“Kal Baloğlan”, “Aşiq Məhəmməd”, “Məzə Vəli”, “Konsert Lütfəli”...
   
   Sağlığında onu nadir hallarda “Abdullayev” də deyə yad edər, ismarlayıb-xatırlayardılar. Elə adının çəkilməsi bəs idi; hamının bilməyinə, çoxlarının gülməyinə, bəzilərininsə “gülməkdən ölməyinə” kifayət edərdi. Tək elə bilmək, gülmək, “ölmək”lə ürəklərindən tikan çıxara bilməyənlər də vardı ki, belələri onu yuxarıdakı “ayama”larla xalqarası (və təbii - dırnaqarası) dilə-dişə salırdılar...
   
   Bu canlı “konsert”, “məzə”, “Aşiq Məhəmməd” isə bu kütləvi məhəbbət atəşlərindən çox vədə çölə-bayıra çıxmaqdan da çəkinir, məclis-mərəkələrdə diqqətlər mərkəzindən çıxıb ciddi qırım-durum ucqarına çəkilə bilmir, səhnələrdə, efir-ekranlarda yaşadığı nökər-qaravaşlıq, fəqir-füqəralıq “azmış” kimi, dükan-bazarlarda, keçid-küçələrdə də - elə teatral aləmindəkinə bənzər “real” Zülümov zülmü çəkirdi.
   Lütfəli Abdullayev yaratdığı obrazlarda nə qədər “özgə”ləşməyə çalışsa da, özündən tam ayrıla bilmirdi. Nə qədər “rola girsə”, nə illah eləsə də, gözlərindən, mimikalarından bir doğallıq - Abdullayev Lütfəli Əmir oğluluq dalğalanırdı. Yəqin, saysız-hesabsız “kənardangəlmə” obrazlar yaratmış bu böyük sənətkar haqda yazımın başlığının “anadangəlmə”lik adında-ladında “diktə”liliyi də elə bu elementlə bağlıdır. O, - nəzərimcə, Azərbaycan səhnəsinin üç müqtədir aktyorundan (Əliağa Ağayev, Nəsibə Zeynalova) biri olaraq - “öz” rolunda o qədər güclü, potensial “aborigen” idi ki, bəzən, oynadığı rollar fonda, hətta hərdən kölgədə qalırdı. Onlardan biri də, Salam Qədirzadə və Süleyman Ələsgərovun “Həmişəxanım”ındakı Ələsgər idi ki, o obrazın səhnə yozum-çözümü nə qədər kolorital, sözü-söhbəti nə dərəcədə mənalı-modal olsa da, bu rol-real dualizmində ikinci birinciyə (Lütfəli “Ələsgər”ə) dov gəlirdi. O rolun tez-tez təkrar etdiyi (əgər filan məsələ filan-peşməkan olsa və ya olmasa) “bığ qoyaram!” replikası əsər mətnindən çox, ifaçının - konkret halda Lütfəli Abdullayevin yumoristik xislət-bətnindən doğuluşa oxşayırdı. Amma həmin o qüvvətli replika - sürətlə təraşlanıb müasirləşməkdə olan cəmiyyətin hər dəfə bir salonluq qismini bir-iki addım da dədə-babalıq dövrünə ekskursiya etdirən o atmaca, hər halda, əsərin uğuru idi; camaat (köhnə kişilər) belə məqamda “əgər elə, belə, kərə, kürə olmasa, bığımı qırxdıraram!” dediyi halda, “anti-şakər” Ələsgər “bığ qoyaram!” dokladlayırdı...
   ...İşə bax ki, mövzunun bu damarı, bu yön-axarı - “su axıb çuxuru” məsəli timsalında - bu böyük sənətkarın bığ yeri təzəcə tərləmiş dövrünə ayaq açdı və çox güman bu an çoxunuzun üzü güldü -

   Dodağı qaçdı...
   
   Onun yazı-pozu təqdimatçıları, bioqrafiyaşünasları məlum “Kərəmov”çuluq “qorxu”sundanmı ya nədənsə, onu səhnəyə bir-iki yaş gecikdiriblər. Yazırlar ki, Lütfəli səhnəyə on dörd yaşının tamamından - Nuxa (Şəki) şəhərindəki yeddillik məktəbi bitirdikdən sonra çıxıb. Hansı ki, 1914-cü ildə (22 mart) anadan olmuş Lütfəli 1928-ci ildə - on dörd yaşında artıq Bakıda idi və Azərbaycan Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak edirdi. Deməli, o, “Nuxa fəhlə-gənclər klubu”nun dram dərnəyində - tərcümə və təbdil edilmiş vodevillərdə, kiçik məzhəkə və məsxərələrdə iştirak edərkən daha kiçik yaşlarında, dövrü nəzərə alınarsa, bütün sənətçilərimiz içrə ən erkən sənət yaradıcılığında imiş. Hələ bu yaşda konservatoriya (təəccüb) və valtorna (təbəssüm) sinifi! Mötərizələrin açması da bu ki, sonralar (və bu gün) təsəvvürlərimizdə azman teatro-filmoqrafiyalar subyekti kimi canlanan Lütfəli Abdullayev fenomeni və... əgər tale “rol”u ilə rastlaşmazmışsa, hansısa bir orkestrin ucqar fonunda o vaxtkı (və elə sonralarkı) cismindən də yekə bir musiqi aləti arxasında görsənən valtornaçı!?.
   Lakin “Arşın mal alan”dakı Vəli rolu onun böyük, əzəmətli “tale rolu”na əbədi sənətkarlıq yolu açdı.
   Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda (1938-ci il) Lütfəli Abdullayev truppaya - sonralar məşhur sənətdaş-səhnədaşı Nəsibə xanım Zeynalovanın sözlərilə desək, - “ən adlı və dadlı aktyor” kimi qəbul edilib. Bu teatr bir il sonra fəaliyyətini dayandırmalı (maliyyə çətinliyindən) olanda, Lütfəli Milli Dram Teatrına keçməli olub. Səmimi-qəlbdən etiraf etməyəkmi ki, bu faktdan sonra adam belə bir xəyala da dalır ki, bu dahiyanə “gülməli adam”ın belə bir ciddi, “qaraqabaq” teatrda özünü necə aparması maraqlı bir düşüncə “götür-qoy”u yaradır. Amma o vaxtkı afişalar, qəzet-jurnal resenziyaları, köhnə “teatro”sevərlərin xatirələri maraqlananlarda başqa rəylər yaradır. Belə ki, Lütfəli Abdullayev o dövr səhnəsində Lope de Veqa, Georgi Mdivani, Cəfər Cabbarlı və başqa ciddi nəhənglərin Tulio, Rəşid, Oddamdı kimi obrazlarını yaradıb, digər qılınc-qırımlı rollar oynayıb.
   Muzkomediya - onun könlünün, məzaq-marağının ana yurdu - bir də 1956-cı ildə fəaliyyətə başlayır və “yad” yerlərdə düz on səkkiz il - “bir yox, yüzbir igid ömrü” yaşayıb-yaratmalı olmuş Lütfəli tək elə özünün, neçə-neçə nəhəng sənət həmkarlarının yox, ümumən müasir, çoxyönlü, polipalitralı Azərbaycan teatr-səhnə təsərrüfatının ata yurduna qayıdır.
   Onun simasında bu truppaya tək elə “sabiq”, sevimli, maraqlı nəfər-aktyor yox, böyük Azərbaycan mədəniyyəti səhnəsinə bütöv -
   
   Canlı bir teatr
   
   qayıtmış olur. Lütfəli Abdullayev ismi “Muzkomediya” ifadəsinə ekvivalent səslənən aktyorlardan (Bəşir Səfəroğlu, Nəsibə Zeynalova) birinə çevrilir. Bu teatrın ən populyar, ən uğurlu, ən uzunömürlü tamaşalarının adı çəkiləndə Lütfəli Abdullayev ismi başda gəlir. Xalq onun adını, oyununu yüz xoş-beşdə, minbir xoşhalda hallandırır, teatrşünaslar, mütəxəssislər, neçə-neçə bölümə bölür, yazım-yozuma düzür. Klassik operettalardakı ifalarını bənzərsiz adlandırırlar, tərcümə-təbdil əsərlərində obrazlara “originalçı”lardan daha yaxşı, daha orijinal yanaşdığını, çağdaş müəllif-bəstəkarların musiqili komediyalarındakı ultra-vəziyyətləri öz klassik-kolorital qatqarları ilə birə-beş artıqlamasıyla nümayiş etdirən təkrarsız bədahətçi kimi təqdim edib qiymətləndirirlər.
   “O olmasın, bu olsun”dakı Hambalın ayrıca bir “Lütfəli Abdullayev dövrü” olduğunu söyləyiblər mənə. Bəllidir ki, bu məşhur abidə-filmdə əsər mətnindəki obrazların bir çox sözləri, replikaları yığcamlıq (və əlbəttə kino-kütləvilik) baxımından, xeyli ixtisar və xırda-para redaktələrə məruz qalıb. “Lütfəli Abdullayev dövrü” Hambalının səhnə təfsirində isə daha maraqlı vəziyyətlər, mətni replikalar varmış ki, ötən əsrin sonlarına yaxın qocaman tamaşaçıların tez-tez təkrar etdiyi aşağıdakı misraları Lütfəli Abdullayev qeyri-adi məziyyətlərlə ifa edirmiş: “Doğrudur ki, mən özüm də qəmiş oğlu, qəmişəm, Amma bu Məşdi kimi hərzə qəmiş görməmişəm!..”
   Təkrarsız səhnə ustasının teatr yaradıcılığı haqda çox yazılıb; buna dair hər kəs hər nə istəsə tapıb oxuya, tanış ola bilər. Elə onun kino aləmi də göz qabağında, xəyal oylağındadır. Lakin onun bu vizual aləmini tək elə sizin öz öhdənizə buraxmaqda bir az qısqanclıyam. Gəlin, birlikdə seyr edək o filmləri. Onun “O olmasın, bu olsun”dakı Qoçu Əsgər kəmərbəstəliyindən başlayaq. “Keçi-kişmiş” epizodundakı qoçulanıb-qoqazlanma ədalarına baxın onun! Uğunmalarınıza ara verin və “zorənciddi”ləşin; zəmanənin “aç qapını, gələk, səni öldürək!” reklamnaməsinin sonunda Qoçu Əsgərin: “Alə, Baloğlan, sür (!) geriyə!” əmrinə müntəzirlik ədasının dahiyanə düşüklük şəbehini xatırlayın. Qonaqlıq epizodunda “müdrük tosta” necə pedantanə “çırt” atması, ağzından toyuq budu alınarkən bu təhqiri necə vecə almaması “əzm”inin “çortuna” gedin. Hələ Rüstəm bəyin evinə toy-nişan qonaqlığına gedərkən yekə-yekə “estetlənib”, nökər-nökər “elitlənib” gül dəstəsi bağladığından - deməli, gecikdiyindən - “ağa”-“bəy”lərin pilləkanın sınıq çatından necə ehtiyatla keçdiklərini görməyərək elə ilk addımda necə şappıltıyla yıxıldığından deyib-danışın.
   Mən isə bu dəfə ancaq bunları yaza bildim. Çoxları qaldı. Bir az da ona görə ki, bu yazı onun anım gününə təsadüf edir. Sağlıq olsun, gələn il martın 22-də - bu canlı gülüşün doğum günündə - əksəriyyətindən bəhs edib, yazıb-oxuyub doyunca şənlənərik. Hələlik bir bunu deyim ki, səhnələrdə, kinolarda əsasən nökər-qaravaş rolları oynamış bu kişi sənət tariximizdə əsl sənət ağa-bəyi kimi yaşayır və yaşayacaq!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar