Bu adlığın “abstaktsion”luq ömrü çox çəksə aşağıdakı ad-soyada qədər çəkər:
   
   Hökumə Qurbanova!..
   Bu dəyər-meyarın əyarına şübhəylə baxanlar isə, çox olsa, əhalimiz içrə 1980-lərdən sonra doğulmuşlar ola bilər.
   Yox, bu “portret”lər - düz əlli il (1938-1988) səhnələrdə, kino-pavilyonlarda, Azərbaycan radio-televiziyasında yaradılmış bu “eksponat”lar muzey divar-daşlarından yox, xalqımızın qulaq yaddaşından asılıb...
   
   Hökumə Qurbanova səhnəmizə təkrarsız səs kimi gəldi, bənzərsiz səda kimi getdi. Səhnəmizdə ayrıca bir “Səs” obrazı da yaratdı bu aktrisa. “Uzaq sahillərdə” filmində Rosselininin “Sətəlcəm?..” sualına Anjelikanın “Qara ciyəri...” cavabını xatırlayın. Hökumə xanım bu sözləri elə lad, elə tonal, elə vokal-sentimental səsləndirir ki, adam onun öz köksündəki ağciyərinin yamyaşıl meşə fonunda rəsm edilmiş portretini də görür.
   O vaxtlar bu qızıl cingiltilər xəzinəsinin nəinki sənəti, gör-görkəm zinəti, hətta adı da səhnəyə, teatra ekvivalent kimi səslənirdi. Ümumxalq teatr zövqünə, səhnə-sənət müzakirələrinə hakim kəsilib, öz zahiri və batini estetikası ilə, proletarlaşdırılmaqda olan Azərbaycan sovet kütləsini kübarlaşmağa, elitarlaşmağa hökm edirdi Hökumə xanım...
   
   “Qastrol” düşüncələr...
   
   O vaxtların “ədəbi ictimaiyyət”i, teatr-sənət adamları bir yana, deyirlər, hətta fəal tamaşaçılıq doğanağından keçməyənlər də Hökumə Qurbanova ilə küçədə, dükan-bazarda rastlaşarkən bir bəhanəylə onu söhbətə tutmağa cəhd edər, səs-sədasından, durğu-vurğularından, vizual (üz-üzə, göz-gözə) orfoepiyasından, “leksikon simfoniyası”ndan doymaq bilməzmişlər. Bir gün “Kommunist” (indiki “İstiqlaliyyət”) küçəsində onunla rastlaşan köhnə bir müsavatçı-millətçi qoca onun ifa etdiyi monoloqlardan fraqmentlər söyləyəndən sonra, gözü küçənin adına sataşır və son söz olaraq bunu söyləyir: “Hökumə xanım, vallah əgər Siz səhnədə “Kommunist” qəzetini də başdan-ayağa qiraət etsəniz, yenə adam yorulmaz!..”
   Çoxları bu qənaətdədir ki, onun ən kamil, ən gözəl surətdə yaratdığı obrazlardan biri elə öz obrazı olub. Tanrı tərəfindən yazılmış, özü tərəfindən oynanılmış bir obraz. Hamı kimi o da bilirmiş ki, ömür müvəqqətidir. Amma o, hamıdan fərqli olaraq, bunu da bilirmiş ki, sənəd ömründən çox uzun bir ömür də var; sənət ömrü. Buna nail olmaqçünsə gərək Tanrı tərəfindən yaradılmış obrazı - öz surətini də aqil yaşayıb, kamil ifa edə biləsən. O vaxtlar ədəbiyyat kitablarında, qəzet-jurnallarda “surət” ifadəsi “obraz” terminindən çox işlənsə də, nədənsə belə deyirdilər: “öz obrazı”. Amma məncə, “öz surəti” deyilsəydi, daha yaxşı səslənər, “sənət” və “sənəd” fərqinin vəhdətinə də bir him, bir işarə olardı. Hökumə xanımın fiziki surəti - sifəti də kamil, “təcəllayi-mükəmməl” üzlərdən idi. Dodaqları canlı bir susmazlıq abidəsinə bənzəyirdi. Bu abidə-“dirijor” tərpəndikcə, ballı təbəssümlər, bibərli rişxəndlər, ilahi eyhamlar saçırdı. “Ala gözlər”i çoxlarının ilk baxışda görmədiklərini bəlləyib göstərir, “qələm qaşlar”ı müəlliflərin cansız vərəqlərə əmanət etdiklərini heyrəti-işarətlərlə canlı tamaşaçıların şüurlarına həkk edirdi.
   Dediklərimin çoxusu “deyirlər” təhkiyəli, “eşitdiyimə görə” hekayətlidir. Birini isə şəriksiz deyirəm. Deyirəm, yaradıcılığının ən bişmiş, ad-sanının ən yetkin çağlarında gördüyüm Hökumə Qurbanova fenomeni olmasaydı, Azərbaycan teatrını Rusiya və bir sıra Avropa teatrlarına yenilmiş zənn edər, “sovetlər ailəsi” dövründə bir çox sahələrdəki kimi, “ucqar”, “periferiya” kimi atmacalara, daha bir aşağılanmaya da məruz qalmış olardıq. Beləliklə, Hökumə Qurbanova təkcə Azərbaycan milli dram teatrımızın divarları arasında yox, sərhədcə çox nəhəng, dini məzhəb, milli mentalca çox illüstrativ SSRİ-nin tikan-məftil divarları arasında da sənət-ovqat “brend”imiz idi...
   
   Unikal universiada
   
   Teatr-tamaşa vurğunlarının fikirlərinə, “ədəbi-tənqid”i, publisistik qənaətlərə görə, Hökumə Qurbanova əsasən minor təbli sənətkar olub. Hətta onun haqqında “milli səhnəmizin misilsiz faciə aktrisası” kimi “bədbin” deyimlər də az işlədilməyib. Lakin onun teatroqrafiyasında “çağlar temperament”, “coşğun emosiya”, “musiqili ritm-tonallıq”, “hayqırtılı ehtiras”, “romantik, lirik-dramatik səs” kimi epitetlər daha çox işlədilib. “Tənqid”i yazılarda bu da vurğulanır ki, Hökumə Qurbanova bütün sənət ömründə dramaturji material düzənindən, rejissura yozum-mizanından kənara çıxıb və yaxud buna cəhd edib.
   Məsələn, o, “Qış nağılı”ndakı Hermionanı Şekspirin Hermionasından çox, öz Hermionası kimi təqdim edib. Bu haqda belə bir obrazlı cümlə də işlənib: “...o, səhnədə dəqiqələrlə mərmər abidə kimi donub qalırdı”. Başqa qeydlərdə verilən “...bu tamaşa illər uzunu anşlaqla keçib” kimi fikirlər isə sübut edir ki, Hökumə xanımın əsər və tamaşa müəlliflərinin “işləri”nə müdaxiləsi əbəs deyilmiş. Heç yuxarıda “qeyri-realistik”liyə dair söylədiyim epitetlər də Hökumə xanımın realizmdən uzaqlığına dəlalət etmir. Yəni həmin keyfiyyət elementləri tamamilə realist üslubdan qaynaqlanır və nəhayət etibarilə, “sənətin əbədi dənizinə qovuşur” kimi qənaətləri daha da vurğulandırır.
   Öz ömür-sənət dövrünün ictimai diqqət, məhəbbət, bəzən də qeybət predmetlərindən olmuş bu möhtəşəm və möhtərəm sənətkarın yaradıcılıq universiadasına dərindən diqqət yetirdikcə, o təkcə öz dövrünün yox, bütövlükdə Azərbaycan teatrı dövrünün mükəmməl hadisəsi kimi görk və dərk olunur. Sənət hadisələrinin ənənəvi başvermə və sonuclanma texnologiyalarına rəğmən, Hökumə Qurbanova bir neçə elementi ilə daha özünəməxsusluq, daha cəlbedicilik, polifoniklik keyfiyyətləri daşıyır. Elə böyük sənətkarlar var ki, onların bəziləri ya ancaq sənət adamları, elita və öz məmurlarına istinadən dövlət tərəfindən yüksək qiymətləndirilir, ya da yalnız xalq kütlələri tərəfindən. Bunun birtərəflilik minusu daşımasından danışmağa isə, təbii, ehtiyac yoxdur.
   Hökumə Qurbanova, yuxarıda vurğuladığım kimi, həm öz qəlbində daim kiminsə sayəsində zirvəyə yetişmək arzusu ilə yaşayan zəhmətkeş xalqın, həm də həmin zəhmətkeş kütlənin mənəvi-sosial güzəranına cavabdeh və dünya mədəniyyəti yarışında öncüllüyə maraqlı olan (xüsusən o dövrdə!) dövlətin sevimlisi idi. O, dövrün sifarişli ədəbiyyat, təbliğat-təşviqat dramatik-teatral siyasət fısqırıqlarından bıqmış xalq üçün həlim, yumşaq bir sənət sığalı, dincəliş ünvanı, hökumət üçünsə (üzdə gizlətsə də) öz Kreml ürəyinin dərinliklərində çox yaxşı bildiyi quru, zəhmli iclasların, yığıncaqların, “37”-dən sonrakı teoloji-psixoloji repressiyaların hovunu alan sənət ocaqlarının ən hərarətli közlərindən biri idi. Elə buna görə də həmin hökumət daha çox xalqın sevgisinə görə sevməli olduğu bu sənətkarı 30 yaşında ikən Əməkdar artist, 47 yaşında Xalq artisti, 52 yaşında SSRİ Xalq artisti fəxri adlarına layiq gördü...
   
   Bir az da onun sənət sarayı ornamentlərindən...
   
   Yaddaşlarda bir sənət bütövü kimi qalmış Hökumə Qurbanovanın istedadı, qabiliyyət və qalibiyyət imkanları onun yaradıcılığını bölgülərə ayırmağı mütləq edir. Əslində, teatr-aktyor stilləri içrə (mən gördüklərim içərisində) ona bab olmayanı görünmür. Romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik - bunların hamısı Hökumə Qurbanova tamının rəngarəng “ədava”larıdır. Maraqlıdır, onun ilk yaradıcılıq işi kino ilə bağlıdır. Bakı Pedaqoji Texnikumunu bitirib Azərbaycan Dövlət Konservatoriyasına daxil olan 20 yaşlı bu qız elə təhsil illərindəykən “Almaz” filmində (Yaxşı rolunda) çəkilir. Əvvəllər ara-sıra çıxış etdiyi Milli Dram Teatrında isə 1938-ci ildən (ömrünün sonunadək) çalışmağa başlayır. Fəaliyyəti boyu haqqında çox deyilir, çox yazılır. O deyim və yazılardan biri isə, məncə, hələ heç kəs haqda deyilməyib: “Teatr tariximizdə Hökumə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb”.
   Onun oynadığı rollar kəmiyyətcə çox olsa da, deyim ki, keyfiyyət və mahiyyət sanballarından azdır. Tutalım, yüzlərlə obraz oynayıb, amma o rollar haqda, özünün sənətkarlıq məziyyətləri barədə minlərlə rəylər, məqalələr, monoqrafik materiallar yazılıb, fikirlər söylənib, halal təriflər, sürəkli alqışlar yağdırılıb. Mənim qocaman dostlarımdan biri isə deyirdi ki, Cakondanın səhnə obrazı yaradılsaydı, rejissor traktovkasına ehtiyac qalmazdı - Hökumə xanım onun təbəssümünü orijinaldakından da qüvvətli ifadə edə bilərdi.
   Hökumə xanım bir mövsümdə neçə ölkə, neçə millət xanımına çevrilərdi: Kleopatra, Janna d"Ark, Hermiona, Valentina, Oliviya, Nataşa, Yeva Qrant, Vasantasena, Amanda, Valya, Zina, Janina... Öz əsərlərimizdəki rolları isə bütöv bir statistikadır. Burada yalnız onun çəkildiyi kinofilmlərin adlarına yer qalıb: “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” və s.
   Bu xoş faktların sırasına iki naxoş tarixçəni əlavə etməmək olmur. Biri onun qızı - istedadlı aktrisa Vəfa Fətullayevanın 42 yaşında dünyasını dəyişməsi, o biri isə özünün - səhnəmizin təkrarsız səs-sədası Hökumə xanım Qurbanovanın 75 yaşında sənət dünyamızı cismən tərk etməsi...
   Mən onun yaratdığı “səs portreti”ni yazıda yarada bilməsəm də, bu yazını sizin bunu görə biləcəyiniz “görücü”lüyü ilə nöqtələyirəm, hörmətli tamaşaçı-dinləyici oxucularım!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar