Bu “və” Leyli ilə Məcnun, Əsli ilə Kərəm, Fərhad ilə Şirin arasındakı “və”lər statusunda...
   
   Axı o “və”lər də şirinlik-acılıq bağlayıcılarıdır...
   Bu “və”nin də solundakı 1885-imizin perspektiv milli major Günü, sağındakı 1948-imizin və əbədi çağlarımızın ictimai minor Günü...
   Həmin günləri mədəniyyətimizin şanlı Olum Uvertürası və millətimizə üz vermiş canlı Ölüm Ağrısı da adlandırmaq olar. Biri öz anında yalnız bir şuşalı ailəsinin xəbərdar olduğu və sevindiyi tarixçə, o biri - bütün türk-müsəlman dünyasını kədərləndirən tarix!
   
   Belə nəql edirlər ki, həmin o Olum günü Şuşada narınca yağış yağırmış, Şirin ana hamiləliyinin son günlərində qonaq getdiyi Ağcabədi kəndində (indiki Ağcabədi rayonu) dünyaya gətirdiyi ikinci oğlan uşağından yana (birinci Zülfüqar bəy Hacıbəyli) sevinc yaşları axıdırmış, Əbdülhüseyn ata onların gəlişinə sürüdən qurbanlıq qoç seçirmiş, qonum-qonşular içərisindəki xoşsoraq “türkes”lər gözaydınlığına, üzdəniraq ”hayes”lər isə bu adlı-sanlı, milli qanlı, istedadlı, ələlxüsus aborigen kök-köməcli Qarabağ ailəsindən növbəti danosa tələsirmişlər...
   Deyirlər, həmin o Ölüm Ağrısı günü isə, misli görünməmiş matəm izdihamına qoşula bilməyən İçərişəhərin ahıl-ağbirçəkləri öz dalan-dəhlizlərində, səkilərdə oturub ağlaşır, dizlərinə döyüb “oğul vay!”- deyə hönkürüşürmüşlər...
   Belə “nəql”lər, “deyirlər” çox, hamısını yazmağa yerimiz, oxumağa vaxtınız yoxdur deyə, deyirəm, bu “Olum və Ölüm” dastanıyla bağlı öygü-məhəbbət aşıqlığımı öz real-şühudi bir deyimimlə tamamlayım.
   ...1985-ci ildə - təkrarsız dahimizin 100 illik yubiley törənlərində Bakıya gələn və son təntənə gecəsi öncəsi “dar dairə”də “Koroğlu” operasının uvertürasını heyrət dolu reaksiyalarla təkrar-təkrar dinləyən bir Avropa musiqişünası (sonra öyrəndim ki, həm də kinorejissor imiş) öz dilində çox soyuqqanlı tərz və təsdiqdə nəsə dedi. O vaxtadək bu şah musiqi parçasını çox eşidib öyrəncəliləşmiş tərcüməçi rus qadın isə onun sözlərini eşidərkən heyrətləndi və həmin “nəsə”ni ətrafına protokol-reqlamentdən kənar - öz əlavəsilə çatdırdı: “Aman Allah, hörmətli qonaq deyir ki, bu şedevrin mayasında azı dörd operaya uvertüralıq taktlar var!”
   O vaxt eşitdiyim bu yadelli sözlərdən sonra, o çağlaradək kitablardan oxuduğum “yadelli işğalçılar” ifadəsinə münasibətim xeyli dəyişdi, özlüyümdə “yadelli heyrançılar” kimi tərkiblər də qaralamağa başladım və qərara aldım ki, haçansa Üzeyir bəy Hacıbəyli haqda yazılarımın birində “özümüz”ə özümüzün və özgələrin münasibət nisbətinə dair belə bir başlıq və ya yarımbaşlıq işlədəcəyəm: -
   
   O söz...
   
   Əsasən mənfi, eyhami emosiyalar yaradan bu deyimə (“o söz”ə) tutarğa verən qüsurlarımız çox deyil. Amma yox da deyil. Məsələn, əcnəbilər bizim Babəkimiz haqda “...Xilafət onun qıçlarını kəsdi, lakin ona bütün dünyanı gəzib-dolaşası ayaq verdi!”, Şah İsmayılımız barədə “On dörd ildə on dörd ölkə fəth etdi” kimi sözlər deyib, bizdə isə onlara ikili münasibət hələ də davam etməkdə. Yadellilər Üzeyir Hacıbəylini “Sənət Peyğəmbəri”, Qara Qarayevi “Partitura ildırımı”, Fikrət Əmirovu “Avropanı qocaman Şərq xəyalatına daldıran” sözlərilə öyməkdə, bizlər isə onları - plagiat Aram Xaçaturyanın da daxil edildiyi “Klassika” diskinə qoşmağa cəhd etməməkdə. Bu məqamda illər öncə milli ziyalılarımızdan biri (Bülbül adına musiqi məktəbinin direktoru Nigar Cərullayeva) ilə müsahibəmdən bir məqamı xatırlayıb-xatırlatmaya bilmirəm. “Dəyərlərimizin dəyərləndirilməsi” mövzusunda bir haşiyə çıxıb, ötən illər xariclərdə olarkən onların öz dahilərinə münasibət səviyyələrini görüb heyran qaldığını, “hətta Vyanada Motsartın iri portretlərini şəhər tramvay-trolleybuslarının alınlarından da asmalarını görüb ağlamsındığını deyən Nigar xanım “...bəs bizim Üzeyir bəy?!.”- deyə həmsöhbətliyimiz anında ağladı da. Mənsə redaksiyaya qayıdıb o müsahibə üzərində işləyərkən belə bir fikir ağladım: “Əgər göz yaşları mayedən olmasaydı, belə damlalar muzeylərimizdə ən dəyərli eksponatlar kimi saxlanılıb, qiymətləndirilməzdimi”?..
   
   Və bir qərar:
   
   “18 Sentyabr - Üzeyir Musiqi Günü”!..
   Dahimizlə bağlı bu qərarın özü də dahiyanə bir əsər!
   Bu qənaət obrazlılıq xatirinə deyiliş sanılmasın, necə var - eləcə anılsın. Çünki söhbət tək elə soy-mənşə baxımından yox, həm də böyük milli mədəniyyət bəyimizdən gedir. Hər səhərimizi, hər ictimai tədbirimizi möhtəşəm “Himn”i ilə açdığımız, əzəmətli “Koroğlu” uvertürası ilə rövnəqləndirdiyimiz milli-professional musiqi meyarımızdan bəhs olunur.
   Və onun böyük ad-sanını, zəngin, universal irsini bütün parametrlərdə dəyərləndirib təbliğ edən, nəhayət, “adi” bir doğum gününü belə bir rəsmi-direktiv qiymətlə qutlayıb “Üzeyir Musiqi Günü” kimi qərar verməklə, dövlətimiz özü də ümummilli-mənəvi bir əsər müəllifi oldu. Bu qərarın mübarək dərkənarı isə ümummilli liderimiz Heydər Əliyevə məxsus!..
   
   Canlı sənət akademiyası
   
   Bu epiteti işlətməkdən ona görə çəkinmədim ki, onun davamçıları olan korifeylərimizdən Qara Qarayev “Üzeyir Hacıbəyov böyük sənət kəhkəşanıdır” deyib, Fikrət Əmirov “Üzeyir bəy bütöv bir xalqdır!” söyləyib.
   Neçə illərdir ki, böyük təntənə və sevgilərlə keçirilən Musiqi Günü mərasimlərində onun sənətkarlığından, alimliyindən, publisistliyindən, ictimai xadimliyindən nələr yazılmır, nələr danışılmır?! Müasirləri olmuş dünyalarca məşhurlardan hansı biri ona heyranlığını bildirməyib, hansı bəstəkar ondan bəhrələndiyini etiraf etməyib?! Hətta sənətimizin ən istedadlı oğrusu olan xalqın nümayəndəsi Aram Xaçaturyan özü etiraf etmişdir ki; “...mən, hətta, “heç kəsdən heç bir takt yararlanmayacağam!” qərarı ilə yazdığım “Spartak” və “Qayane” baletlərimə sonradan qulaq asarkən hiss etdim ki, Üzeyir bəydən yaxa qurtara bilməmişəm...”
   O, iyirmi iki yaşında yazdığı “Leyli və Məcnun” operası ilə qoca Şərqi misli görünməmiş dərəcədə cavanlaşdırdı. Möhtəşəm, şahanə “Koroğlu”su ilə daha çox döyüş meydanlarında qəhrəmanlıq göstərmiş Azərbaycan xalqını sənət qəhrəmanı da etdi. Yalnız yaddaşlar ümidinə qalmış mahnılarımızın əbədi not “ədəbiyyatına” köçürülməsinin bünövrəsini qoydu. Hər xanəndənin, çalğıçının, hətta bəzən hallı dinləyicinin məzaq-marağı ilə biri bir neçə saat davam edən muğamlarımıza elmi-metodoloji mizan-düzən verdi, bitkin şöbələrə ayırdı. Öz analitik məqalələri, alovlu publisistikası ilə dövri mətbuatda baş alıb gedən sxolastik pafos, yalançı millətçilik, məhəlliçilik tendensiyalarına qarşı bir nümunə oldu. Möhtəşəm ariya, romans və digər şedevrlərilə Bülbülləri, Rəşidləri də dünyəviləşdirdi. Öz canlı librettolarına yazdığı şanlı musiqi parçaları ilə ölkəmizin adını dünya afişalarına yazdırdı, adımıza alqışlar yağdırdı. “Arşın mal alan”ı ilə dünyada analoqu olmayan məhəbbət, izdivac “tacir”i, “Məşədi İbad”ı ilə aşiqlərin “yaş senzi” məcəlləsini yaratdı. Öz ustalıq şöləsi, təkrarsız aurası ilə - sonralar “bütün dünyanı fəth edən fateh” Qara Qarayev, “milli əzəmətli, dünya simfonizmli” Fikrət Əmirov, “barmaqları ilə orkestrlərin başı üzərində ildırımlar çaxdıran” Niyazi, “SSRİ-nin bütün novatorlarından novator” Tofiq Quliyev, “real məhəbbəti heyrətamizliklə əfsanəviləşdirən” Arif Məlikov kimi nəhənglərə müəllim oldu.
   Bütün bunlar bu qiymətsiz-faizsiz nəhəngin tərənnümü üçün 1 faizlik qədərincə bəs etməsə də, qədirbilən xalqımız, millətimiz, dövlətimiz, cəmiyyətin bütün zümrələri bu doyulmaz, ölməz oğlundan yorulmadan, sevə-sevə elə hey -
   
   Bəhs edər...
   
   Yadıma düşən ilk xatirə universitet müəllimimiz rəhmətlik Firudin Hüseynovla bağlıdır. Bu o dövr idi ki, dahi sənətkarımızın vəfatından hələ iyirmi il ötürdü (Mənim fanatlığımınsa o çağları idi ki, hətta antik ədəbiyyat kitablarında belə nəzərlərim “Ü” hərfi çalanda dərhal göz yetirirdim ki, bəlkə söhbət Üzeyir bəydən gedir). Hərdən, sözarası, “köhnə” müəllimlərindən də (xüsusilə hər dəfə auditoriyalara keçəcəyi mövzulara uyğun qiyafədə daxil olan “Antik Əli Sultanlı” haqda) danışan Firudin müəllim günlərin birində bizə düz bir qoşa saat bütöv bir sənət, incəsənət həyatı yaşatdı. “Heç hənanın yeridir?!”, “Babalı Sərvərin boynuna” kimi misallar gətirməklə, zaman keçdikcə Üzeyir bəyin əksər kəlamlarının zərb-məsələ çevrilərək konkret situasiyaları ifadə edəcəyindən söhbət açdı. Şərti olaraq “tələbə diapazonu” adlandırdığı o dərsdə o müəllim həndəsə elminin “yatsa yuxusuna da girməyən” bir ədəbiyyat - sənət - publisistika üçbucağı yaratdı, bütün nöqtələri Üzeyir bəydən başlayıb Üzeyir bəydə tamamladı və lap sonda - bax-bax bu an sənət və sənətkar haqda yaratdığı bu mühazirə dastanını layiqincə bitirə bilmirmiş (ya bəlkə heç ümumən bitirmək istəmirmiş) ağrısı ilə dedi: “Üzeyir bəy yaradıcılığı elə bir ümummilli sənət çəmənzarıdır ki, hər qarışında yeni bir çiçəyə, təzə bir gülə rast gəlirsən!..”
   Belə... Bu məqamda bütün bu “onlar-bunlar”ı düşünüb, ömrünü öz atası, anası, qardaşı, bacısı, balası hesab etdiyi xalqının yolunda gilə-gilə və təkrarsız komediyalarına rəğmən gülə-gülə əritmiş bu milli mədəniyyət ağamızın, sonsuz məhəbbətlər hədəfi olmuş və əbədən olası sənət atamızın nəsil sonsuzluğu ilə ilgili narahat olmağa dəyərmi?..
   “Hərdən evə gecikərkən təlaşlanıb: “Ay Tanrı, bu uşaq harda qaldı?!” - deyən, sözün hər iki mənasında bu böyüklükdə adamın “qarasınca danışan” nəvəsiz anası isə bilmədi ki, 1948-ci ilin soyuq bir noyabr günü bu “uşağı” ilə vida mərasiminə yığışmış xalqın bir neçə üzvü misli görünməmiş basırıqdan yana şikəst, o binanın balkonlarına, damına çıxmışlardan ikisi isə yıxılıb həlak olacaq...
   
   Bir az da ögey xatirələr...
   
   “Xaricdə qəzet bağlansa, camaat neyləyər? Biri deyər; vay, kor oldum, biri deyər; vay, kar oldum, o biri deyər; vay, lal oldum! Bəs bizdə bağlansa? Heç nə. Bir məşədi digərinə deyər: məşədi, pəs, şorumuzu nəyə büküb satacağıq?” kimi ictimai dərdlərimizə yorulmadan qələm çalan bu azman publisistimiz haqda özümüzünkülər belə-belə şeylər yazırdılar: “Bu “bəy”in yazıları kapitalizm qoxuyur”. Bu əsilzadə bəy, növbəti daha vacib dərdlərimizi çözməyə vaxt tapmayan bu millət qayğılısı isə məcbur qalıb, sovet “abrazavoyskilərinə” bitkin bir əsər ampluasında “ötəri” cavablar verməli olurdu: “Pis qoxulardan xilas olmağınız üçün, xahiş edirəm, burnunuzu mənim yazılarıma soxmayasınız”...
   1937-də “Koroğlu” operasına vurğunluğunu gizlədə bilməyən Stalin əlini onun kürəyinə qoyaraq: “Daha belə bir möhtəşəm opera yaza bilərsinizmi” sualı ilə bəlkə özünü, nəhayət, həqiqətən də əbədiləşdirmək istəyirmiş? Ona və Bülbülə “Moskvada qalıb işləyərsizmi” sualı ilə isə, bəlkə, onların da axırına çıxmaq fikrini güdürmüş?
   Böyük Vətən müharibəsindən 2 il, “böyük” repressiya kampaniyasından 10 il sonra yenidən tutması tutan Mircəfər Bağırovun öz “kəmərbəstəsi”nə verdiyi “...Qocanı da aradan götürməyin vaxtı deyilmi” sualını sənətkarın öz əsərləri müsbət cavablandırmağa məhkum edir: “Onda gərək bütün teatrların qapısından qıfıl asaq...”
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar