Klassik Şərq poeziyasının görkəmli nümayəndəsi Əbdürrəhman Cami öz yaradıcılığı ilə yalnız fars-tacik ədəbiyyatını deyil, bütün Şərq ədəbiyyatını zənginləşdirib. Rəngarəng yaradıcılığında daim ədaləti, saflığı və ülvi hissləri təbliğ edib. Əsərləri hələ sağlığında yüksək qiymətləndirilib...
   
   Şair, musiqişünas, filosof və alim Əbdürrəhman Nurəddin ibn Əhməd 1414-cü ildə Cami şəhərində (Xorasan) anadan olub. İbtidai təhsilini atasından alır. Sonra Herat şəhərindəki Dilgəş mədrəsəsində təhsilini davam etdirir. Burada məşhur sufilərdən olan mövlana Cüneyd Üsulidən dərs alır. Cami son dərəcə istedadlı və zəhmətkeş olduğundan çoxlu mütaliə edir. Müəllimləri onun hafizəsinə heyran qalır. Dövrünün görkəmli müəllimi və alimi hesab edilən Xacə Ələddin Əli Səmərqəndi deyib: “Mən ömrümdə Cami qədər hafizəli və istedadlı şagird görməmişəm”.
   Cami dərin dərrakəli bir gənc kimi böyüyür. Yadelli ölkələrə səyahət edərkən də görüb-götürmək, öyrənmək nəsihətindən yetərincə faydalanır. “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” deyiminə vaqif olur. Heratda tədris edilən elmlərə kifayət qədər yiyələndikdən sonra təbiət elmlərini öyrənmək məqsədilə Səmərqəndə gedir. Burada müvəffəqiyyət əldə edir.
   O, Herata qayıtdıqda elmi və biliyi ilə şöhrət tapır. Caminin elmə, təhsilə intəhasız həvəsi onu Heratda mədrəsə açmağa sövq edir. O, Şərqin müxtəlif yerlərindən alim və istedadlı gənclərin mədrəsəyə gəlməsini istəyir. Onların yaxşı təhsil alması üçün öz şəxsi vəsaitini belə əsirgəmir.
   Caminin alimliyi, sənətkarlığı və humanizmi müasirləri tərəfindən yüksək qiymətləndirilir. Dəfələrlə Sultan Hüseyn Baykara və vəzir, şair Əlişir Nəvai onu saraya dəvət edir. O, dəvətlərdən imtina edir. Lakin Caminin şəxsiyyətini və sənətkarlığını yüksək qiymətləndirən Sultan Hüseyn Baykara şairə bir neçə dəvə yükü qızıl-gümüş hədiyyə göndərir. Cami bəxşişləri təşəkkürlə qəbul edir.
   Caminin elmə məlum olan ilk əsəri Əbdülqasim Babura ithaf etdiyi “Müəmma haqqında risalə”dir (1452). O, demək olar ki, ömrünün sonuna qədər qələmi əlindən yerə qoymayıb. Əsərlərinin miqdarı haqqında müxtəlif fikirlər söylənilib. Onun müridi və ən yaxın dostu, böyük özbək şairi Əlişir Nəvai alimin 35 əsərini, Caminin tərcümeyi-halını yazan Əbdülqafur Lari 47, Şirxan Ludi (1690-1691) “Miratül-xəyal” (“Xəyal güzgüsü”) adlı təzkirəsində isə 99 əsərini göstərib.
   Caminin ən məşhur əsərləri üç divan, “Həft-övrəng”, sufi şeyxlərin həyat və tərcümeyi-halına həsr edilən “Nəfəhatül-üns” və “Baharistan”dır. O, Əlişir Nəvainin məsləhəti ilə birinci divanı “Fətnhətəş- şəbab”, yəni “Gəncliyin başlanğıcı” (1479), ikinci divanı “Vəsitətül-iqd” - “Həmayılın ortası” (1489), üçüncü divanı “Xatimətül-həyat” - “Həyatın sonu” (1491) adlandırıb.
   Cami “Nəfəhatül-üns” əsərini özündən əvvəl yaşamış sufilərin, şair və alimlərin həyatına həsr edib. Maraqlıdır ki, 600-dən artıq şair, alim və şeyxin tərcümeyi-halı izah edilən əsərdə 20-dək qadının da adı çəkilib.
   Cami əsərlərini dövrünün hökmdarlarına ithaf etməkdən boyun qaçırmayıb. Tədqiqatçılar bunun səbəbini onun maddi gəlir axtarmasında yox, əllərində külli miqdarda ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları ədalətə, mərhəmətə sövq etmək istəyində görürlər. Doğrudan da, Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı olmayaraq, insanpərvərlik, ədalət və səxavətin tərənnüm edildiyini görürük. “Baharistan” əsərində bunun bədii ifadəsinə tez-tez təsadüf olunur. Müasir nəsil üçün Cami bu cəhətdən daha maraqlı, əsərlərinin öyrənilib tədqiq edilməsi isə daha diqqətəlayiqdir. Firdovsi, Nizami, Sədi və başqa Şərq klassikləri kimi, Cami də xalq ideyalarını bədii formada təcəssüm etdirməyi bacarıb.
   Cami səfərlərdə olarkən alim, şair, şah, sultan və xaqanlar, müxtəlif silkə xas olan adamlarla görüşür. 1472-ci ilin payızında Məkkəyə ziyarətə getmək qərarına gəlir. Bu səfərində Nişabur, Səbzəvar, Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, Dəməşq, Hələb və Təbriz kimi şəhərləri gəzir.
   1492-ci il noyabr ayının əvvəllərində xəstələnir. Xəstəliyi get-gedə şiddətlənir və noyabrın 8-də vəfat edir. Görkəmli mütəfəkkirin dəfni böyük şair Nəvai tərəfindən təşkil olunur. O, Caminin xatirəsinə şeir ithaf edir.
   
   Savalan Fərəcov