Şuşa ailəsinin növbəti oğlu, Azərbaycan aləminin təkrarsız bülbülü - Bülbül!
   
   Bir xeyli fikirləşəndən sonra yazımı bu başlıqla başladım, sonra da bir xeylaq düşünüb gördüm, təzə heç nə yoxdur bu sözlərdə; formaca təkrari, məzmunca təkriri...
   Daha sonra, əlli ilə yaxındı dinləməkdən “boyat”laşdırdığım bu səsin lent yadigarlarına yenidən qulaq asıb, gördüm bu avaz elə yenə təzə, yenə yenidir. Gördüm, payız kimi qızılı, qış təki bəyaz, yaysayağı qaynar bu səs-səda əbədən üzü bahara, yönü yazadır...
   
   Bir azdan onun zəngulələrilə qanadlanan xəyalım da gəzib-dolaşdığı məkanlarda qəribə əlamətlər tutub, qənimət qənaətlərə gəldi. Birində belə bir hal-əhval gördü ki, güllü aləmlərçün ötən təbiət bülbülləri - nə qədər xoşavaz olsalar da - birrəng səslənir, qəlib-qalıb cəh-cəhlənir, bu cəmiyyət Bülbülü isə min bir bəh-bəhlə (bu “cəh-cəh”-“bəh-bəh” qafiyəsi qələmimi bir anlığa durdurub, məni indiki xəyallıqdan qırx il öncəki bir reallığa apardı. O vaxtlar aşıqlarımızın çoxusu qızdan-gəlindən həyalı sazımızı orden-medallı sinələri üstə basıb, bu ağzıdualı xalqı kommunizmə doğru, Kremlə sarı səsləyirdilər və qələmi laübalı “xalq düşmənləri” də hərdən nadinclik edir, belə-belə atmacalar yazırdılar: “Aşıq Əh-əhov “cəh-cəh”i “bəh-bəh”lə əvəz etmişdir. Bu, aşiq-aşığın canını “ah-ah”dan qurtarmışdır”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1972). Qanadlanan xəyalım o məkanların başqa birisində duydu ki, damcılar, şır-şırlar, bulaqlar, küləklər, yarpaqlar... kimi müxtəlif təbii “alətlər” təbiətin vahid ana ansamblında eyni nəğmələri, rəqsləri təkrari bir idilliklə ifa edirlərsə, cəmiyyətin bu canlı konservatoriyası, ünlü filarmoniyası, monokapellası hər xalı, hər detalı təkrarsız bir aşiqanə üyültü, sevilti, pıçıltı, nərilti, hayıl-mayıltı ilə əyan-bəyanlayır.
   Amma çox təəssüf ki, bütün mahiyyəti, mədəniyyəti, yaradıcı kompleksilə bənzərsiz olmuş təkrarsız sənətkar haqda bu yazımda ötən illərkilərdən birində toxunduğum bir məsələni təkrar verməli oluram. Təəssüfümə səbəbsə bu ki, bu çoxtərəfli və çox şərəfli sənətkara başqa bir rakursdan da baxar, ona dair intəhasız sevgilərimdən bir az da bəhs edib yüngülləşər, “Sevgili canan”lara, “Sənsiz”lərə, “Koroğlu” dəlilərinə timsal tamaşaçı-oxuculara öygülərimin gəzilməmiş bir talasında da bələdçilik edərdim. Beləliklə;
   
   O, kim idi?

   
   İnternetdə bəzi adi sənətbazlar haqda “cikindən-bikinə” tutumlu vikipedik dosyelər verildiyi halda, bu qeyri-adi sənətkar barədə çox yığcam məlumat yapılıb. Bu təqdimatın “epiloq”undakı “tezbazar”lıq, ortalığındakı dramatik qaçhaqaçlıq bir yana, “proloq”undakı “qrammatik”lik məni daha çox məyus etdi: “22 iyun 1897, Xanbağı, (Şuşa) - 26 sentyabr 1961, Bakı”. Əcəba, demirsizmi birdən, məsələn, hər gün-hər saat efir-ekranda Qarabağa dair “hələ də susurlar” deyə ərk-görk edib gileyləndiyimiz BMT-çilər, Minskçilər, AŞçılar (bütün yadelli başçılar) bu bəşəri sənətkarın hər hansı bir ifasından feyzlənib, onun bioqrafiyası ilə də tanış olmaq istədilər. Belədə nə görəcəklər? Onun yurdunun - Şuşanın öz qələmimizlə mötərizəarası işğala da salınmasınımı? Nədən o “Qırxqız”, “Topxana”, “Meşəli”, “Cıdır düzü”, “Xankəndi” toponimlərinin doğma, ekiz qardaşı olan “Xanbağı” kimi dadlı ad haqda bir qırnıq siyasi-etnik məlumat, bir abzaslıq ədəbi-publisistik təəssürat verilməsin? Hələ bu gün də “mətin bolşevik”lər haqda fəxrlə (“Əməyi güllər açan Sərdarı, Bünyadı var”) oxuduğumuz halda, niyə burada yazılmasın ki, bu ilahi səsi, dahi müğənnini bir əslən-nəslən qarabağlı ana anamız Qarabağın bir ocağından digərinə qonaq gedərkən məhz o Xanbağında dünyaya gətirib, gələcək “rəqiblik ehtimalından” səs-səsə vermiş bülbüllərin cəh-cəh sədaları altında doğub. Nə üçün hər hansı bir ədəbi-üslubi qurğu ilə vurğulanmasın ki, bu qədər sənət ağaları yetirən o torpaq, nə əcəb özlərini buranın kökən etnosu adlandıran o dığaların bircəciyinə belə sənət südü əmizdirməmiş olsun?!.
   Bəli, mədəniyyətimizin bu ecazkar səs, avaz, poetik hənirti, folkloranə üyültü, professional nərilti, bəşəri dinlənti - bir sözlə, sənətstan, opera, musiqi, vokalstan obrazı hər yerdə, hər nüansda onun özünə layiq təqdim, təfsir və təmsil edilməlidir. Çünki o, bu gün çoxlarının rəsmi titul kimi daşıdığı “Xalq artisti” adını xalqın Bülbülü nam-nişanında daşıyıb və əbədən də daşıyacaq.
   O, kim idi? Özündə çox geniş mətləblər ehtiva edən bu suala çox konkret cavab verməli olsaq, belə də demək olar:
   
   Ayrıca sənətkarlıq erası...
   
   Bülbülün professor, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbimizin banisi olması öz yerində, onun ümumi fəaliyyət faktları, yenilikçi yaradıcılıq aləmi, ifaçılıq taktları ayrıca bir institutdur. Onun oxuyacağı hər hansı bir mahnının, təsnifin, ariyanın ilk sözünə qədərki sədaları bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç dəqiqə çəkən bu şifahi əsərlərin ilk misrasına verdiyi xarakter “məqsədli aspirantura”dır. O əsərlərin son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr müdafiəyə ehtiyacı olmayan “dissertasiya”lardır.
   Bir kərə Bülbül haqda bir televiziya verilişinə hər “növ” intellekt, səviyyə zümrələrilə birgə baxırdım. Bu böyük mərasim sahibinin özü də böyük adam idi, qonaqlıq təşkil etdiyi otağı, televizor cihazı da.
   Bu böyük, geniş otaq-salonda böyüklərin bir qulağı və bir gözü ekranda olsa da, əsasən, öz aləmlərində idilər. Balaca bir qızcığazsa döşəmədən tapıb, üfürə-üfürə başı üzərində o yan-bu yana qovduğu zərif, pırpız bir tükcüyün dalınca qaçmaqda idi. Bülbül isə “Səndən ayrı” ariyasındakı hicr dolu zəngulələrlə qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “ah, Nigarım!” - deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət “qov”unu qovmaqda ola-ola, məclisin aşağı başında oturmuş anasını çox ucadan səsləyərək: “Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə, yazıxdı!” - dedi.
   Bu təmiz uşaq səsi, uşaq sözü o məclisi diriltdi. Buradakı bütün yar-yoldaşlar, qohum-qardaşlar həm də vətəndaş oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans, milli bir məclis alındı. “Kələm qonaqlığı”ndan kəlam mərasiminə çevrilən o yığıncağı “giriş sözü” ilə elə o qızcığazın atası açdı. Dedi ki, Bülbülün səsi eşq adlı əbədi müəmmanı Füzulinin sözünə, Üzeyir bəyin musiqisinə bir az da qüvvət verməklə, daha da açıb-aydınlaşdırır. Belə məclislər üçün hələ naşı olan bir tələbə qız çəkingən tərzdə buyurdu ki, Bülbülün səsində bütün ataların - yəni kişilərin bütün analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik iddialılığını kompensasiya etmək cövhəri var. O gözəl tələbə qızla üzbəüz oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət haqda deyilməmiş, yazılmamış bütün fikirləri ifadə edir, hə?”. Gənc professorun müzakirə obyektinə tərifdən çox, qarşısındakı gözəl, canlı qəzəl subyektə yönəlik komplimentə bənzəyən bu sözlərinin fonunda veriliş aparıcısı Bülbülün həm də fenomenal professor şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, təhsil aldığı İtaliyanın “Haribaldi” ordenləriylə təltif edilməsindən danışırdı. Bu uzun titul sadalamasından canı darıxan ağsaqqal bir sürücü başını başlara qoşub: “Ay zalım oğlu, bu mükafatlar mənim onun səsinə vurğunluğumun yanında nəmənə şeydi?! Kişinin məcunlarından birini də səsləndirin, dinləyib dirilək də!” - dedi. Bu kələ-kötür “çıxış”dan sonra “Nuhun gəmisi” timsallı “xalq” susdu. Hamı yaxşı tanıdığı, düzəltdiyi əşyalara nəfəsdən başqa hər şey verə bilən Dəmirçi Aydına baxdı. Dəmirçi çəkic-zindan sədalı səsiylə çox qısa, bircə nəqaratlıq nitq elədi: “Bülbüldən zövq almaq üçün gərək onu dinləyərkən bir sən olasan, bir də özün...”
   O “beynəlzümrə” yığıncaqda mən də bir-iki kəlmə dedim, amma deyəsən, ən diqqətcil dinləyicim də elə özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda həm ifaçı olub, həm dinləyici, tamaşaçı, tənqidçi, təlimçi, münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki zəif söz, misra və bəndlərə ecazkar səsi ilə elə bir şəkər “iksir”i qatır ki, heç kəs daha o fikrin mənasına varmır. Sözlər, fikirlər güclü olanda isə səsinin şaqraqlıq hakimiyyətini, hicr cəngi-cidalını, vüsal həsrətli emosiyaları yığışdırıb bir kənara çəkilir, bütün diqqətləri deklamasiya etdiyi sözlərə yönəldir. Məsələn, “Bir gün evlərinin lap qabağından, Titrəyib keçdiyim yadıma düşdü”üü... a-man, a-man, aay a-maaan...”
   Yemək-içmək, geyinib-kecinib özünü reklam etmək məclislərində sözün vəziyyətinin necə naqolay olduğunu hamı bilir. Bu laqeydliyi boynuna alıb etiraf edən bir kəs isə, deyəsən, hələ anasından olmayıb. Elə məhz buna görə mən o məclisdə bu ifanı pisdən-yaxşıdan təqlid də etdim və həzarat da bundan diksinib, bir balaca diqqətcilliyə vardı. Bu yazıda isə (heyf ki, yazıda oxumaq olmur)...
   
   Sonuncu “pərdə”, ikinci məclis...
   
   Otuz bir il öncə Azərbaycan Radiosunda növbəti “letuçka”. Dövrün məşhur bir qadın müğənnisinin ötən həftə televiziya və radioda getmiş “müsibət” konserti haqda qızğın, müzakirə və mübahisələr gedir (bəziləri tərəfindən isə məhrəmanə mədhiyyələr söylənir). Bu zaman qələminin arxası da, qabağı da yazan redaktorlardan biri qalxıb deyir ki, bu böyük sənətkar xanım haqda mahnı yazılmasının vaxtı deyilmi? Yerlərdən səslər: “Əlbəttə!”, “Hətta gecikmişik” və s. Elə bu zaman “Xəbərlər” baş redaksiyasının baş redaktoru Valid Sənani ayağa qalxır və deyir: “Ay yoldaşlar, nə vaxt o boyda Bülbül haqda mahnı yazılarsa, ondan sonra bu boyda xanım haqda da yazıb-yazdırarsız...”
   Çoxdan söylənmiş bu fikir, bu təklif doğru deyilmi, əziz və hörmətli bəstəkarlarımız? Rəssamlar, heykəltəraşlar öz həmkarlarının portretini, heykəlini, ədiblər, aktyorlar öz həmkarlarının surətini yaradırlarsa, niyə bəstəkarlar, müğənnilər bu normal “barter”liyə qol qoymasınlar?..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar