Səhnəmizin korifeylərindən biri, görkəmli aktyor və rejissor, Xalq artisti Abbasmirzə Şərifzadə Tiflis teatr mühiti, o cümlədən Tiflis Azərbaycan teatrı ilə yaradıcılıq əlaqələri saxlamış, burada çalışan Azərbaycan və gürcü sənətkarları ilə dostluq etmişdir. Təbii ki, bu əlaqələr Tiflis Azərbaycan teatrının formalaşmasına, aktyorların peşəkarlığının artırılmasına, yeni aktyor və rejissorların yetişməsinə, habelə Azərbaycan-gürcü teatr əlaqələrinin inkişafına müsbət təsir göstərib.
   
   O, tez-tez Tiflisə qastrola gələr, eyni zamanda, yerli aktyorlarla birlikdə tamaşalar hazırlayar, özü də bu tamaşalarda səhnəyə çıxardı. Abbasmirzə Şərifzadənin bu səfərləri sistemli şəkil aldığına görə, professor Abbas Hacıyevin yazdığı kimi, hətta mətbuat onu “Tiflis səhnəsinin artisti” adlandırırdı.
   Mənbələrdən məlum olur ki, 1916-cı ildə «Hacıbəyov qardaşlarının opera, operetta dəstəsi» adlı truppa təşkil edilmiş və truppanın rejissorluğu Üzeyir bəy tərəfindən Abbasmirzə Şərifzadəyə tapşırılmışdır. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olmuş, «Arşın mal alan», «O olmasın, bu olsun», «Şah İsmayıl», «Aşıq Qərib» tamaşalarını nümayiş etdirmişdir. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrindən məlum olur ki, Abbasmirzə Şərifzadənin rejissorluğu ilə göstərilən tamaşalarda Üzeyir bəy özü dirijorluq etmişdir. Tamaşalarda Bakıdan gəlmiş aktyorlarla yanaşı, yerli artistlər - Nadir İbrahimov, Əli Şahsabahlı, Məmməd Cəfərli, o vaxtlar burada yaşayan və Tiflis Azərbaycan teatrının tamaşalarında aktyor kimi çıxış edən Seyid Şuşinski də iştirak etmişdir.
   Abbasmirzə Şərifzadənin buradakı teatr mühiti ilə əlaqələri 1920-ci illərin əvvəllərində Tiflis Azərbaycan Dövlət Dram Teatrı rəsmi status aldıqdan sonra daha da intensivləşmiş və bu təmas aktyorun ömrünün sonunadək davam etmişdir.
   O, 1923-cü ilin iyununda sənət dostu Mərziyə Davudova ilə Tiflisdə qastrolda olmuş və burada yerli aktyorlarla birlikdə böyük dramaturqumuz Hüseyn Cavidin «İblis» və «Şeyx Sənan» pyeslərində çıxış etmişdir. İyunun 19-da Gürcü klubunda «İblis» tamaşası göstərilmişdir. Tiflis Azərbaycan teatrının rejissoru və aktyoru Mirseyfəddin Kirmanşahlının quruluş verdiyi səhnə əsərində İblis rolunda Abbasmirzə Şərifzadə, Rəna rolunda Mərziyə Davudova, Arif rolunda İbrahim İsfahanlı, İxtiyar rolunda Mustafa Mərdanov çıxış etmişdir. Digər rolları da Tiflis teatrının aktyorları oynamışlar. İyunun 22-də isə «Şeyx Sənan» pyesi göstərilmişdir. Bu tamaşanı da Mirseyfəddin Kirmanşahlı hazırlamış, baş rolları Abbasmirzə Şərifzadə və Mərziyə Davudova, digər rolları yenə Tiflis teatrının aktyorları oynamışlar. Hər iki tamaşa, xüsusən Abbasmirzə Şərifzadənin oyunu Tiflis mətbuatında yüksək qiymətləndirilmişdir.
   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «... Bakı və Tiflis (Tbilisi şəhəri 1936-cı ilədək Tiflis adlanmışdır - A.B.) artistlərinin birgə tamaşaları daha təsirli, daha məzmunlu olurdu. Birgə tamaşalar göstərmək üçün Mərziyə xanımla A.Şərifzadə 1923-cü ildə Tiflisə gəlmişdilər. Onlar Rustaveli və Marcanişvili teatrlarında «Şeyx Sənan» «İblis» və «Aydın» pyeslərini tamaşaya qoyurdular. Tamaşaların hamısında A.Şərifzadə, Mərziyə xanım, M.Kirmanşahlı, M.Mərdanov, İ.İsfahanlı, M.Abbasov, P.Tanailidi, İsmət xanım, Tərlan xanım və İ.Hüseynov iştirak edir, tamaşaçı rəğbəti qazanırdılar».
   Aktyorun Tiflisə növbəti qastrolu 1926-cı ildə olmuşdur. O bu dəfə Tiflis Azərbaycan teatrının aktyorlarının iştirakı ilə «İblis» və «Şeyx Sənan»la yanaşı, «Oqtay Eloğlu», «Otello» və «Don Juan» pyeslərini də tamaşaçılara təqdim etmişdir.
   Tiflis mətbuatında bu tamaşalar barədə çap olunmuş resenziyalarda Abbasmirzə Şərifzadənin oyunu təhlil edilmiş, ayrı-ayrı müəlliflər onun «Şeyx Sənan rolunu mümkün olduğu dərəcədə müvəffəqiyyətlə oynadığını», «Don Juan rolunda bütün məharətini göstərdiyini», «Oqtay rolunu xüsusi ruh yüksəkliyi ilə ifa etdiyini», «Otello rolunu oynamaqla birinciliyi qazandığını» xüsusi vurğulamışdılar.
   «Yeni fikir» qəzetinin 21 fevral 1926-cı il tarixli sayında «Oqtay Eloğlu» tamaşası barədə verilmiş resenziyada yazılmışdı. «...Oynayanlara gəldikdə qastrolçu Abbasmirzə Şərifzadənin Oqtay rolunu son dərəcə gözəl oynamasını birinci növbədə qeyd etməliyik. Çəkdiyi əzablardan, işgəncələrdən, aldığı töhmətlərdən, yoldaşlarının lazımi yüksəklikdə olmamasından yorulmuş böyük aktyor - Oqtay özündə olan böyük qüvvənin köməyi ilə yaşayır. Bu qüvvə onu ən ümidsiz hallardan qurtarır. Oqtayın ümumi hisslərini Abbasmirzə böyük məharətlə göstərir və tamaşaçını müttəsil öz təsiri altında saxlayır».
   Görkəmli aktyorun səhnə fəaliyyətinin 20 illiyi 1929-cu ilin əvvəllərində Tiflisdə də geniş qeyd edilmişdir. Bu münasibətlə Gürcüstan hökumətinin İncəsənət Şöbəsi tərəfindən xüsusi yubiley komissiyası yaradılmış və komissiyanın tərkibinə tanınmış dövlət və mədəniyyət xadimləri, teatr ictimaiyyətinin nümayəndələri daxil edilmişdilər. Bu barədə Tiflis mətbuatında yazılmışdı: «Tiflis Dövlət Türk Dramının Bədii Şurası Azərbaycanın əməkdar aktyoru Abbasmirzə Şərifzadənin 20 illik zəhmətini nəzərə alaraq onun bu günlərdə Bakıda bayram edilən yubileyini Tiflisdə təkrar etməyi qərara almışdır. Yubiley martın əvvəlində bayram ediləcəkdir. Yubiley komissiyası bu qərarla tərtib edilib, Ali İncəsənət Şöbəsi tərəfindən təsdiq olunmuşdur».
   Yubiley ərəfəsində və yubileydən sonra Tiflis mətbuatında, xüsusən «Dan yıldızı» jurnalında və «Yeni kənd» qəzetində ayrı-ayrı müəlliflərin aktyorun fəaliyyətinə aid məqalələri dərc edilmişdir.
   «Yeni kənd» qəzetində Abbasmirzə Şərifzadə haqqında dərc olunmuş məqalənin Ə.Ucarlı imzalı müəllifi yazırdı ki, səhnəmizin bu əməkçi oğlunu tanımayan yoxdur. O, türk teatrını yüksəltmək yolunda çox əmək sərf etmiş, sənət onun ilə doğulmuş və onu aşılmaz dağlardan aşırmışdır.
   Yubiley tədbiri 1929-cu il martın 1-də Ş.Rustaveli adına teatrın binasında keçirildi. Həmin tədbirdə Tiflis Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının ifasında «Hamlet» tamaşası göstərildi. Hamlet rolunu Abbasmirzə Şərifzadə oynayırdı.
    «Yeni kənd» qəzetində dərc edilmiş «Abbasmirzə Şərifzadənin yubileyi» adlı yazıdan: «Kafi dərəcədə iradə qüvvəsinə malik olmadığından əzablar içərisində məhv olan Hamlet tipini Abbasmirzə xırda detallarına qədər təhlil və onu dərin düşüncə ilə oynayaraq, unudulmaz bədii bir sima yaradır. Qocaman dramaturq Əbdürrəhim bəy Haqverdiyevin dediyi kimi, «Dursunəli - Hamlet! Nə böyük məsafə, nə ağır yollar, nə parlaq nailiyyət!» Bunu bu axşam tamaşaçılarımızın dəfələrlə qopan gurultulu və səmimi alqışları sübut etdi».
   Ə.Seyfinin «Dan yıldızı» jurnalında çap olunmuş məqaləsində də aktyorun sənətinə böyük məhəbbətin şahidi oluruq. Məqalə müəllifinin fikrincə, Otello, Hamlet, Karl Moor, Elxan, İblis, Şeyx Sənan, Aydın, Svenqali kimi məsul rolların Abbasmirzə tərəfindən böyük bacarıq və müvəffəqiyyətlə oynanılması sənətkarın keçmiş olduğu yolu və onun bədii simasını müəyyən edən gözəl sübutdur.
   Xüsusi olaraq qeyd edilməlidir ki, Abbasmirzə sənəti Tiflisdə yaşayan digər xalqların nümayəndələri tərəfindən də sevilmiş və yüksək qiymətləndirilmişdir. Tiflisdə rus dilində nəşr olunan «Zarya Vostoka" qəzetinin 23 mart 1936-cı il tarixli sayında dərc edilmiş «Türk teatrının böyük qələbəsi» adlı yazıda teatrın «Şekspir zirvələrinə yüksəlməyə qadir aktyor qüvvələrinə malik olduğu» göstərilir və bu aktyorlar sırasında Abbasmirzə Şərifzadənin adı çəkilir. Məqalə müəllifinin fikrincə, «Abbasmirzənin Maqbeti (U.Şekspirin «Maqbet» faciəsi - A.B.) - Şekspir epoxasının ictimai kəşməkəşlərindən doğulmuş, daxilində ehtiraslar qaynayan bir insan obrazı..., aktyorun böyük yaradıcılıq qələbəsidir».
   Görkəmli gürcü rejissoru və aktyoru, SSRİ Xalq artisti İsaak Antadze (o, teatr ictimaiyyətində Dodo Antadze adı və soyadı ilə tanınır) də aktyorun sənətini, xüsusən onun ifasında Hamlet obrazını yüksək qiymətləndirmiş və belə yazmışdır: «Tiflis tamaşaçıları öz sevimli aktyorları olan Abbasmirzə Şərifzadə ilə son dəfə 1936-cı ildə görüşdülər. Həmin ildə o, Hamlet rolunu oynadı və öz parlaq talantı ilə tamaşaçıları bir daha valeh etdi...”
   Həmin qastrolun başqa bir şahidi, görkəmli gürcü şairi Sandro Şanşiaşvilinin xatirələrindən: «1936-cı ilin isti yay günlərindən birində o, (Abbasmirzə Şərifzadə - A. B.) bizə gəlmişdi. Ona dedim ki, eşitdiyimə görə, Maqbet rolunda tüğyan edirsən. Bizim «Zarya Vostoka" qəzetində bu barədə məqalə dərc olunmuşdur. Məqalə müəllifi yazır ki, «Maqbet»i Şekspir yazıb, Abbasmirzə Şərifzadə yaradıb. Səni bu rolda görmək istərdim. Dedi ki, bu dəfə qastrolumda heyif ki, «Maqbet» yoxdur. Məni bu rolda görmək üçün, əziz dost, səni Bakıya dəvət edirəm... Ailənlə birlikdə bizə qonaq gəlsən, həm mən sevinərəm, həm də sən məni Maqbet rolunda görərsən. Dedim ki, sağlıq olsun, gələrəm...”
   Təəssüf ki, dostların bu arzusu baş tutmadı. Bir müddət sonra Abbasmirzə Şərifzadə saxta ittihamla həbsə alındı, daha sonra «xalq düşməni» damğası ilə güllələndi...
   Bizə qalan onun böyük sənəti oldu.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru
   
   Fotoşəkillər C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundan götürülmüşdür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar