Mədəniyyət tariximizdən
      
   
   Xalq şairi Səməd Vurğun 1940-cı ildə «Pravda» qəzetində dərc edilmiş məqaləsində yazırdı: «Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar, demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları... Şuşada doğulmuşdur...”.
   
   Şuşanın musiqi mərkəzi kimi məşhurlaşması onun havası, bulaqları, səfalı meşələri, bir sözlə, füsunkar təbiəti ilə bağlıdır. Hətta belə bir ifadə də formalaşıb ki, Şuşanın uşaqları «Segah»da ağlayar, «Şahnaz» üstündə gülərlər. Əbdürrəhim bəy Haqverdiyev qeydlərinin birində göstərib ki, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Qafqazın harasına getsəydin, orada Qarabağdan musiqiçi - çalğıçı, oxuyan görərdin. Firudin Şuşinski isə belə yazırdı: «Şuşa Qafqazın konservatoriyası, həm də vokal məktəbi kimi də bütün Yaxın və Orta Şərqdə məşhur idi... İtaliya vokal məktəbi Avropada musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq mədəniyyəti tarixində eyni zirvədə dayanır». «Kaspi» qəzeti də 1900-cü il 12 avqust sayında yazırdı: «Vaxtilə Şuşanı «Qafqazın İtaliyası» adlandırmışlar».
   Aparılan arxiv materiallarından və tədqiqatlardan bəlli olur ki, Azərbaycanda ilk musiqi məktəbi XIX əsrin axırlarında Şuşada, sonralar isə Şamaxı və Bakıda açılıb. Şuşada musiqi məktəbinin yaradıcısı məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğlu idi. O, 1823-cü ildə Şuşada doğulub. Mir Möhsün Nəvvab təzkirəsində yazırdı: «Qulunun atası Məhəmməd İbrahim xan nağaraçalan olub. Mən onu görmüşəm. Eyş məclislərində nağara çalardı, oyunbaz idi, bazarda car çəkərdi. Ancaq oğlu Kərbəlayı Qulu xoş görünüşlü bir kişi idi. Farsca savadı var idi... Məşğuliyyəti dülgərlik idi. Axır vaxtlar şəbihgərdanlıq (dini dramlarda rejissorluq - F.X.) edirdi».
   Firudin bəy Köçərli «Azərbaycan ədəbiyyatı» kitabında yazırdı: «Kərbəlayı Qulunun sənəti xarratlıq idi. Çox dəqiq və əhli-zövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz, mehriban tutardı. Öz sənətində artıq məharəti olduğu kimi, elmi musiqidən də xəbərdar idi».
   Beləliklə, Qulu həm bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Bu sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur.
   Xarrat Qulunun təşkil etdiyi məktəbdə 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, məktəbə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamatı oxumaq qaydalarını öyrədərdi. O zaman bu məktəb əslində dinə xidmət məqsədilə yaradılsa da, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynadı. Danılmaz faktdır ki, Xarrat Qulunun musiqi məktəbi bir sıra ustad sənətkarların yetişməsinə səbəb olub. Azərbaycanın görkəmli xanəndələrindən Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Dəli İsmayıl, Bülbülcan, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan Xarrat Qulunun yetirmələridir. Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq Şuşada musiqinin nəzəri məsələlərinə dair əsərlər də yaranırdı. Bu sırada məşhur alim və şair Mir Möhsün Nəvvabın adı mütləq qeyd edilməlidir.
   O dövrdə Şuşada məhərrəmlik təziyəsinin keçirilməsi xüsusi hazırlıqla qeyd edilirdi. Dini mərasim on gün davam edərdi. Bütün sənətkarlar, tacirlər öz emalatxana və dükanlarını bağlayaraq bu işə cəlb olunardı. Dini tamaşaların hazırlanmasında Xarrat Qulunun özü və yetirmələri iştirak edərdi. Xüsusilə də o dövrdə Molla Pənah Vaqifin dini şeirləri oxunardı. Bu təziyə ilə əlaqədar bir çox maraqlı hadisə və rəvayətlər də günümüzə gəlib çatıb.
   Əslində şəbihgərdanlığın xanəndəliyin inkişafına müəyyən təsiri olub. O səhnələri həm də ilk teatr tamaşaları da adlandırmaq olar. Xarrat Qulu adətən şəbih rollarını öz adamları arasında bölərdi. Bu barədə Firudin Şuşinski yazırdı: «Şümür rolunu oynamağa heç kəs razı olmazdı. Çünki Şuşada kim Yezid, Haris və Şümür rolunu oynasa, şəhər əhli həmin adamları bu adla çağırarmış. Təsadüfi deyildir ki, Şuşada Qurdlar məhəlləsində yaşayan Cavad kişiyə Yezid Cavad, Köçərli məhəlləsində yaşayan Sarı Bəşirə Haris Bəşir deyərdilər».
   Bu səbəbdən də Xarrat Qulu əlacsız qalaraq bazarda kartof satan bir erməniyə on manat qızıl pul verərək Şümür rolunu oynamasına razılıq alıb. Xarrat Qulu onunla məşq edib və tapşırıb ki, səndən kim su istəsə verməyəcəksən. Erməni öz «rejissoru»nun tapşırığını yerinə yetirəcəyinə söz verib. Su istəyənlərə isə sonda belə deyib: «Mən sizə su verə bilmərəm. Xarrat Qulu pulumu kəsər». Tamaşaçılar da gülüşüb, şəbih də pozulub.
   Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Ölümündən sonra Kor Xəlifə adlı bir musiqişünas onun yolunu davam etdirərək Şuşada musiqi məktəbi açıb. Kor Xəlifədən sonra isə məktəb öz fəaliyyətini dayandırıb. Buna baxmayaraq Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, dərnəklər yarandı. Xarrat Qulunun musiqi məktəbindən, Mir Möhsün Nəvvabın, Xurşidbanu Natəvanın məclislərindən sonra təkcə Şuşada deyil, Qarabağda, bütün Azərbaycanda silsilə şəklində məktəblər çoxaldı, mədəni həyatın inkişafı öz axarı ilə getməyə başladı. Bütün bunlara rəğmən Azərbaycan musiqi dünyasının ilk təməli məhz Şuşada qoyulub. Onun əsas yaradıcılarından biri də haqqında danışdığımız Xarrat Qulu olub.
   Xarrat Qulu həm də yumoru sevən, məzəli danışmağı bacaran hazırcavab adam idi. Deyilənə görə, bir dəfə bərk xəstələnib. Yerli həkimlər onu müalicə edə bilməyiblər. Bir alman həkimi ustadı müayinə edərək dərman yazıb və başının da altına bir qızıl beşlik qoyaraq deyib: «Get, bu pulla dərman al, özün üçün xərclə, sağalacaqsan. Belə də olub. Tezliklə Xarrat Qulu sağalaraq ayağa qalxıb. Qohum-əqrəbaları, qonum-qonşuları həkimə dua edərək minnətdarlıqlarını bildiriblər:
   - Yaxşı həkim idi o kişi. Allah onu saxlasın, dinə, imana gətirsin.
   Xarrat Qulu isə üzünü onlara tutaraq deyib:
   - Siz Allah, qoyun dinə-imana gəlməsin, gəlsə, sizin tayınız olacaq.
   ...Üç sənətin bilicisi adlandırılan Xarrat Qulu ağacdan gözəl əşyalar, fiqurlar, qəlyanlar, müxtəlif milli musiqi alətlərinin əsas hissələrini düzəldərdi. Gözəl səsi vardı. Ona muğam ustası da deyərdilər. Həm də istedadlı şair idi. Mir Möhsün Nəvvabın təzkirələrində rübailəri, qəzəlləri bizə yadigar qalıb. Eləcə də müasirləri olan şairlərlə apardığı deyişmənin də poetik mətni günümüzə gəlib çatıb. O, rübailərinin birində deyirdi:
   
   Hər nakəsə veribdi xuda pulun ağını,
   Ancaq rəva görübdü bizə qəm qalağını.
   Küfr olmasa, bu qismətə mən bəhs eylərəm,
   Çün bilməyibdi xəlqə qismət səyağını.

   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar