28 dekabr 1920 - Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi, akademik Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində anadan olub. EA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1967-1985) işləyib.
28 dekabr 1927 - Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov Naxçıvan şəhərində doğulub. Əsərləri: “Qurbanəlibəy” musiqili komediyası, «Şeyx Sənan» baleti, “Hüseyn Cavid» simfoniyası və s.
28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 1995-ci ildən Milli Məclisin deputatıdır.
28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində doğulub.
28 dekabr 1941 - Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 - 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Ona yanıram ki", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. 1991-2000-ci illərdə "Mədəniyyət" qəzetinin baş redaktoru olub.
29 dekabr 1921 - Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. "Aləmdə səsim var mənim" (S.Ə.Şirvani haqqında), "Yad et məni" (A.Səhhət), "Bakı-1501" (Xətai) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" və s. kitabları tərtib edib.
29 dekabr 1929 - Tarix elmləri doktoru, akademik Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
29 dekabr 1929 - Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəran şəhərində doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Milli Dram və Rus Dram teatrlarında tamaşalara bədii tərtibat verib.
29 dekabr 1946 - Məşhur şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 16.10.2003) anadan olub. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
30 dekabr 1926 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Bir sıra opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" və s.) əsas rolları ifa edib.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək cənubdakı soydaşlarımıza qovuşublar. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında bu tarixin dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan olunub.
31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) anadan olub. Sənədli filmlər çəkib. "Lətif" (1930), "İsmət" (1934) və s. bədii filmlərə quruluş verib.
31 dekabr 1907 - Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 - 5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
31 dekabr 1910 - Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov”; 1910 - 29.3.1984) Ordubadda anadan olub. Əsərləri: “Babək”, “Odlar içində”, “Məhəbbət abidəsi” (pyeslər); “Səngərdən gələn səslər”, “Bir güllə” (povestlər).
31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) Bakıda doğulub. Uşaq-gənclər üçün çoxsaylı əsərlərin müəllifidir. Kitabları: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
31 dekabr 1927 - Opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev (1927 - 1.2.2006) anadan olub. Opera və Balet Teatrında rolları: Leylinin atası ("Leyli və Məcnun"), Həmzə ("Koroğlu"), Babakişi ("Sevil") və s. “Böyük dayaq” (Salman), “Gecə qatarında qətl” (şef) filmlərində çəkilib.
31 dekabr 1932 - Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932-2004) Kəlbəcər rayonunun Seyidlər kəndində doğulub. Kitabları: «Haqqa qardaş yaranmışam», «Vətən bizi bağışlamaz», «Qaldı ürəyimdə dağı dağların» və s.
31 dekabr 1934 - Böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899, Xızı - 1934) vəfat edib. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri) müəllifidir.
1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 - 17.10.1975) anadan olub.
1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Əsərləri: “Can yanğısı”, "Əbdül və Şahzadə", "Duman", "Ərdoy dərəsi", "Cəng", "Dan ulduzu" və s. Azərbaycan Dövlət Arxivinin müdiri (1923-1927) olub.
1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1 yanvar 1930 - Yazıçı Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “İnsan düşünür", "Nigaran baxışlar", "Borçalı əhvalatları", "Çətin görüş", "Yanıq Abdullanın yuxuları" və s.
1 yanvar 1937 - Görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 yanvar 1947 - Tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunun Talış kəndində (indiki Ağsu rayonu) doğulub. Televiziya tamaşalarında ("Günahsız Abdulla", "Topal Teymur"), “Qatır Məmməd”, “Babək”, “Üzeyir ömrü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.
2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Babamızın babasının babası” (Əliquliyev), “Evlənmək istəyirəm” (Həsən ağa), “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Bir çox televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
Hazırladı: Vüqar Orxan