“Ey təbiblər, Əbdülqadir bu uddan şəfa tapsa, təəccüblənməyin. Çünki o, özünün şəfasını musiqidə axtarır”
   
   Şair, filosof, rəssam, xəttat, mahir ifaçı və musiqi nəzəriyyəçisi Əbdülqadir Marağayi Azərbaycan mədəniyyəti tarixində böyük iz qoymuş şəxsiyyətlərdəndir. Görkəmli mütəfəkkirin anadan olmasından 660 il ötür.
   
   Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayi 1353-cü ildə Cənubi Azərbaycanın Marağa şəhərində anadan olub. Atası Qeybi ilk gündən ona böyük ümid və qayğı ilə yanaşıb. Təlim-tərbiyəsi və təhsili ilə ciddi məşğul olub. Əbdülqadir ərəb, fars dillərini dərindən mənimsəyib. Erkən yaşlarından musiqiyə böyük maraq göstərib. Bu səbəbdən də Şərq musiqi elmini öyrənməyə başlayıb, xanəndə, bəstəkar kimi şöhrət tapıb.
   Onun belə tez məşhurlaşmasında Marağa mühitinin böyük rolu olur. Çünki bu şəhər həmin dövrdə təkcə Azərbaycanın deyil, ümumən Yaxın Şərqin elm və sənət ocağı idi. Bir müddət sonra o, Bağdada köçür, burada xeyli vaxt yaşayır və yaradıcılıqla məşğul olur.
   1393-cü ildə Əmir Teymur Bağdadı tutur. Şəhərin bir çox görkəmli sənətkarları ilə bərabər Əbdülqadir Marağayini də Səmərqəndə göndərir. O, Səmərqənddə olarkən Teymurun sarayında böyük hörmət qazanır. 1399-cu ildə yenidən Azərbaycana qayıdır. Bir müddət Təbrizdə Teymurun oğlu Miranşahın sarayında çalışır. Çox keçmir, sarayda hərc-mərclik yaranır. Bu fürsətdən yararlanan Marağayi Təbrizi tərk edərək Bağdada gəlir.
   Ancaq onun burada rahat yaşaması mümkün olmur. Çox çəkmir, Əmir Teymur geri dönür. 1401-ci ildə Bağdadı yenidən ələ keçirir. Əbdülqadir Marağayi bir daha həbs olunur. Bu dəfə ölümü haqda fərman verilir. Tarixçi Xandəmir “Həbibi-Siyar” əsərində yazır: “Əbdülqadirin edam günü Bağdad camaatı həyəcanlı bir gün yaşayır. Böyük bir təlaş içində meydana toplanır. Edamda Əmir Teymur da iştirak edir. Onu öldürməyə gətirəndə o, Qurandan bir surəni ucadan, həm də çox təsirli və xoş bir avazla oxuyur. Onun belə mahir oxumasından Teymur çox təsirlənir. Edamı dayandırır və deyir: “Əbdülqadiri əfv etdim”. Sonra gülümsəyərək əlavə edir: “Əbdülqadir qorxudan Quranda cəng çaldı”.
   1405-ci ildə Əmir Teymur vəfat edir. Marağayi bir daha Bağdadda yaşamaq istəmir, köçüb Herat şəhərinə gedir. Ömrünün son illərini burada keçirir. 1436-cı ildə taun xəstəliyinə tutulur və vəfat edir.
   Onun yaradıcılığını tədqiq edən görkəmli bəstəkar və musiqişünas Əfrasiyab Bədəlbəyli yazır: “Nadir istedad, hərtərəfli məlumat və dərin təfəkkür sahibi Ə.Marağayi musiqi sənətinə hərtərəfli yanaşan musiqi alimidir. O, musiqi sədalarında hər şeydən əvvəl, insan nəfəsinin ən səmimi ifadəsini duyur, musiqi avazı ilə insan varlığının ülviyyətini, daşıdığı böyük, dərin mənanı dərk etmək istəyir”.
   Marağayi musiqi təlimi sahəsində geniş yaradıcılıq işi aparıb. Bir neçə qiymətli əsər yazıb. “Came-əl-Əlhan”, “Məqasid-əl-Əlhan”, “Kənz-ül-Əlhan” onun məşhur əsərləridir. Bu ölməz əsərlər Şərq, xüsusilə Azərbaycan musiqisi ilə məşğul olanlar üçün tükənməz bir xəzinədir.
   Qeyd edək ki, Ə.Marağayinin atası Qeybi dövrünün tanınmış musiqişünası idi və oğlunun bu sahədə alim kimi yetişməsində onun da böyük rolu olub. Marağayi “Məqasid-əl-Əlhan” əsərində bu haqda yazır: “Atam müxtəlif elm sahələrində, xüsusilə musiqi elmində bilici, bacarıqlı və qabil idi. O, mənim tərbiyəmə çox əmək sərf etmişdir. Musiqini mənə o öyrətdi. Onun bu işdə məqsədi o idi ki, mən Quranı avazla oxuya bilim”.
   Quranı əzbərdən bilən və özünəməxsus bir ustalıqla oxuyan Əbdülqadir sonradan taleyini musiqiyə bağlayır. O, bir şeirində musiqi ilə əlaqədar çox qəribə bir hekayət yaradıb. Həmin əsərində yazır ki, bir gün bərk xəstələnir. Yanına çoxlu təbiblər gəlir. Ancaq onun xəstəliyinə əlac tapa bilmirlər. O, təbiblərin məyusluğunu duyur və deyir: “Bir halda ki, dərdimə əlac edə bilmirsiniz, onda qulaq asın”. Udu götürüb sinəsinə sıxır və deyir: “İndi ürəyimin pərdələri üzərində əməliyyat aparıb öz dərdimə əlac tapacağımı dinləyin”.
   Ud dilə gəlir və tel-tel ötür. Marağayi avazla oxuyur: “Ey təbiblər, Əbdülqadir bu uddan şəfa tapsa, təəccüblənməyin. Çünki o, özünün şəfasını musiqidə axtarır”.
   Əbdülqadir öz ustadlarından çox şey öyrənir. Dərin bilik və əzmkarlığı sayəsində özünü ustadlar səviyyəsinə çatdırır. Şərq musiqi xəzinəsinə zəngin irs bəxş edir. Bu haqda görkəmli bəstəkar Üzeyir Hacıbəyli yazır: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişaf tarixində iki Azərbaycan alimi, nəzəriyyəçi və musiqişünası - Səfiəddin Urməvi və Əbdülqadir Marağayi başlıca yer tutur”.
   Dövrünün tanınmış şairi, alimi, rəssamı, xəttatı, mahir ifaçısı və musiqi nəzəriyyəçisi Marağayi böyük əməlləri sayəsində Şərqin adlı-sanlı alimləri olan Əl-Fərabi və İbn Sina kimi “ustadı salis” adını alır.
   Marağayi də Urməvi kimi musiqi yazı işarələri - tabulatura düzəltmək işində böyük təşəbbüskarlıq göstərib. Tarixçi Xandəmir onu musiqi elminin Davudu və dövrünün heç kəslə müqayisə edilməyən musiqişünası adlandırıb. Cəlairli Sultan Əhməd yazıb: “Zəmanəsinin filosofu Əbdülqadirin vəsfini şərh etməkdə acizəm. Dövrünün filosofu və alimi olması onun tərifinin mində biridir”.
   O, XV əsrdə yazdığı bir şeirində deyir:
   
   Ey cami cahan, bəhre səfa, bizi unutma,
   Vey mahi zəbin, mehri liqa, bizi unutma.
   Ayrılmadan canım qılınc ilə eşqindən,
   Kər çərxi-fələk qıldı qida, bizi unutma.
   Vardır kərəmindən bu qədər bircə unutma.
   Kər saldı cida bizi qəza, bizi unutma.
   
   Əbdülqadir Marağayinin yaşadığı dövrdən əsrlər, qərinələr ötüb. Buna baxmayaraq onun qoyub getdiyi musiqi irsi indinin özündə də təravətini və elmi dəyərini qoruyub saxlayır. Onu düşünərkən, zəngin yaradıcılığı göz önünə gəlir. Könüllərdə şeirə musiqi bəstələyən bəstəkar, musiqiyə şeir qoşan gözəl şair, bəstələdiyi mahnını özünəməxsus avazla oxuyan təbli müğənni, müdrik kəlamlarını zərif barmaqları ilə vərəqlərə nəqş edən rəssam və xəttat Marağayinin əbədiyaşar surəti canlanır. Ruhuna dərin hörmət və ehtiram yaranır...
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar