə çox sevinərdi. Həmişə də xahiş edərdi ki, «Segah» oxusun. Bir dəfə də belə məclislərin birində Qurban Pirimov çalıb, İslam Abdullayev də oxuyub. Ustad xanəndə Cabbar Qaryağdıoğluna elə gəlib ki, tarın qeyri-adi səslənməsidi İslamı belə yanıqlı oxudan. Ona görə bir müddət özü də Qurbanla məclislərə gedib, amma sonralar etiraf edib ki, İslamın nəinki Qarabağda, cümlə ətraf bölgələrdə də tayı yoxdur.
   İslam Abdullayev 1910-1915-ci illərdə səsini qrammofon valına yazdırıb. Onun böyük məharətlə ifa etdiyi «Yetim Segah», «Bayatı-Kürd», «Bayatı-Qacar», «Kürdü-Şahnaz», «Mahur-Hindi», «Şüştər», «Şikəsteyi-fars», «Səttarxan», «Çalpapaq», «Süsən sünbül», «Axşam oldu», «Yeri, dam üstə, yeri», «Hər nə oldu, mənə oldu» və s. muğam, təsnif, xalq mahnıları musiqi mədəniyyətimizin inciləri sayılır.
   Pedaqoji fəaliyyətlə də məşğul olan muğam ustadı İslam Abdullayev Şuşa, Ağdam musiqi məktəblərində dərs deyərək gənc xanəndələrin yetişməsində böyük zəhmət çəkib. Onun tələbələri arasında Xan Şuşinski, Qənbər Zülalov, Sahib Şükürov, İldırım Həsənov, Yaqub Məmmədov kimi azman sənətkarlar olub.
   Uzun illər muğam ifaçılığı sahəsində fədakarlıq göstərən bu şuşalı sənətkar xalq arasında əsl qiymətini alaraq «Segah İslam» adını qazandı. Onun əməyi dövlət tərəfindən də yüksək dəyərləndirilib. O, respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, bir neçə medalla da təltif edilmişdi.
   Azərbaycan vokal sənətinin görkəmli nümayəndələrindən biri kimi hörmət və ehtiramla xatırlanan İslam Abdullayev haqqında Xalq şairi Səməd Vurğun vaxtilə deyib: «İslamın yaxşı cəhəti odur ki, onun «Segah»larında Azərbaycan ruhu daha çoxdur». Təbii ki, bu məziyyət də ancaq həqiqi sənətkarlara məxsus olur. 88 yaşında dünyasını dəyişən bu muğam ustadı yada düşəndə dərhal «Segah İslam» kəlməsi məhəbbətlə ətrafa yayılır.

   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar