Bakı sirki - 45
Azərbaycanda həm ənənəvi, həm də peşəkar sirk sənətinin zəngin tarixi var. Sirk sənətinin inkişafının sirk-tamaşa müəssisələri ilə birbaşa bağlı olması fikri Bakının mədəni tarixində də öz təsdiqini tapır.
XIX əsrin 70-ci illərindən başlayaraq şəhərin müxtəlif yerlərində sirk binaları fəaliyyət göstərirdi. Sirk sənəti inkişaf etdikcə, texniki cəhətdən daha mürəkkəb tamaşalar meydana gəldikcə, Bakıya qastrola gələn müxtəlif sirk qruplarının tələbinə uyğun olaraq, tikilən binaların daha mükəmməl, geniş, tamaşaçılar üçün rahat olmasına çalışır, binaların texniki imkanlarına xüsusi diqqət verirdilər. Belə ki, hətta ötən əsrin əvvəllərində belə, Bakıda Taurekin, Fürrerin, Qamkrelidzenin, xüsusilə də Nikitin və Yefimov qardaşlarının inşa etdirdikləri sirk binalarında mürəkkəb hava nömrələri, su sirki, heyrət doğuran attraksionlar nümayiş olunurdu. Bu tamaşaların təsiri altında Bakıda da yerli sənətçilər meydana çıxırdı. İlk vaxtlar həmyerlilərimiz əsasən atletika və fransız güləşi sahəsində məşhur olsalar da, sonrakı illərdə kəndirbazlıq, heyvan təlimi, akrobatika, illüziya, hava gimnastikası, jonqlyorluq, klounada və sair janrlarda çıxış edən görkəmli sənətçilərimiz yetişdi.
Yefimov qardaşlarının 1916-cı ildə Birja (indiki Üzeyir Hacıbəyli küçəsində, Rabitə evinin yerində) küçəsində tikdirdiyi sirk binası 1924-cü il dekabrın 28-də yanğın nəticəsində məhv olduqdan sonra, 1926-cı ildə onun yerində müvəqqəti olaraq, taxtadan yeni bina inşa olunmuşdu. Tələm-tələsik tikilmiş bu bina getdikcə qəzalı vəziyyətə düşür, müasir sirk proqramlarının tələblərinə cavab vermirdi. Bu səbəbdən 1928-ci ildən başlayaraq, Bakıda yeni sirk binasının tikilməsi məsələsi vaxtaşırı gündəmə gəlir, bina üçün müxtəlif məkanlar seçilir, layihələr nəzərdən keçirilir, lakin uzun-uzadı müzakirələr heç bir nəticə vermirdi.
Nəhayət, 1954-cü ildə, Bakı sirkinin hazırkı binasının tikintisi istiqamətində işlərə start verildi. Respublika Nazirlər Sovetinin 11 noyabr tarixli qərarı ilə 352-ci məhəllədə, Krasnoarmeyski (indiki Səməd Vurğun) küçəsinin və Kirov (Bülbül) prospektinin arasındakı yüksəklikdə yeni, 2000 tamaşaçı yeri olan müasir sirk binasının tikintisi üçün 2 hektar sahə ayrıldı. Layihənin işlənməsi istedadlı memarlar Ənvər İsmayılov və Faina Leontyevaya tapşırıldı. Onlar bu işə başlamazdan öncə müxtəlif şəhərlərdə yerləşən stasionar sirk binalarının spesifik xüsusiyyətləri, texniki tələblərilə yaxından tanış olduqları üçün, layihəyə ekspertlər çox yüksək qiymət verdilər. Layihə əsas göstəricilərinin uğurlu alınması ilə diqqət çəkirdi: sirk kompleksinin tikinti altı sahəsi 4355, faydalı sahəsi isə 7474 kvadratmetr idi. Sirkdə çoxsaylı yardımçı tikililər, o cümlədən müxtəlif heyvanların saxlanıb bəslənməsi üçün xüsusi yerlər nəzərdə tutulmuşdu. Sirkin şimal tərəfində, Əjdərbəy məscidinə qədər uzanan ərazidə, geniş bir park salınması da planlaşdırılırdı. İlk variantda yeni sirkin fasadı Minsk, Tbilisi, Rostov şəhərlərində yerləşən sirk binalarına bənzər, klassik üslubda həll olunmuşdu. İlk layihənin funksional, texnoloji, konstruktiv cəhətdən məqbul işləndiyini qeyd edən ekspertlər fasadın görünüşü ilə razılaşmadılar. Onlar binanın xarici görünüşünün daha müasir üslubda həllinin məqsədəuyğun olduğunu bildirdilər. Bu iradlardan düzgün nəticə çıxaran memarlar yeni variantda, doğrudan da, öz görkəmi ilə Bakıya yaraşıq olan gözəl bir binanın layihəsinə imza atdılar. Sirkin foyesi yerləşən hissədə, binanın fasadının alüminium çərçivələrdən ibarət olması foyenin çox işıqlı olmasına səbəb olacaq, gecə vaxtı isə foyenin işıqları binaya xüsusi bir gözəllik verəcəkdi. Ön tərəfdən, girişin yanlarında binaya özünəməxsus yaraşıq verən arakəsməli beton dekorların quraşdırılması nəzərdə tutulmuşdu.
Yeni binanın tikintisi üçün vəsaitin ayrılması məsələsinin SSRİ-nin rəhbər orqanları tərəfindən təsdiq olunmasına ehtiyac olduğundan, uzun yazışma və məsləhətləşmələrdən sonra, nəhayət, 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Bakıda stasionar sirk binasının tikilməsi barədə qərar qəbul etdi (№439, 26 iyun 1958-ci il). Binanın ümumi smeta dəyəri 1955-ci il qiymətləri ilə 14,5 milyon rubl nəzərdə tutulmuşdu. Belə yüksək qiymət binanın geniş funksionallığı, unikal texniki imkanları ilə bağlı idi. İlk dəfə olaraq, sirkin binasında bir-birini əvəz edən üç müxtəlif manej quraşdırılırdı. Tamaşa vaxtı təbii kauçuk örtüyü olan əsas manejdən, kənarındakı baryerləri olmayan ikinci manejdən başqa, nəhəng su hovuzundan da istifadə edilməsinə imkan yaranacaqdı. Bu manejlərin yerdəyişməsi qısa bir zamanda tamaşaçıların gözü qarşısında baş verəcəkdi. Su sirki zamanı istifadə ediləcək hovuzun sürətlə doldurulması üçün su müxtəlif çoxsaylı borulardan və səhnə üzərində quraşdırılmış şəlalədən töküləcəkdi. Tamaşa vaxtı daha geniş meydançaya ehtiyac yaranardısa, tamaşa salonunda oturacaqların ilk üç sırası geriyə doğru transformasiya olunaraq manejin sahəsini xeyli genişləndirirdi. Forqanqla (artistlərin arenaya çıxdıqları yerdəki pərdə nəzərdə tutulur) üzbəüz geniş lojaların altındakı sahədə orkestr yerləşirdi. Forqanqın üzərində texniki cəhətdən təchiz olunmuş böyük səhnə vardı. Bu səhnədə quraşdırılmış böyük ekran kinofilmləri də nümayiş etdirmək imkanı verirdi. Sonrakı illərdə forqanqın üstündə mexaniki hərəkət edən geniş pilləkən də quraşdırıldı ki, onun vasitəsilə tamaşa vaxtı artistlərin səhnədən birbaş manejə enməsinə, tamaşada müxtəlif bədii tapıntılardan istifadə edilməsinə əlavə imkan yaranırdı. Binanın kürsü mərtəbəsində artistlərin məşq etməsi üçün əlavə manej tikilmişdi. Manej üzərindəki kolosnikin başqa sirklərdəkindən hündür - 24 metr olması, ən müxtəlif hava nömrələrinin işləməsinə imkan verəcəkdi. Tamaşa salonunda sirk nömrələrində istifadə olunan mürəkkəb ləvazimatların etibarlı şəkildə bağlanıb bərkidilməsi üçün salonun ən müxtəlif yerlərində mindən artıq xüsusi halqa və bərkitmə yerləri nəzərdə tutulurdu (ARDA, fond 411, siyahı 38, saxlama vahidi 129, vərəq 198-199). Kompleksin sahəsində qastrola gələn artistlərin yaşaması üçün mehmanxana tikilmişdi.
Binanın günbəzi də diqqət çəkirdi. 150 ton çəkisi olan dayaqsız metal konstruksiya layihəsinin müəllifi M.Məmmədəliyev idi. Quraşdırma işlərinə “Cənubpoladkonstruksiya” idarəsinin Bakı sahəsinin rəisi İ.İ.Berdiçevski, iş icraçısı B.L.Fişman rəhbərlik edir, təhlükəli yüksəklikdə icra olunan işləri montajçılar V.Balandin, V.Opanasyuk, E.Mehdiyev və başqaları həyata keçirirdi.
Binanın zahiri xüsusiyyətləri də sənətşünaslar tərəfindən yüksək qiymətləndirilirdi. Görkəmli alim, memarlıq doktoru Rayihə Əmənzadə öz tədqiqatlarında yazır: “Bu dövrdə Bakıda tikilmiş ən iri ictimai binalardan biri də Dövlət sirkinin binası idi. Onun texnoloji cəhətdən özünü doğrultmuş silindr formalı girişinin həlli orijinal və hərtərəfli düşünülmüş idi” (Əmənzadə R. “Azərbaycan memarlığında baştağlar”. Bakı, Azərnəşr, 1995, səh. 68). Sirkin binası yüksəklikdə tikildiyindən daha da monumental, əzəmətli görünür, şəhərə xüsusi yaraşıq verirdi. Təəssüf ki, öz nəhəng ölçüləri və möhtəşəmliyi ilə seçilən bina son illər ərzində ətraf ərazidə ucaldılan göydələnlərin arasında qalıb.
Sirkin bu gün də gözoxşayan daxili interyerində milli memarlığımızla müasirliyin sintezi gözəl ahəng yaradır. Hündür, geniş, işıqlı foyenin divarları milli sirk sənətimizin, eləcə də dünya sirkinin tarixini əks etdirən nəfis mozaikalarla, döymə üsulu ilə işlənmiş mis lövhələrlə bəzənmişdir. Mozaikaların milli xalçalarımızın üslubunda hazırlanması onların emosional təsir gücünü artırır.
Bakı sirkinin inşasına çox böyük vaxt, vəsait və zəhmət sərf olunmuşdu. Nəhayət, 1967-ci il dekabrın 25-də yeni binada ilk tamaşa baş tutdu. Təntənəli açılış proqramına əsasən azərbaycanlı sirk artistləri dəvət olunmuşdular. Əhliləşdirdiyi böyük heyvanlar qrupu ilə Mansur Şirvani, kəndir üzərində rəqs edən Şəfiqə Baxşəliyeva, ekssentrik musiqili nömrə ilə Əli Əsgər, əhliləşdirilmiş itlərlə təlimçi Maral xanım, akrobatlar Nina Şubina və Tofiq Axundov, kəndirbaz Camaləddin Zalov, Şimali Osetiyanın Əməkdar artisti Yuri Petroviç Merdenovun rəhbərliyi ilə əsasən həmyerlilərimizdən ibarət “Azərbaycan igidləri” atlı-akrobat qrupu və başqa məşhur sirk artistlərimiz çıxış edirdi. Proqramın aparıcısı Şəfiqə Hacıyeva, orkestrin dirijoru Həsən Rzayev idi.
Bakı sirki bu gün də paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları tamaşa müəssisələrindəndir. Tamaşaçılar burada dünya sirk sənətinin parlaq nümunələrini, məşhur sirk artistlərinin çıxışlarını izləyirlər. Təbii ki, Bakı sirkinin inşasından keçən 45 il ərzində müasir sirk tamaşalarının səs, işıq tərtibatı prinsipləri, tamaşaların quruluşuna olan estetik tələblər də əsaslı şəkildə dəyişmişdir. Bu çatışmazlığı aradan qaldırmaq üçün sirkdə müxtəlif əlavə səs avadanlığından, effektli işıq-lazer sistemlərindən, müxtəlif müasir qurğulardan icarəyə götürmək yolu ilə istifadə olunur. Sirkin isitmə və kondisioner sistemləri də köhnəldiyi üçün, bu avadanlıqdan istifadə olunması böyük vəsait tələb edir. Son illər ölkəmizdə bir çox mədəniyyət müəssisələri ən müasir tələblərə uyğun olaraq təmir edilir və ya yenidən qurulur. Bu mənada möhtəşəm memarlıq nümunəsi olan Bakı sirkinin funksional xüsusiyyətlərinin genişləndirilməsi, müasir vasitələrlə təchiz olunması, sözsüz ki, Azərbaycanda milli sirk sənətinin inkişafına da öz müsbət təsirini göstərəcəkdir.
Rəcəb Məmmədov,
sənətşünaslıq üzrə fəlsəfə doktoru