XIX əsrin sonundan etibarən Bakıda neft sənayesinin inkişafı şəhərin mədəni tərəqqisinə də ciddi təsir göstərir. Rusiyanın, Avropanın tanınmış musiqiçiləri, məşhur artistlər buraya tez-tez qastrola gəlirlər. Bakının mədəni həyatında maraqlı çıxışları ilə tamaşaçı yaddaşında əbədiləşən görkəmli səhnə ustaları arasında böyük rus opera müğənnisi Fyodor Şalyapin də vardı.
   
   Fyodor İvanoviç Şalyapin 1873-cü ildə Rusiyanın Kazan şəhərində anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərir, doqquz yaşında ikən kilsə xorunda oxuyur. Skripkada ifa etməyi öyrənir, mütaliə ilə ciddi məşğul olur. Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində çıxış etməyə sövq edir. Kazana qastrola gələn V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə ilk qastrol səfərinə çıxır. Truppa Orta Asiya ölkələrini dolaşıb 1891-ci ildə Bakıya gəlir. O, burada fransız operalarından bir neçə partiya ifa edir. Görkəmli xanəndə Cabbar Qaryağdı ilə tanış olur.
   Şəhərin qaynar həyatı onda dərin maraq doğurur. Truppa qastrol səfərini başa vurub geri dönərkən o, kollektivdən ayrılır və Bakıda qalır. Şəhəri gəzməyə çıxır. Rastlaşdığı afişaların birində oxuyur ki, J.Lassalın fransız operettası Bakıda nümayiş olunur. Vaxt itirmədən həmin truppanı tapır və kollektivə müvəqqəti işə qəbul olunur. Şalyapin sonralar xatirələrində yazır ki, həmin truppa “3-4 fransız və bizim həmyerlilərimizdən ibarət idi”.
   Araşdırmalardan məlum olur ki, J.Lassalın truppası Bakıda tamaşalara 1891-ci il oktyabrın 19-da başlayıb. Rəngarəng repertuarlı truppa təkcə operettaları deyil, opera əsərlərini də (“Traviata”, “Karmen”, “Faust”) müvəffəqiyyətlə tamaşaya qoyub. Şalyapinin “Traviata”da Jermonun bütün partiyasını cəmi dörd günə oxuyub əzbərləyir. Bu, kollektiv üzvlərində böyük maraq doğurur. Onun səhnədə ilk çıxışı uğurlu alınır və alqışlarla qarşılanır. Lakin sonradan truppa fəaliyyətini davam etdirə bilmir və dağılır. Şalyapin işsiz qalır və dolanışığı çətinləşir. Ehtiyac onu limanda yük daşımağa, vağzalda gecələməyə məcbur edir. Bakıda yaşaya bilməyəcəyini görüb Tiflisə gedir. Burada təsadüfən tanınmış opera müğənnisi Dmitri Usatovla qarşılaşır. O, Şalyapini yanında işə dəvət edir. Bir neçə ay onunla şəxsən məşğul olur.
   Gənc müğənni əvvəl musiqi dərnəklərində təşkil edilən konsertlərdə oxuyur, sonra Tiflis Opera Teatrında işə düzəlir. 1894-cü ilədək burada çalışır. Sonra xoşbəxtlik dalınca Moskvaya gedir. Çox çalışır ki, Böyük Teatrda işə düzəlsin, alınmır. 1895-ci ildə Mariinski Teatrından dəvət alır. İmperator teatrının rəhbərliyi gənc vokalistlə birillik müqavilə bağlayır. Lakin çox keçmir, Şalyapin bu teatrdan da ayrılır. Onun çoxdan arzuladığı Moskva debütü 1896-cı ildə baş tutur. M.Qlinkanın operasında Susanin partiyası ilə debütünü mətbuat diqqətdən qaçırmır. İki aydan sonra onun adı dillərdən düşmür. Böyük Teatr müğənni ilə üçillik müqavilə bağlayır.
   O, ikinci dəfə Bakıya 1900-cü ilin fevral ayında gəlir. Yerli qəzetlər dünya şöhrətli müğənniyə səhifələrində geniş yer ayırır. Opera səhnə ustaları və müğənnilər İzabella Zvixer, L.M.Klementiyev, L.Q.Yakovlev, I.V.Tartakov və başqalarının iştirakı ilə tamaşalar göstərilir. Truppanın repertuarı “İvan Susanin”, “Rusalka”, “Knyaz İqor”, “Yevgeni Onegin”, “Demon”, “Aida”, “Faust”, “Karmen” və başqa operalardan ibarət olur.
   “Kaspi” qəzeti 30 mart 1900-cü il tarixli nömrəsində müğənninin yaradıcılıq istedadına yüksək qiymət verərək yazır: “Şalyapinin simasında həm zahiri görünüş, nadir səs, səhnə texnikası, hər bir hərəkət, davranış, nəhayət, geyim və qrim həmahəng olub bir-birini tamamlamışdır...”
   Şalyapinin Bakı qastrolu martın 31-də başa çatır. Bu səfərdən sonra müğənninin on il ərzində Qafqaza yolu düşmür. O, 1910-cu ilin sentyabrında imperiyanın cənub şəhərlərinə qastrola çıxır. Bakıya səfərində onu skripkaçı N.Avyerino və pianoçu F.Keneman müşayiət edir. Müğənni sentyabrın 22-də Nikitin qardaşlarının sirkində konsert proqramı ilə çıxış edir.
   Fyodor Şalyapinin Bakıya son səfəri 1915-ci ildə olur. Bu da təsadüfi olmur. Hər dəfə onun yubileyi qeyd olunanda, Qafqaza-Bakıya gəlir. Çünki onun yaradıcılıq aləminə ilk gəlişi Bakı ilə bağlı olub. 1900-cü ildə səhnə fəaliyyətinin 10, 1910-cu ildə 20 illik yubileyləri keçirilərkən Qafqazı yaddan çıxarmayıb. 1915-ci ildə isə opera teatrında yaradıcılıq fəaliyyətinin 25 illiyi qeyd olunur.
   Müğənni may ayının 8 və 11-də Mayılov qardaşlarının teatrında (indiki Opera və Balet Teatrı) konsert verir. Rus bəstəkarlarından Qlinka, Rimski-Korsakov, Darqomıjski, Musorqski, Çaykovski, Raxmaninov və başqalarının əsərlərini ifa edir. “Kaspi” qəzeti 1915-ci il 13 may tarixli nömrəsində həmin konsertlərdən bəhs edərək yazıb: “Elə oxudu..., elə müvəffəqiyyət qazandı ki, buna yalnız Şalyapin nail ola bilərdi”.
   Müğənni Milanın “La Skala” teatrından “Faust”da Mefistofel partiyasını ifa etmək təklifi alır. Teatrın rəhbərliyi səhnədə 10 dəfə çıxış üçün müğənniyə 15 min frank pul təklif edir. Onun Milan səhnəsindəki çıxışı sürəkli alqışlarla qarşılanır. Saysız pərəstişkar qazanan Şalyapin dünya şöhrətli sənətkar kimi tanınır. Müğənni bu uğurundan sonra kommersiya cəhətdən böyük qazanc gətirən xarici səfərlərə üstünlük verir. Mətbuat onun bu addımına rəng verir: “Şalyapin pulu sevir. O, heç vaxt xeyriyyə konsertləri verməyib. O, “pulsuz yalnız quşlar oxuyur” sözlərini təkrar etməyi xoşlayır”. Ancaq müğənninin o vaxta qədər Kiyevdə, Xarkovda və Petroqradda böyük fəhlə auditoriyaları qarşısında xeyli çıxışları olub.
   1917-ci il Oktyabr inqilabından sonra sovet hökuməti F.Şalyapinə Xalq artisti adı verir. Ancaq o, bolşeviklərlə işləyə bilmir. Bu səbəbdən Parisə qastrol səfərindən geri dönmür. 1927-ci ildə sovet hökuməti onu Xalq artisti adından məhrum edir. SSRİ-yə gəlişinə qadağa qoyur. Ömrünü mühacirətdə başa vuran müğənni 1938-ci il aprelin 12-də Parisdə dünyasını dəyişir. Müğənninin vəsiyyətinə görə cənazəsi Rusiyaya gətirilir və Kazan şəhərində dəfn olunur.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar