Sənsə deyirdin “...heç məni deməyirlər, ay sona bülbülLƏR”
   
   Səni hər saat, hər gün, hər zaman deyiblər, deyirlər və deyəcəklər, ay Qədir! Sən zalimsə, qırx ildir, deyirsən: “Elə yar, yar deyirlər, heç məni deməyirLƏR...” Məsələ burasındadır ki, bunu əbədən deyəcəksən. Əbədi olaraq deyəcəksən və yandırıb-yaxacağın gələcək nəsillərə də “elə gələcək” ki, bu yanıqlı, bu ilahi, bu nazənin Səsdən savay sənə könül verən bir yar olmayıb...
   
   Belə də yanlış-yanıltmaclıqmı olar, ay bu xalqın ən qədir-qiymətlilərindən olmuş Qədir?! Oxuduğun muğamların hər məqamına, hər təsnifinə, mahnılarının hər zənguləsinə vurulan minbir yar olduğu halda, bu nə rəydir yaratmısan - öz dövrünün gözəlləri barədə?..
   Öz Günəşliyinlə görünmə imkanı vermədiyin “ulduz”lar heyhat-hekayətlənməkdən ki; “elə “Qədir-Qədir” deyirlər, heç bizi deməyirlər”, sən şikayətlənirsən; “...heç məni deməyirLƏR”!..
   Bəli, Qədir Rüstəmovun əsl-vəsl dinləyicisi olmuş və olası hörmətli oxucum, bayaqdan motivləşdiribən böyük hərflərlə yazdığım şəhdi-şəkər şəkilçi-
   
   “LƏR”!..
   
   Məncə, Qədirin bütün ifaları, avazi-üyültüləri, zəngulələri böyük hərflərlə yazılmalı, yazılmadığı təqdirdə, bunu oxucu özü öz xəyalında böyüdüb oxumalıdır. Yuxarıda seçkinləşdirdiyim “LƏR” isə özgə bir aləm, ayrıca bir mövzu! Axı mən orada (yuxarıda) Qədirin “əsl-vəsl dinləyicisi” ifadələrini də xüsusi vurğulamışam. Bu qəbil dinləyici-oxucular isə Qədirin həmin cəm şəkilçisini necə füsunkar sənətkarlıqla vurğuladığının fərqində olmamış olmazlar. “Dər-yada gə-mim qaldı, so-na bül-bül-LƏR...”
   Mahnı xalq mahnısıdır və deməli, mətni də xalqındır. Əlyazmalarda, nəşrlərdə - oxuculardan tutmuş ifaçılara qədər - hamı üçün sıradanbir misra. Sonuncu şəkilçiyədək mütaliə və ifası hər kəs üçün suiçimi kimi bir şey. Amma siz onun “LƏR”ini ayrıcana xatırlayın. Bir də, bir də, bir də səsləndirin qulaqlarınızda, övürüb-çevirin qəlbinizdə, keçirin zövq xəlbirinizdən, sənət ələyinizdən. Gözləriniz önünə gətirib vizuallaşdırın və görün, təkcə bu şəkilçi içində neçə və necə şəkillər var! Burada - ikinci misradakı “LƏR” də daxil - üçüncüdəki bədii “qarğış”a (“Gülün yarpıza dönsün”ə) ayaq var. Dinləyicini ayıqlama-duyuqlama cəhdi-cəh-cəhi var. Ayıq-duyuqlanmışlarçünsə, kitab-kitab xitablar var. İndi, ayrıca bir əsər təsiri bağışlayan bu “LƏR”lərin “vurğunvurmuşluğundan” ayılar-ayılmaz, “Elə yar, yar deyirlər” xiffətinə düşüb, “heç məni deməyirLƏR...” təəssüfündən çıx görüm, dinləyici (-oxucu) həmkarım!..
   Bu xalvar-xalvar “var”lar, kitab-kitab səs xitabları sahibinə -
   
   Beş-on kəlməlik söz xitabı
   
   Görəsən, bülbüllərin də başçısı olurmu? Varsa, ona bir-iki sözüm var:
   Yenə qonub yan budağa, yana-yana nə sızlarsan, nə bozlarsan, ana bülbül?! Təbii “bəh-bəh” ansamblınızdan uçub gedən bir ismi-insandan yanamı, ana bülbül, sona bülbül? O “solo-bülbül”süzlükdənmi ötrü “fəsli-gül”ü gözləmədən, birnəfəsə - “dil qəfəsə qoymadan” ötürsüz? Artıq bir ilə yaxındır “Qənirsiz Qədir”siz qalmısız. Xiffətdənmi - avazda “xaric” vurub gah-gahlanır, sədada “məxaric” edib ah-ahlanırsız?
   “Cıdır düzü”ndəki son festivalı da yad edirsənmi barı, bülbül?.. O günlərdən bəri oralara gedə bilməməyimizdən yana bizləri də öz ismi-şərifinə qoşmaqda haqqı olan “xarı-bülbül”! Tez-tez də “problem”atikcəsinə “nədən?” - deyə çalıb-oxuduğumuz “hər yerin əlvandır, köksün altı sarı bülbül”!..
   İnnən belə “sona bülbüllər” yox, “yana bülbüllər”mi, təbiətin dahi bəstəkarı, cəmiyyətin ruhi nəğməkarı!?
   Daha - “Qoyma özgə budağa qona bülbüllər, Tək sənə yaraşır “Sona bülbüllər”mi, onun çağdaşı olmuş şair (rəhmətlik Hafiz Baxış)?! Dil-dil ağılarmı, ipək nənələr? Ürəklərdə sel-sel başsağlığılarmı, əlli milyonluq soydaşlarım?
   Ayrıca bir canlı səs-sənət məktəbinin bizdən ayrılıb getməsindən yana, yana-yana “can-can!”mı, Azərbaycan?!
   Daha Qarabağ dərdinə bir igid ömürlük səbirdən sonra, adına “son mənzil” deyilən qəbirmi, Qədir?!.
   Bir qənirsiz Səs getdi -
   
   Səssiz-səmirsiz əbədiyyətə...
   
   Bu gəlimli-gedimli, səsli-küylü dünyadan o birinə - əbədi qalımlı, sirli-sükunətli dünyaya bir Səs verdik. Ölümlü dünyaya ölümsüz Səs!
   Şəxsiyyət vəsiqəsində yetmiş yeddi yaşa çatan bu Şəxsin ifası, sənət vəsiqəsində altmış yeddi ilə yetən bu Səsin tərzi, dədə-babalıq rəmzi qədimdən-qədim, ləzizliyi şirindən-şirin, həzinliyi dərindən-dərin. Alovlu bəmləri oddan odluca, zilləri ucadan-uca, sal-salğarı qocadan qoca!
   Bu Şəxsin özü də təkrarsız doğulmuşdu, Səsi də!
   Bu Şəxsin özü bir az qılıqsız olsa da, Səsi ecaz yapışıqlı idi.
   Bu Şəxsin özü Ağdamlı idi, Səsi bütöv Azərbaycanlı, tamam Turanlı, bütün cahanlı.
   Öncə sənnənəm, ay Şəxs! Niyə bir elə qəribə idin, bütün məclislərdə qərib idin? Axşamların şəri qarışmamış kefsizləyən, səhərlərin gözü açılmamış qürub idin? Nədən bu ömür karvanına bu sayaq sarbanlıq etdin, ey avazi-bəzirgan?!.
   İndi sən bir az gözlə, ay Şəxs, bu yannan çox səbirsiz bir Səs yaman “aman-aman”la səsləyir məni!
   Buyur, ay Səs, qulağım səndə - “darı-dən”də! Ləzzətindən taqətim yox anlamağa - kəhər-köhlən kişnəmələrinə, nər dəvə bozlamalarına, nalə-zəngulələrinə güldən-vergüldən bir çiləkən ver. Qoy görək axı, bu yaşda - anasından ayrı düşmüş çağa kimi nə çağlayıb-çatdıyırsan? Qatarından ayrılmış durna cürənə qaqqaşaqlayır, yaz leysanı tökəsi şimşəklərə timsal şaqqaşaqlayır, yurddanuzaq dəfn ediləsi sonnəfəs qəriblər sayağı fəqanlayırsan?..
   ...Hə, indi sözüm sahibinə - Şəxs əfəndimə, sənin bütün qüdrətinə qadir Qədirin özünə dairdir.
   Səni xatırlayanda adamın qulaqlarına bulaqların, çeşmələrin, şəlalələrin, çayların, bütün xoş hay-haraylı olayların səs-sədaları gəlir, ay Şəxs! Gözlərimiz önündə yurdun bütün ormanlarının, dağlarının, bağlarının, meşələrinin mənzərələri cilvələnir. Bu təbiət adları bir vaxt mənə çox əsər etmiş əsərlərdən birini (“Kür qırağının meşələri”ni), onun baş qəhrəmanı Qədiri və bütün sözü-söhbəti, təsvir edildiyi maneraları ilə “sallana-sallana gələn” xanımlara bənzəyən Salatının onu necə səsləməsini xatırlatdı. Bu zövcə onu daim incidən, kolxoz sədrinin papağını idarənin pəncərəsindən çölə tolazlayan, haqq sözü üzə deyən, sovet ip-sapına yatmayan və nəhayət, tutulub, bu tənha qadını başsız qoyan ərinə etdiyi müraciət çox musiqili səslənir: “Qədir, ay Qədir...”
   “Səslənir” dedim, o Səs yenə səsləndi mənə.
   Buyur görək, ay yeri-göyü lərzəyə gətirən Səs! Dəniz kimi fırtınalayıb, səhrasayaq tufanlayan Səs!
   Necə?! Mümkündürmü, bu cür gur işıqlı Səs mayakı olan bir gəmi dəryada qala? Bu kəsərdə səda kərəntisinin biçənəyində biçilməmiş zəmi ola? Lap elə belə olsa da, elə səslənmə, Qədir, ay Qədir! Yoxsa, bu mahnıya qulaq asa-asa adam dəli olar, sonra da zəli olub yapışar ruhunun yaxasından ki, məni də apar! Bu ruhun sahibi də ki, - iraq-iraq - oradakı qoşa məkanın bədində deyil ha, özünə yoldaş axtarsın; milyonlarla alxışçı, xeyir-duaçı, rəhmətoxuyan təltifləriylə cənnətdə bərqərardır, yəqin...
   Bəs bu Səs Şəxs haqda daha nə? Bu darmacalda ondan nələri, nəmənələri xatırlayıb, bu ayna qəlblini, “Qovğa” ləqəbli, “dayna” ləhcəli, qızıl külçəlini yaxından tanımayanlara xatırlatmalı? Ondan müsahibə almağı bacaran jurnalistlərin özlərini Qarsın qalasını alana tay tutmalarınımı? Toylarda ona verdikləri sifarişin ifasına nail olan cayılların öz qələbələrinə hayıl-mayıl olmalarınımı? Onun üzünə “sən böyük sənətkarsan” deyib, heç vaxt təsdiqlədə bilməyənlərin düşkün vəziyyətə düşmələrinimi?
   “Yordunuz” məni, ay tapa bilmədiyim sözlər! Əlacım bir haşiyə çıxımına qalıb.
   ...Deyir, bir gecə küçədə bir SSRİ Xalq artistimizi tutub əl-qolunu bağlayır, ciblərini soyur, “daha nəyin var, ver!” deyirlər. “Mən xanəndəyəm” cavabını eşidirkən “onda oxu!” deyə əmr edirlər. O isə: “Əlim-qolum bağlıdır, necə oxuyum?” sözlərindən savay heç nə ifa edə bilmir. Daha birisini tutub deyirlər oxu, deyir mikrofonsuz necə oxuyum? Sonra, Qədir, ay Qədir, səni tutub ciblərini axtarır, axtarır, axtarır və deyirlər: “Ə, bu zalım oğlunda səsdən başqa heç nə yoxuymuş ki!..”
   Tale səni əbədilik etdi, hey Səs!
   Allah sənə rəhmət eləsin, ay Şəxs!..
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar