Mədəniyyət tariximizdə həyatı müəmmalar haləsinə bürünən, ömrü əfsanələrə çevrilən sənət adamları yaşayıb. Xalq artisti Fatma Qədri belə sənətkarlardandır.
   
   Fatma Qədri 1907-ci ildə Rusiyanın Odessa şəhərində çoxuşaqlı kasıb bir ailədə dünyaya gəlib. Ağır dolanışıq ailəni üzür. Valideynlər çətin vəziyyətə düşür. Çarəsizlikdən Fatmanı doqquz yaşında ikən dindar bir qadının himayəsinə verirlər. O da məzlum Fatmanı mədrəsəyə qoyur. Qızcığaz orada iki il təhsil alır. On bir yaşında isə rus xalq məktəbində oxumağa başlayır. Şagirdlər arasında iti yaddaşı, aydın diksiyası ilə fərqlənir, müəllimlərin sevimlisinə çevrilir.
   Sonralar Fatma xanım ötən günləri belə xatırlayırdı: “Çox kasıb yaşayırdıq. Həmyaşıdlarım bayramlarda gözəl geyinib gəzintiyə çıxardı. Mən isə evdə oturub için-için ağlardım. Allaha hey yalvarardım. Ya canımı birdəfəlik al, ya da bəxtimi aç!”. Necə deyərlər, tale bir tərəfdən bağlayanda, o biri tərəfdən açır. Fatmanın valideynləri bir neçə ildən sonra Bakıya köçür. Burada yeni yaradılan Teatr Texnikumuna daxil olur. İlk gündən fəallığı, təşəbbüskarlığı ilə rəhbərliyin diqqətini çəkir. Məktəbin direktoru Şövkət Məmmədova ona analıq qayğısı göstərir, sevib-seçdiyi sənətə maraq yaradır. Texnikumda A.Tuqanov kimi təcrübəli teatr xadimlərindən dərs alan Fatma paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda təhsilini davam etdirir. Səhnə fəaliyyətinə isə elə tələbəlik illərindən başlayır...
   O, 1920-ci ilin əvvəlində artıq istedadlı bir aktrisa kimi tanınır. 1926-cı ildə Bakı Türk-İşçi Teatrından dəvət alır. Orada Esmiralda (“Notrdam kilsəsi”), Polina (“Gəlir yeri”), Gülbahar (“Anamın kitabı”), Şərəfnisə (“Dərviş Məstəli şah”) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1933-1936-cı illərdə isə Rus Dram Teatrında çalışır. Burada da oynadığı rollar - Janna Barbie (“İntervensiya”), Raya (“Özgə uşağı”), Solmaz (“Od gəlini”), Sona (1905-ci ildə”), Baroneasa Ştral (“Maskarad”) - tamaşaçı rəğbəti qazanır.
   Aktrisanın sonrakı yaradıcılığı Akademik Dram Teatrı ilə bağlı olur. Oynadığı rollar haqqında dövri mətbuatda təkrar-təkrar müsbət rəylər yazılır. Roldan rola daha da püxtələşir. Teatrın səhnəsində yaratdığı obrazlar Luiza, Maşa, Polina, Reqana, Emilya, Raşel) dillər əzbəri olur. 1935-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülür. Daha sonra yaratdığı Xuraman, Larisa, Katerina obrazları nəinki respublikamızda, keçmiş SSRİ məkanında məşhurlaşır.
   Onun özünəməxsus fərdi yaradıcılıq yolu olub. Səhnəyə hər çıxışında yeni jestlər, mizanlar və mənalar axtarır. Məhz bu səbəbdən oynadığı rollar səciyyə və xüsusiyyətlərinə görə bir-birindən daim fərqlənib. Görkəmli ədəbi tənqidçi və teatrşünas Cəfər Cəfərov xatirələrində yazır: “Bir gün Fatma xanım mənə zəng etdi. Dedi ki, “Vaqif ” əsərində Xuraman rolunu oynamağı mənə tapşırıblar. Ancaq qəhrəmanın daxili aləmindən, yaşadığı mühitdən xəbərsizəm. Xahiş edirəm, bu barədə mənə məlumat verəsiniz. Təbii, sevimli aktrisanın istəyinə uyğun danışdım. Tamaşa zamanı onun bənzərsiz ifasını görüb heyrətləndim”.
   Fatma Qədri aktrisalıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olub. 1933-cü ildən Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında, Teatr İnstitutunda aktyorluqdan dərs deyib. Görkəmli səhnə xadimi Böyük Vətən müharibəsi illərində də fədakarlıqla çalışıb, hospitallarda, xəstəxanalarda yaralı əsgərlər qarşısında tez-tez çıxış edər, imkansızlara, ehtiyacı olanlara yardım göstərərdi. O, gənclərlə işləməyi sevirdi. Uzun illər Bakı Dövlət Universitetində dram dərnəyinə rəhbərlik edib. Bu fədakar əməyi yüksək qiymətləndirilir, Xalq artisti adına layiq görülür, sinəsini dövlət təltiflərindən “Qırmızı Əmək Bayrağı”, "Şərəf nişanı" ordenləri bəzəyir.
   Ömrünün ən gözəl çağlarında tale ondan üz döndərir. Həyat yoldaşını və oğlunu çox erkən itirir. Dörd divar arasında tənhalıq əzabı ilə yalqız qalır. Ömrünün təsəlliyə möhtac çağında gündəlik yazır: “Bu da 1951-ci ilin 25 noyabrı. Teatrdakı işlərim heç bir maraq oyatmır. Köhnə repertuarla çıxış edirəm. Mənə yeni heç bir rol verilməyib. Nə etməli? Bəlkə teatrdan çıxıb gedim? Necə də ağır fikirdir! Doğma teatrdan getmək olarmı? Axı mən ömrümün çox hissəsini ona həsr etdim!”.
   1958-ci ildə teatr festivalında iştirak etmək üçün Moskvaya gedir. Orada Cəfər Cabbarlının “Almaz” və Mehdi Hüseynin “Cavanşir” tamaşalarında çıxış edəcəkdi. Noyabrın 23-də S.Prokofyevin “Hərb və sülh” operasına tamaşa edərkən qəfil sol kürəyində kəskin ağrı başlayır. Evə qayıdanda yolüstü aptekdən validol alır. Dərmanı qəbul etdikdən sonra halı bir az yaxşılaşır. İki gün sonra yenə həmin ağrılar ona rahatlıq vermir. Səhnəyə çıxmağa icazə verilməyəcəyindən qorxub həkimə də getmir...
   Ömrünü Azərbaycan teatr mədəniyyətinin inkişafına həsr edən görkəmli sənətkar 1968-ci ildə vəfat edir. O vaxtdan illər, qərinələr ötsə də, unudulmaz sənətkarın xatirəsi teatrsevərlərin qəlbindədir...
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar