Dövlətçilik tariximizdə, ədəbi dilimizin inkişafında, poeziyamızın əxlaqi-mənəvi dəyərlərlə zənginləşməsində özünəməxsus yeri olan şəxsiyyətlərimiz yaşayıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində onlardan birini - Azərbaycan Səfəvilər dövlətinin qurucusu, böyük sərkərdə, şair Şah İsmayıl Xətaini (1487-1524) xatırlamaq istərdik. Başa çatan il Şah İsmayılın anadan olmasının 525 illik yubileyi ilə yadda qaldı.
   
   Bu görkəmli şəxsiyyətin ictimai-siyasi fəaliyyəti ilə poetik-fəlsəfi yaradıcılığı arasında üzvi bir bağlılıq olub. Mənbələrdə onun mərd, cəsur və ədalətli bir hökmdar olduğu öz təsdiqini tapır. Eyni zamanda onun əsərlərində də humanistlik, səxavətlilik, genişürəklilik kimi keyfiyyətlər bədii çalarlarla verilib. Həqiqətən düzlük, doğruluq və səmimiyyət Xətaiyə görə yüksək insani keyfiyyətlər sayılıb. O, “Nəsihətnamə” əsərində bu barədə yazır:
   Yəqin bil, doğruluq dost qapusudur,
   Həqiqət aləminin tapusudur.
   Ola sidq ilə kim ki, əhli-niyaz,
   Yol içində ol ola saf şahbaz.
   Araşdırmalardan məlumdur ki, hələ hökmdar olmamışdan əvvəl bütün bu yüksək insani sifətlərinə görə, minlərlə insan onu özünə mənəvi rəhbər - mürşid sayıb. Onun ucaldığı insanlıq mərtəbəsinə yüksəlməyə çalışıb. Yolunda və uğrunda canlarından keçməyə hazır olublar. Orta əsrlərdə bu cür dini-mənəvi rəhbərlərə “mürşidi-kamil” deyiblər. Şah İsmayıl Xətai dövrünün el şairlərindən olan Dirili Aşıq Qurbani də hökmdara məhz belə müraciət edib:
   Mürşidi-kamilim, Şeyx oğlu şahim,
   Bir ərzim var qulluğuna, şah, mənim!
   Əziz başın üçün, oxu ərzimi,
   Agah ol dərdimdən gahbagah mənim!
   Şah İsmayıl Səfəvi özü kamil şəxsiyyət olduğu üçün, müridlərini də kamil və əxlaqlı görmək istəyib. Bildirib ki, bu mərtəbəyə çatmaq üçün hər kəs ürəyində öz tanrısına və başqa insanlara məhəbbət aşılamalı, kin-küdurətdən, paxıllıqdan, pislikdən təmizlənməlidir. Müasirlərinə, eləcə də gələcək nəsillərə nəsihətinin çatması üçün yazıb:
   İman əhli isən, ey can, vəleykin
   Ki, cismü canü dildə dutmagil kin.
   Budur sözüm sana, məndən əmanət,
   Könül yıxma, vəli eylə imarət.
   Dəxi yoldaş ilə qonşunu gözlə,
   Ki xəlqin eybini sən açma, gizlə.
   Şah Xətai təriqət mürşidi olduğu üçün, kamil mürşid əxlaqını da daim rəhbər tutub. Dərvişxislət bir hökmdar olduğunu etiraf edib. Məhz bu səbəbdən də lovğalıq kimi mənfi sifətləri kamil insan üçün nöqsan sayıb və pisləyib. Bildirib ki, mütləq hakimlərin öz qəzəb və məğrurluğunu ram etməsinin ən asan yolu - nəfsi öldürmək, şeytana uymamaq və təvazökarlıqdır. O, əsərlərinin birində kamil insanla cahil insanı qarşı-qarşıya qoyur. Cahilin sözünə uyanın heç vaxt kamala çatmayacağı fikrini irəli sürür:
   Şah Xətaim, edim bu sirri bəyan,
   Kamilmidir cahil sözünə uyan?
   Bir başdan ağlamaq ömrədir ziyan,
   İki başdan mühibb, yar olmayınca.
   Şah İsmayıl Xətainin görkəmli şair kimi poeziyasından bəhs etdik. Onun bir dövlət xadimi kimi fəaliyyətinə nəzər salarkən demək olar ki, XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoyur. Şah İsmayılın rəhbərliyi ilə Azərbaycan torpaqları birləşir. Paytaxtı Təbriz olan vahid Azərbaycan dövləti - Səfəvilər dövləti meydana gəlir. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın mədəniyyəti daha da yüksəlir. Azərbaycan dili dövlət dilinə çevrilir. Yaxın və Orta Şərqdə dilimizin rolu artır. Səfəvi sarayına gələn xarici elçilərlə diplomatik danışıqlar Azərbaycan dilində aparılır...
    Şah İsmayılı xatırlayarkən çağdaş dövlətimiz - öz dövlət dili, bayrağı, himni olan müstəqil və suveren Azərbaycan Respublikası göz önünə gəlir. Dövlət müstəqilliyinin 3-cü onilliyini yaşayan Azərbaycan qlobal çağırışlara inamla cavab verərək çağdaş dünya nizamında layiqli yer tutur...
   
   Savalan Fərəcov   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar