Yazıçı, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, professor Nazim Axundov haqqında düşünəndə öncə xatırladığım onun kitabları, bir də barəsində qələmə alınan yazılardan süzülən ehtiram dolu sözlərdir. Hələ 20 il öncə onu «elmin nurlu yolları ilə mətin addımlayan bir alim kimi» səciyyələndiriblər. Onu mən də görmüşdüm. Saçları bəmbəyaz idi. Mənə elə gəlirdi ki, Nazim müəllim zülmət qaranlıqda yola çıxsa, hər tərəf işığa dönər. Mütəxəssislər də, qələm dostları da, tələbələri də Nazim Axundovu daxili aləmi çox zəngin olan, əsl ziyalı kimi ömür sürdüyünü danışırlar.
   
   O, 1924-cü ilin yayında Şuşada ziyalı ailəsində doğulub. İbtidai təhsil aldıqdan sonra Bakıda pedaqoji məktəbə daxil olur. 1937-ci ilin repressiya dalğası ölkəni bürümüşdü. Hər səhər auditoriyaya daxil olanda Nazim Axundov sevimli müəllimlərinin bir-bir «yox»a çıxmasının şahidi olurdu. Repressiya ac qurd kimi caynaqlarını elə işə salmışdı ki, Azərbaycanın say-seçmə övladları bir-bir güdaza gedirdi.
   1940-cı ildə Tərtər rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayan Nazim Axundov bir qədər sonra növbəti amansızlığın da şahidi oldu. İkinci Dünya müharibəsi başlamışdı. Bir vaxt ona dərs deyən müəllimlər qəfləti gedər-gəlməzə yollanırdı. İndi də iş yoldaşları müharibəyə gedirdi. Nazim Axundov ən gənc müəllim idi. Bütün ağırlıq onun çiyinlərinə yüklənirdi. Çalışırdı ki, şagirdlər məktəbdən yayınmasınlar, dərslərinə müntəzəm davam etsinlər. Müharibə illərində Pedaqoji İnstitutda qiyabi ali təhsil aldı. Çox sonralar o illəri xatırlayan pedaqoqlar etiraf etdilər ki, müharibə dövründə tərtərli uşaqların təhsilində, təlim-tərbiyəsində Nazim Axundovun böyük əməyi olub. Elmə marağı onu yenə Bakıya gətirdi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirən Nazim Axundov «Molla Nəsrəddin» jurnalı tarixinin tədqiqi» mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adını aldı. Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından sayılan Nazim Axundov tutarlı fakt və dəlillərlə «Molla Nəsrəddin» jurnalının bir sıra Yaxın Şərq ölkələrində geniş yayılmasında və böyük nüfuz qazanmasında əsas amil kimi rəsmlərdən, karikaturalardan ilk dəfə olaraq dəyərli məlumat verdi. Həmin vaxta qədər Azərbaycan mətbuat və ədəbiyyat tarixinə məlum olmayan onlarca arxiv sənədinin tədqiqata cəlb olunması onun dissertasiyasının elmi məziyyətini artırdı. Görkəmli ədəbiyyatşünas alim Kamran Məmmədov yazırdı: «Nazim öz elmi əsərində «Molla Nəsrəddin» jurnalını ətraflı tədqiq etmişdir. O, jurnalın rus və dünya klassik ədəbiyyatı ilə, Nizami, Füzuli, Mirzə Fətəli Axundov kimi böyük simalarla yaxın münasibətdə olduğunu dəlil və sübutlarla göstərmişdir. Nazim elmə yiyələnmiş, kamilləşmiş, xoşbəxt adamlardan biridir».
   Ömrünü elmi axtarışlarda, arxivlərdə keçirən Nazim Axundovun ilk monoqrafiyası 1959-cu ildə işıq üzü gördü. «Molla Nəsrəddin» jurnalının nəşr tarixinə həsr olunan bu qiymətli elmi əsər 40 min tirajla çap edildi. O, mətbuat tariximizin öyrənilməsində ilk sanballı tədqiqatlardan biri sayılır. Sonrakı illərdə də Nazim Axundovun «Azərbaycanda dövri mətbuat», «Azərbaycan satira jurnalları», «Azərbaycan mətbuatının ilki («Əkinçi»-100)», «Azərbaycan dövri mətbuatı (biblioqrafiya)», «Hümmət» qəzetinin izahlı biblioqrafiyası», «Sənədlərin dili ilə», «Üzeyir Hacıbəyov» və s. kitabları mətbuat tariximizin öyrənilməsində, ətraflı tədqiqində böyük rol oynadı.
   Nazim Axundovun tədqiqatında böyük Azərbaycan şairi Səməd Vurğunun həyat və yaradıcılığı da mühüm yer tutur. O, unudulmaz şair haqqında silsilə məqalələrin, elmi biblioqrafiyanın müəllifidir. Səməd Vurğunun altıcildlik akademik nəşrinə izah və biblioqrafiyanı da Nazim Axundov yazmışdır. Bu təkcə şairin yaradıcılığını yox, həm də ümumiyyətlə, o dövrkü Azərbaycan ədəbiyyatını öyrənmək baxımından ən yaxşı və etibarlı mənbələrdən biridir.
   Nazim Axundov əsasən iki sahənin araşdırılmasında çox böyük zəhmət çəkib. O həm mətbuat tariximizin, həm də ədəbiyyatımızın ən yaxşı və cəfakeş tədqiqatçılarındandır. Bəzən də çətinlik çəkirsən ki, hansı sahədə o daha üstün idi. Demək çətindir. Çünki bu iki sahə onun yaradıcılığından paralel xətt kimi keçir. Yaradıcılığının bu iki qanadı, demək olar ki, eyni ahənglə və mükəmməl şəkildə inkişaf edib. Uzun müddət elmi-ədəbi fəaliyyətinin nəticəsi olan «Nizaminin epoxası», «Mirzə Fətəli Axundov», «Mirzə Ələkbər Sabir», «Məmməd Səid Ordubadi», «Cəfər Cabbarlı» kimi sanballı əsərləri, bir çox biblioqrafik kitabları ilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən Nazim Axundov yorulmazlığı, işinə bağlılığı, sənət və millətsevərliyi ilə hamının hörmətini qazanmışdır. Onun elmi ictimaiyyət və həmkarları arasında böyük nüfuzu və hörməti vardı. Onu bir pedaqoq kimi tələbələri də sevirdilər.
   Onun haqqında mətbuat səhifələrində dərc edilmiş yazıları vərəqlədikcə tanınmış ədiblərin, ədəbiyyatşünas alimlərin Nazim Axundovla bağlı maraqlı fikirlərinə rast gəldik. Mirzə İbrahimov, Mir Cəlal, Ziyəddin Göyüşov, Cəfər Xəndan və başqaları alimin yaradıcılığına yüksək qiymət verərək Nazim Axundovu Azərbaycan ədəbiyyatşünaslığının bel sütunlarından biri hesab etmişlər.
   Nazim Axundovun 1991-ci ildə çap edilmiş «Qarabağnamələr» adlı kitabı unudulmaz professorun doğma vətəninin tarixinə aid faktlarla zəngindir. Təəssüf ki, məhz bu kitabın nəşrindən bir il sonra doğma Şuşa şəhəri ermənilər tərəfindən işğal edildi. Yaşının ahıl çağında vətən itkisi ona çox ağır təsir etdi. Şuşanın əldən getməsi onun ömrünün də son nöqtəsi oldu. Gəlini Bəsti Sevdiyevanın (tanınmış xanəndə) göz yaşları ilə söylədiyi bu sözlər bizi riqqətə gətirdi: «Nazim müəllim gümrah, həyat eşqli, daim yazmaqdan, yaratmaqdan bezməyən, ürəyi arzularla dolu olan ağır-batman, zabitəli bir kişi idi. Şuşanın işğalı onu birdən-birə qocaltdı, rəngini-rufunu dəyişdirdi. Səsi titrəyirdi, gözləri yol çəkirdi. Mənim illər boyu tanıdığım Nazim müəllim iki ilin içində çox dəyişdi. Elə «Şuşa» deyə-deyə də gözlərini yumdu. Dünyada ən böyük arzum budur ki, Şuşa alınan günü o yeddi dolamanı qalxıb Cıdır düzündə üzümü dağlara, daşlara tutub «Qarabağ şikəstəsi» oxuyum. Onun övladı, gəlini, nəvələrinin anası kimi bu borcun ağırlığı məni sıxır. Əgər Şuşaya getməsək, o yerləri qarış-qarış dolanmasaq, Nazim müəllimin ruhu rahatlıq tapmaz».
   O günün tezliklə gələcəyinə, şuşalıların doğma şəhərə dönəcəkləri günə inanırıq. Təkcə Nazim Axundovun ruhu narahat deyil ki?! Şuşadan pərvazlanmış yüzlərlə sənət adamının, mədəniyyət xadiminin, elmin müxtəlif sahələrində zirvələr fəth edən şəxsiyyətlərin ruhu o yerlərdə dolaşır. Başı dumanlı dağların bəxtinə gün doğacaq, karvanlar yola düzüləcək. Bir səhər Günəşə üz tutub «Ya Allah, yolumuz Şuşayadır» deyəcəyik! «Heyratı» üstündə muğamlarımızın qanadından tutub bir ağızdan səslənəcəyik: “Gedək üzü Şuşaya!”
   Bu nə yuxu olacaq, nə də xəyal! Bu, bizim vətən həsrətindən dərd bağlamış ürəyimizə sevinc notları gətirəcək bir müjdə olacaq! Bir-birimizə gözaydınlığı verəcəyik, bir-birimizdən şirinlik istəyəcəyik! Gözün aydın, Şuşa! Övladların yola düzəlib gəlir! Bu xəbərin qanadlanacağı, ellərə yayılacağı günə isə min qurban demişik. Bax, o gün - o müqəddəs qalibiyyət günü Şuşa dağlarının başından duman çəkiləcək, yollarında toz qopacaq. Nazim Axundov kimi alimlərin də ruhu dincələcək biz Şuşaya qayıdanda!.. 
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar