Azərbaycan
   
   12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı, Lənkəran xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib.
   12 oktyabr 1990 - Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 - 1990) vəfat edib. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Azaflı dübeyti", "Azaflı gəraylısı" və s. məcmuələrinin müəllifidir. "Qoca qartal" şeirlər kitabı nəşr olunub.
   12 oktyabr 1997 - "Space" televiziya kanalı yayıma başlayıb.
   
   13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub. Uşaqlar üçün "Tülkü, Tülkü, Tünbəki..." (nağıl-komediya), "Baş tutmayan hiylə" və s. musiqi əsərlərinin müəllifidir.
   13 oktyabr 1967 - Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis - 1967) vəfat edib. Tiflis Azərbaycan teatrında çalışıb, sənət ocağının baş rejissoru, bədii rəhbəri işləyib. Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Azərbaycanfilm”də “ Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
   13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909, Bakı, Əmircan - 1974) vəfat edib. Rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. Peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir.
   
   14 oktyabr 1912 - Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2007) Dərbənd şəhərində anadan olub.
   14 oktyabr 1962 - Xalq artisti Əli Mirzə oğlu Qurbanov (20.6.1898, Tiflis - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   14 oktyabr 1933 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 - 2.12.2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
   
   15 oktyabr 1910 - Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) anadan olub. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
   15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
   15 oktyabr 1932 - Şair Hafiz Baxış (Hafiz Həbib oğlu Baxışov; 1932-4.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində doğulub. Kitabları: “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”.
   15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.
   
   Dünya
   
   12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
   12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
   12 oktyabr 1935 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.
   
   13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
   13 oktyabr 1934 - Məşhur rus komediya aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Afonya” və s.
   
   14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.
   14 oktyabr 1896 - Amerika kinoaktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896-1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.
   14 oktyabr 1927 - İngilis aktyoru Rocer Mur (Roger George Moore) anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı (1973-1985) kimi məşhurlaşıb: “Yaşa və ölməyə imkan ver”, “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.
   
   15 oktyabr 1814 - Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27. 7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” romanı, “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” poemaları, “Maskarad” pyesi və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
   15 oktyabr 1844 - Məşhur alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və Şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.
   15 oktyabr 1897 - Rus yazıçısı İlya İlf (İxeil Faynzilberg; 1897 - 13.4.1937) anadan olub. Yevgeni Petrov (Katayev) ilə məşhur “12 stul”, “Qızıl buzov” və s. əsərlərin həmmüəllifidir.
   15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.
   15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Qaranlıq arenası”, “Xoşbəxt səhifə” və s.
   15 oktyabr 1929 - Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanı ilə məşhurlaşıb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar