Kabus illərin salnaməsi
   
      
   Və ya nur saçan ömrün kor taleyi
   
   O, xalqına elm, ürfan vermək naminə həyatın ən ağır məşəqqətlərinə dözdü, gözünün nurunu əritdi. Vətən, millət sevdasının ən ağır cəzasını gözləri ilə çəkdi, onları xalqının taleyinə, tərəqqisinə fəda etdi. Ömrünü dünya işığına həsrət başa vurmaqla həm də gözləmədiyi ağrılara, sarsıntılara üsyan etdi, həyatının mənasını, səadətini, qadın, ana, yurddaş sevgisini ona xor görmələrini içinə sindirə bilmədi. Ağladı, ağladı və sonda gözlərinin nurundan məhrum oldu.
      
   «Böyük imperiya»nın, xalqlara, millətlərə azadlıq, firavanlıq «gətirən» rejimin, quduz repressiya azarının növbəti qurbanı da o oldu. Maarif qaranquşu, təhsil bələdçisi Məryəm Bayrəməlibəyova-Məlikyeqanova. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Cavad bəy Məlikyeqanovun xanımı, sevimli müəllimə, xalqının əndər ziyalı qadınlarından, əsl fədailərindən biri.
   
   Cənub mirvarisinin təhsil elçisi
   
   O, 1898-ci ildə Lənkəranda dünyaya göz açmışdı. Soyuq yanvar günlərində tanınmış müəllim, ziyalı Teymur bəy Bayraməlibəyovun ocağına istilik, hərarət, bahar nəfəsi gətirən bu qızcığaza Məryəm adını verən ata beləcə, onunla bağlı arzu və istəklərini də dilə gətirmişdi. Dövrünün qabaqcıl düşüncə sahibinin evində böyüyən 9 uşaqdan biri də Məryəm idi. Amma qardaş-bacılarından bir az fərqli düşüncəli, daha azadfikirli və cəsarətli idi. Bunu atası hələ o uşaq ikən sezmişdi. Əslində, yaşadığı dövrün ötkəm bir xanım üçün nə qədər çətin olacağını anlasa da, qızının bu xasiyyətinə, qoçaqlığına sevinmişdi də.
   Yaşadığı dövrün çətinliklərinə, maddi və mənəvi sıxıntılarına rəğmən bütün övladlarının təhsil almasına nail olan ata ələlxüsus da Məryəmin taleyində mühüm rol oynamışdı. Elə buna görə o da atasının yolunu davam etdirməklə insanları maarif işığına toplamaq kimi bir şərəfli işə atılmaq qərarına gəlir.
   1905-11-ci illərdə Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin yaratdığı müsəlman qızlar məktəbində oxuyan Məryəm orta təhsilini “Müqəddəs Nina" məktəbində tamamlayır. Sonra ali təhsil almaq məqsədilə Moskvaya yollanır və orada Tibb İnstitutuna daxil olur. Amma həm təhsil haqqı, həm də yaşayış məsrəfləri gənc tələbə üçün problemə çevrilir. Lakin ağıllı və çevik düşüncəli Məryəm vəziyyətdən çıxış yolunu taparaq təhsil və yaşayış məsrəflərini qarşılaması xahişi ilə Bakının məşhur milyonçusu Murtuza Muxtarova məktub ünvanlayır. Neft sahibkarından müsbət cavab alan Məryəmin bu sevinci uzun sürmür. 1917-ci ildə Rusiyada başlayan məlum inqilab onu Moskvanı tərk etməyə məcbur edir. Ali təhsilini yarımçıq qoyub Bakıya qayıdır.
   
   Amma bu onu sarsıtmır
   
   Bakıya qayıdan gənc qız müxtəlif iş təklifləri alsa da, əsas missiyasını yerinə yetirmək - bilik və bacarığını başqalarına öyrətmək üçün doğma şəhəri Lənkərana qayıtmağa qərar verir. Burada qızları təhsilə cəlb etmək üçün məktəb yaratmalı idi. Təbii ki, bu işin çətinliyini də dərk edirdi. Amma böyük arzular onu doğma şəhərinə apardı. Burada qapı-qapı gəzib qızları bir araya toplamağa, elmin, təhsilin onlar üçün əhəmiyyətini hər kəsə anlatmağa çalışır. Beləcə, bütün çətinliklərə rəğmən qızlardan ibarət məktəb açmağa müvəffəq olur.
   Məryəm xanımın xatirələrini vərəqləyərkən onun keçdiyi yolun mürəkkəbliyini bu məqamda daha aydın sezmək olur. Çox çətinliklə də olsa, 10-12 qız uşağını bir araya gətirib 1918-ci ildə arzusunda olduğu məktəbini açır. Balaca məktəbdə özünə böyük dünya, sonsuz arzular kəhkəşanı yaradan müəllimin maarifçilik, mütərəqqi ideyalarından rişələnən 10-12 qızdan biri də Azərbaycan səhnəsinin ilk qadınlarından olan görkəmli sənətkar, Xalq artisti Həqiqət Rzayeva idi. O, uşaqlıq illəri ilə bağlı xatirələrində sevimli müəlliməsi barədə deyirdi: “Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi".
   Bir müddət Lənkəranda yaşayıb qızlara ilk ibtidai təhsil verən Məryəm xanımın sonrakı həyatı Bakı ilə bağlıdır.
   
   Böyük şəhərdə böyük amallara doğru
   
   1921-ci ildə o, siyasi hadisələr fonunda xeyli dəyişən Bakıya gəlir. Yenicə formalaşan sovet hökumətinin fəaliyyətində əsas yer tutan təhsil işinə atılır, müəllimlik peşəsini davam etdirir. Paralel olaraq ictimai işlərdə də fəallıq göstərir, 1921-23-cü illərdə Həmkarlar İttifaqının Qara şəhərdəki təcrübə məktəbində çalışır. Ümumilikdə bu illər ərzində ayrı-ayrı məktəblərdə, seminarlarda, texnikumlarda həmkarlar ittifaqı katibi vəzifəsini icra edir. Bu ictimai-mədəni aktivliyi sayəsində 1925-ci ildə Bakıda keçirilən Azərbaycan Müəllimlərinin I Qurultayının nümayəndəsi seçilir.
   Şəhərin mədəni həyatında aktiv fəaliyyət göstərən Məryəm xanımın yazıları dövrün aparıcı mətbu orqanlarında mütəmadi dərc olunmağa başlayır. «Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" dərgilərində təhsil, təlim-tərbiyə mövzularında maraqlı çıxışlar edən ziyalı xanımı tezliklə gözü götürməyənlər də tapılır.
   
   Kölgəsindən qorxanların hədəfi
   
   Məryəm xanımın həm artan nüfuzu, şəhərin mədəni mühitindəki özünəməxsusluğu, həm də Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri, həyat yoldaşı Cavad bəy Məlikyeqanovun keçmişi onu qarabaqara izləməyə başlayır. Əslində, bu fitnə-fəsadın kökündə elə məhz Cavad bəyin siyasi fəaliyyəti dururdu. Qarabağ bəyləri nəslindən olan Cavad bəy Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvlərindən idi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın İstiqlal Bəyannaməsinə imza atmış, Xalq Cümhuriyyətinin qurulmasında mühüm xidmətlər göstərmiş, parlamentin üzvü, Həmkarlar İttifaqları Təşkilatının qurucularından biri olmuşdu. Sovetləşmədən sonra onun da adı “qara siyahı”ya düşmüşdü. 1931-ci ildə “Müsavat” partiyasının gizli üzvü olmaqda ittiham edilərək həbsə atıldı, 10 il müddətinə uzaq şimalda sürgün həyatı keçirdikdən sonra elə orada (1942-ci il) vəfat etdi.
   Amma bu da quduz rejimin ürəyini yumşaltmamış, “xalq düşməni” damğası vurulmuş Cavad bəyin ailəsinə - xanımına və üç övladına təzyiqlər daha da artmağa başlamışdı. Gizli təqiblər, açıq hədələr, yalan xarakterli məlumatlar, uydurma ittihamlar və…
   
   Sürgündə keçən illər
   
   O da minlərlə Azərbaycan ziyalısının aqibətini yaşadı. Uzun-uzadı dindirilmələr, gülünc ittihamlar, saxtakarlıqlarla dolu məhkəmə proseslərinin sonunda "xalq düşməni" adı ilə uzaq Arxangelskə sürgün edildi. Səkkiz il məşəqqətlərə, məhrumiyyət və təhqirlərə məhkum bir talenin yükünü çəkdi. Bütün bu əzablara göz yaşları, parçalanan ürəyi ilə müqavimət göstərməyə çalışsa da, gözləri tutuldu, sürgün həyatını dünya işığından məhrum olmaq kimi bir ağır cəza ilə başa vurdu.
   1948-ci ildə günahsız «günahkar»ın cəza müddəti başa çatdı və o, Bakıya qayıtdı. Amma əzablar bununla da bitmədi. Uzun illərin övlad həsrətinə baxmayaraq, ona uşaqları ilə birgə yaşamağa icazə verilmədi. Yalnız 1956-cı ildə bəraət aldıqdan sonra illərlə üzünə, nəfəsinə həsrət qaldığı balalarına qovuşdu. Amma keçən illər, yaşanan əzablar öz izlərini həyatın bütün məqamlarında göstərdi. 90 il ömür sürsə də, bu illər Məryəm xanıma keçdiyi əzablı günləri unutdura bilmədi. Elə o əzablarla da dünyasını dəyişdi. Beləcə, vətən, millət yolunda fədakarlıqlar içində yaşanmış ömür başa çatdı.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar