Azərbaycan
   
   6 dekabr 1937 - Xalq yazıçısı, dramaturq Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Əsərləri: “Adamlar və ağaclar”, "Quşu uçan budaqlar", “Mənim nəğməkar bibim", "Bağdada putyovka var" və s. Ssenariləri əsasında "Gilas ağacı", “Tənha narın nağılı”, "Sürəyya" filmləri çəkilib. Rus dilindən tərcümələr (V.Şukşin, İ.Turgenev, Ç.Aytmatov) edib.
   6 dekabr 1954 - Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Şəki və Gənclər teatrlarında işləyib, Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan” və s. filmlərdə çəkilib.
   6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940, Qazax rayonu - 2006) vəfat edib. Opera tamaşalarında əsas partiyaları ("Leyli və Məcnun"da Məcnun, "Əsli və Kərəm"də Kərəm və s.) ifa edib.
   
   7 dekabr 1947 - Xalq artisti, Prezident təqaüdçüsü Larisa Afanasyevna Vinoqradova (1947-16.9.2009) Türkmənistanın Mari şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. “Yaşıl eynəkli adam” teletamaşasında, “Yoxlama” teleserialında çəkilib.
   7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. 30-dək kitabın müəllifidir. Neftçilər haqqında silsilə əsərlər yazıb. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun" və s. populyar mahnılar bəstələnib.
   
   8 dekabr (köhnə təqvimlə 25 noyabr) 1901 - Görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələrək Azərbaycan teatrının inkişafında böyük xidmətlər göstərib. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
   8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamların («Nəva», «Humayun», «Rahab»), “Xəzər balladası», «Xeyir və Şər» baleti, "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (N.Məmmədovla birgə) musiqili komediyalarının müəllifidir.
   8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Teletamaşalarda, «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərində çəkilib.
   8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Səhnədə məhəbbət" (libretto - Ə.Əmirli), "Bankir adaxlı" (libretto - T.Vəliyeva) musiqili komediyaları, "Dədə Qorqud" oratoriyası, simfonik süitalar, digər musiqi əsərlərinin müəllifidir. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktorudur.
   
   9 dekabr 1963 - Aktyor, rejissor Lətif Bəşir oğlu Səfərov (1920, Şuşa - 9.12.1963) dünyasını dəyişib. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.
   9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Kinoda ilk işi 1945-ci ildə "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   10 dekabr 1918 - Opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.
   10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Televiziya və Radio Verilişləri Komitəsinin, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olub. SSRİ Dövlət Mükafatına layiq görülüb, Azərbaycanın «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsirlər", "Ağ şimşəklər", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və s.
   10 dekabr 1935 - Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” (quruluşçu rəssam), “Mən ki gözəl deyildim” (geyim rəssamı) və s.
   10 dekabr 1996 - Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay - 1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
   
   Dünya
   
   6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.
   
   7 dekabr 1598 - Memar və heykəltəraş, İtaliya barokkosunun məşhur nümayəndəsi Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
   7 dekabr 1926 - Rusiyanın Xalq artisti Pyotr Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur” (Zaxar Bolşakov), «Əbədi çağırış», «XX əsrin dəniz quldurları» və s.
   7 dekabr 1956 - Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (25.11.1889 - 1956) Londonda vəfat edib. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.
   8 dekabr 1723 - Alman əsilli fransız yazıçısı, filosof Pol Anri Holbax (Paul Heinrich Dietrich von Holbach, 1723 - 1789) anadan olub.
   8 dekabr 1865 - Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, yeddi simfoniya və s. əsərlərin müəllifidir.
   8 dekabr 1934 - Rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası” (Lyudmila Kaluqina), “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.
   8 dekabr 1980 - Dünya şöhrətli ingilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Winston Ono Lennon, 9.10.1940 - 1980) vəfat edib.
   
   9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Məhəmməd ibn Əhməd Xarəzmi (4.9.973 - 1048) vəfat edib.
   9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
   
   10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.
   10 dekabr 1821 - Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
   10 dekabr 1890 - Görkəmli başqırd türkoloqu, filosof, ictimai xadim Əhməd Zəki Validi Toğan 1890 - 28.7.1970, Türkiyə) anadan olub. 2010-cu il TÜRKSOY tərəfindən “Toğan ili” kimi qeyd olunub.
   10 dekabr 1908 - Fransız bəstəkarı və pedaqoqu Olivye Messian (Olivier Eugene Charles Prosper Messiaen, 1908-1992) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan