Azərbaycan
   
   15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" (roman), “Hamballar" (povest).
   15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub. Azərbaycan kino tarixinin yorulmaz tədqiqatçısı, çoxsaylı kitabların müəllifi, “Azərbaycan Kino Ensiklopediyası”nın tərtibçisidir.
   15 yanvar 1952 - Tarixçi alim, professor Cəmil Poladxan oğlu Həsənli Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. XX əsr Azərbaycan tarixinə dair 10-dan çox kitabın müəllifidir. Milli Məclisin deputatı (2005-2010) olub.
   
   16 yanvar 1905 - Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin qızı, yazıçı Üm-əl Banin (Ümbülbanu; 1905-1994) anadan olub. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər yazıb.
   16 yanvar 1939 - Şair Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.
   16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944-20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı (1990-1991) olub. Deputat həmkarı, alim Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
   17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadə və teatr binasının (indiki Musiqili Komediya Teatrı) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev iştirak edib.
   17 yanvar 1926 - Şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şeir və poema kitablarının müəllifidir.
   17 yanvar 1992 - Azərbaycan Ali Sovetinin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edib.
   
   Dünya
   
   15 yanvar 1622 - Görkəmli fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin dit Moliere; 1622-17.2. 1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.
   15 yanvar 1795 - Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795-11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.
   15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850-15.6.1889) anadan olub.
   15 yanvar 1870 - Ukrayna yazıçısı, tanınmış şərqşünas, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.
   15 yanvar 1891 - Yəhudi əsilli Rusiya şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam (1891-1938) anadan olub.
   15 yanvar 1902 - Böyük türk şairi Nazim Hikmət (1902 - 3.6.1963) Salonikidə (indiki Yunanıstan ərazisi) anadan olub. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilmiş, 1951-ci ildə ona SSRİ-yə mühacirətə icazə verilmişdi. Türkiyə vətəndaşlığından məhrum edilən N.Hikmət ömrünün axırınadək SSRİ-də yaşadı. Məzarı Moskvadadır. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında "Azərbaycanfilm"də "Bir məhəllədən iki nəfər" (1957), “Yaşamaq gözəldir, qardaşım” (1966), “Mosfilm”də (Türkiyənin “Tuqrafilm” studiyası ilə birgə) "Məhəbbətim mənim, kədərim mənim" (rejissor Əjdər İbrahimov) filmləri çəkilib.
   15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. Rasim Ocaqovun “İstintaq” filmində (Muradın kamera yoldaşı) çəkilib.
   
   16 yanvar 1749 - İtaliya şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.
   16 yanvar 1867 - Rus yazıçısı, şair və tərcüməçi Vikenti Vikentyeviç Veresayev (Smidoviç, 1867-1945) anadan olub. Əsərləri: “Yolsuz”, “Həkimin qeydləri”, “Canlı həyat” və s.
   16 yanvar 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub. Filmləri: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.
   16 yanvar 1948 - Amerika kinorejissoru, ssenarist, aktyor və kino bəstəkarı Con Karpenter (John Carpenter) anadan olub. “Hellouin”, “Duman”, “Nyu-Yorkdan qaçış” və s. qorxu filmlərinin (sleşer) müəllifidir.
   
   17 yanvar 1706 - Görkəmli Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından və ölkə Konstitusiyasının müəlliflərindən biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.
   17 yanvar 1863 - Görkəmli rus teatr rejissoru, pedaqoq, teatrşünas Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.
   17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə anadan olub. Fransız və ərəb dilində populyar mahnılar oxuyub.
   17 yanvar 1962 - Amerika və Kanada aktyoru, ssenarist, prodüser Cim Kerri (James Eugene Carrey) anadan olub. Filmləri: “Maska”, “Kütbeyin və lap kütbeyin”, “Kabelçi”, “Yalançı, yalançı” və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar