Gülşən Qurbanovanın xatirəsinə
   
   «Qar kraliçası» onun barəsindəki assosiasiyalarımın içində ən gözəlidir (və ən qəribəsidir - bunca həyatsevər, isti, enerjili bir qadını qar kraliçasına bənzətmək). Əslində onu başqa sənətkarlar kimi, yaratdığı min bir obrazın içində itirmək olmur. Tamaşaçı üçün o həmişə Gülşən Qurbanova obrazındadır. Həm də çoxları üçün bir anbar enerjisi televizor ekranlarından daşıb tökülən teleaparıcı.
   
   «Mən özüm olanda çox səmimi olmuşam» - bu ifadə onun teatr və ekranlarda yaratdığı obrazlar barədədir. Tamaşaçının bu səmimi həmsöhbətini ağlagəlməz dərəcədə qəfil itirməsini də elə onun «Gülşən Qurbanova» obrazının son cizgisinə yozmaq olardı. Bu qar kraliçası o qədər diri idi ki, onun dünyasını dəyişməsinə çoxları inanmadı, hətta ölümü barədə şayiələr dolandı. Bəlkə ona görədir ki, onunla həmsöhbət olan mətbəx verilişinin tamaşaçısı yaşamaq, yaşamaq istəyir, sonra bu qədər yaşamaqdan yorulur, yorğun gözlərlə tükənməz həvəsli qadına baxır, ən adi şeylərdən bu qədər maraq və ehtirasla danışan aktrisanı məndən fərqli olaraq “Qar kraliçası” yox, “Mətbəx kraliçası” elan edir və həmən ona acıyırdı.
   Gülşən Qurbanova böyük aktyorlar kimi inanılmaz dərəcədə oyuna bağlı deyildi, məncə, o inanılmaz dərəcədə həyata bağlı idi. Onun qaynar təbiətinə, həm də aktrisa təbiətinə ANS-in «Qaynar qazan» verilişi tab gətirirdi, nəinki teatrda oynadığı dramatik-komik obrazlar - Gülnaz, Nera, Ana, Mərcan, Nabat, Çiçək, Eyzəngül...
   Obrazlarının arasından aktrisanın həyatına nəzər salmaq həmişə cazibəli olub. Gülşən Qurbanovanın həyatı ikiqat artıq. Çünki bioqrafiyasında iki böyük şəxsiyyətin adı var - atası aktyor Ağadadaş Qurbanov və qardaşı Hamlet Qurbanov. Hər iki talenin təəssüfü, kədəri bol idi. Hamletin təkcə gözlərinə baxmaq bəs idi - «ölüm gələr, gedərik» deyən gözlərinə. Bu, böyük istedadın duyduğu ziddiyyətlərin qarşısında bir susqunluq idi. Gülşənsə tamam əksinə olaraq susqunluq tanımırdı. Həm kinoda, həm həyatda. Kadrda göründümü, bir şuxluq qatırdı, məğşuşluq qatırdı və gözlənilmədən də aradan çıxırdı. Həyatda olduğu kimi.
   Onun Şeydası (“Ad günü” filmi), Ədiləsi («Bayquş gələndə»), Güldəstəsi («Arvadım mənim, uşaqlarım mənim») və kiçik epizodların qəhrəmanları filmin temporitmini dilli-dilavər, səmimi, hazırcavab davranışları ilə artırırdı. Onlar görünüb ekrandan itirdilər, film canlanıb ikinci nəfəs qazanırdı.
   Filmlərdə təkcə enerji kifayət edirdi, tamaşalarında sanki bu enerji onu elə təntidirdi ki, sözlər parçalana-parçalana, sına-sına sürətlə azadlığa çıxırdı.
   Gözlənilməz, plansız və düşünülmədən, emosiyalarını, fikirlərini gizlətmədən, sadəcə tamaşaçıya, onu anlayacağına güvənib bir verilişi aparmağı kim bacararmış onun kimi?
   Bu mətbəx dəm-dəstgahı içində “Qar kraliçası” olmağı kim bacarardı onun kimi?
   Dekabrın 19-u onun ad günü idi, doğumu ilə deyil, ölümü ilə xatırlanan gün idi. Tortsuz, gülsüz, onsuz adi, soyuq bir təqvim günü. Bu «qiyamət» və bayram əhvallı gündə “Qar kraliçası”nı - neçə-neçə Yeni ili bayram proqramları ilə birgə qarşıladığımız Gülşən Qurbanovanı xatırlamaq onun unudulmayan həyat enerjisinin sayəsindədir. O enerji ki, onun sahibi kanalları dəyişə-dəyişə nəyinsə çatmadığını duyan tamaşaçını darıxdıra bilirdi (ölümündən sonra)...
   
   Aliyə