O Axşamın pərşuma oxşam, o Gecən cecə gecə, sabahısı Səhərin zəhərə tən!
Xoş dəmlərimizdə “quş qanadlı” deyə təşbeh etdiyimiz illərin o Axşamını, o Gecəsini, o Səhərini “qış qanadlı” keçirdin ömrümüzdən...
Ancaq o qanlı tarixçən həm də bizi şanlı müstəqillik tariximizə yaxınlaşdıran ən iri və ən diri bir Addım...
İyirmi üç ildir ki, bütün şahid-ələmlilər Sən barədə düşünür, mikrofonlular, tribunalılar Səndən danışır, publi-əliqələmlilər Səndən yazır.
Bəndəniz də bir şahılıq karandaşını Sənin xəncərinlə qəddəyib, qara başını o tırtıllı hadisələrin xatirələrilə sədləyib, bu “QaraYanvarNamə”ni yazar olur...
“Poetik”-fonetik səsləniş
Sən - Səndən sonra doğulmuşlara söylə ki, bu “namə”ni yalnız elə mütaliə etməklə kifayətlənməsinlər. Sözlərin o üzündəkiləri görməyə, duyğuların o tayında uyuyanlara baxmağa da çalışsınlar...
De ki, ey həyat bünövrəsi o Gecədən üzü bəri qoyulmuş müstəqillik şanlı vətəndaşlar! Yeni-yeni yeniyetmələr, sabahımıza hörgü uşaqlar, gələcəyimizə körpü körpələr! Deməli, siz “yanvarbryat”lar keçmiş “oktyabryat”lardan, “Sehrli xalat” filmindən tanış olduğunuz “piyanar”lardan, “qamsamol”lardan və biz “tarix-Nadir”çilərdən daha yetkin-yetkili olduğunuz üçün, inanıram ki, bu an nəsə bir şey icad eləyib, bu naməni həm də nümalayacaq, o Gecəni görəcəksiniz də...
De, təəccüblənməsinlər ki, iyirmi üç il öncəki o müsibətin passiv şahidliyində onlar da - o vaxtın uşaqları, körpələri, hətta hələ “bətn” vətənində olanlar belə, istisna edilmir.
Bəli, Sənin dəhşət-vəhşət payından hələ Anadan Vətənə gəlməmişlər də dadmışdı və mən bir az da o “bətndaş-qarındaş” balaların xatirinə bu icad-“görmə” ixtirasının arzusundayam.
Bu gün 23 yaşı tamam olan qara, yara, dinsiz-imansız Sən elə qanlı-qadalı idin ki, Səni yalnız canlı yayım kimi yazıb-yozasan gərək.
“Rejissor”umuz “Arzu Hamılı”dan xahiş edək ki, sözümüzdəki-gözümüzdəki hüzn-kədər sovuşanadək fonda şaqraq bir musiqi parçası səsləndirsin - Sənin hərb “simfoniya”nın acığına!
Hə, budur, “İldırımlı yollarla”dan adaljio-rəqs!
Aha, “səs operatoru”muz “Azad Müstəqilli” bizi aldı; bu sənət atəşini astaca-ustaca yığıb, “sözü” avtomat, pulemyot və tank-toplardan qopan siyasi-texniki yaylımlara verdi.
İndi başlayaq yaza-yaza baxmağa, görə-görə yazmağa:
Salam, məşəqqət və məşəl Gecə!
Axşamın xeyir, ah(!)-ax(!)şam! Bizi qırmızı yalan-yamanlardan qurtarası ağ şamın qutlu, 19 Yanvar Axşamı! Zülmətindən zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi Gecə, qəzan mübarək! Səhərədək yuxusuz, zirzəmilərinədək sükutsuz, zifafınadək sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız, mədəniyyətsiz Gecə! Sənin pələ qulağına yoz-bozi sözümüz, təpə gözünün içinə bir sürə alçı baxışımız var!
Bizim qanlı və şanlı Gecəmiz, o nədir elə - “qəhrəman sovet ordumuz”un saldatları Biləcəridən “Şamaxı yolu”na qalxa-qalxa çəkmələrini... yox, - bu söz çox incə-mincə səslənir, - sapoqlarını niyə belə taqqıldadırlar asfalt üstündə?! Onların qarşısına əliyalın çıxan bu gənclərə - xəbərdarlıq etmədən - nədən atəş açırlar?! Qaçıb ağaclar arxasında daldalanmaq istəyən o yeniyetmənin qarasına bütöv bir avtomat darağı boşaltmaq “ayıb” deyil-deyil, bəs, bircə nəfər “sovet balası”na 60 patron boşaltmaq “hayıf” da deyil?!.
“XI Qızıl Ordu” (“Qızıl”a bax, a!) meydanı... “Təcili yardım” maşınından düşüb, yerdə çapalayan nəhəng gövdəli bir cavana yaxınlaşan bu gənc, ağbəniz şəfqət bacısının böyür-başına bu qədər güllə yağışı yağdırarlarmı, ay qarabəniz Qobsek Gecə?!
Dəmir yol vağzalında gecələmiş bu gülsatan oğlan asfalt üstündə qərənfil-“qələm”lə nə yazıb? “Elnən gələn vay”? Bəs “toy-bayramdır” sözləri hanı? Həə... “iş başında” güllələndiyinə görə fikrini tamamlaya bilməyib...
Gəl, bunların əvvəlki “həmkarlarını” - düz 70 il əvvəl “parlaq” süngülərlə Bakıya soxulan “XI qırmızı ordu”nun zireh-qatarını da xatırlayaq, şanlı Gecə! Cəllad qələmindən çıxmış “37”li, “ÇK”lı, “NKVD”li repressiv sürgün-Sibirləri xatırlayaq. Cavidləri, Müşfiqləri aparan gecələri, gündüzləri, axşamları, səhərləri, vaxt-bivaxtları yada salaq, ey mənhus Tiranlıq və möhtəşəm Azadlıq Gecəmiz! O illərin qırmızı şüarlarından kor, güllə-baranlarından kar Gecəmiz!..
Qulağını bəri elə, bizim də beş-üç şüarımız, bir Vətənlik faciəmizə bir millətlik öygülərimiz var:
...Gün aydın, güllə çil-çırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələr olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən daha tez qurtulmazdı. Keçmiş olsun, - öncəsi yaralı, qara-qalmaqallı, nəticəsi istiqlallı Gecəmiz! İllər uzunu sinəni istehsalat orden-medalları ilə bəzəyən o Mərkəz o Gecə o əlvan metalları al-qırmızı qurşunlara çevirib, sənin üstünə çilədi!
Sən böyük bir milli dövranın banisisən, - yetmiş illik müstəmləkəliyin sonuncudan əvvəlki ləkə Gecəsi!
“Axın-axın gəlin yaxın” və maşınlarını zirehli qan-qadalar üstünə sürən kasıb-kusub sürücülərə bir də baxın! “Aslanın erkəyi-dişisi olmaz” zərb-məsəlinin mülki-hərbi abidəsini yaradan şəfqət bacılarına bir də vurulun! Bütün Gecə uzunu ciblərə, çantalara yox, sir-sifətlərə baxıb məna cilən, anlam çırpışdıran (hələ Sənin “qırx”ın çıxanadək əllərini dinc qoyub, mayalarından yeyəsi) oğrulara, cibgirlərə məəttəl qalın!..
Sən ən universal maarifçi olacaqsan, Universitet Gecə! Sən uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu tələbə xalqı əsl dövlət-dövlətçilik imtahanına çəkdin.
Sən ən mömin, şəhid-şühəda, qazi-mücahid meydanı adı qazandın, Tanrısal Gecə! “Məşhur” allahsızlıq dövranının təbliğatına uyanlar belə, Sənin bu zülüm-zülmət qaranlığında əllərini göylərə qaldırıb dua edir, millətə nicat diləyirlər. Süfrələri həftələr-aylarla ət görməyənlər xeyir işlər üçün saxladıqları toy toğlularını belə kəsib, Sənin mübarək şəhidlərinin ruhuna ehsanlar verirlər...
Sən həm də bizim ən siyasi-elitar anımızsan, İctimai Anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış Milli Məclisisən; hər kəs özlüyündə bir millət vəkilinə çevrilir bu anlar.
…Adətən, naməyə cavab gözlənər. Amma Sən narahat olma, Milli Gecəmiz! Sən 22 ildir bu cavabı vermədəsən. “Mən müstəqil ölkə vətəndaşıyam!” qürurumuzdan, çil-çıraqlı paytaxtımızdan, artıq 22 yaşına adlamış gənc və qoca, qədim və yeni, hər gün bir ləçək də çiçəklənən “Müstəqil Azərbaycan”ımızdan ibarət bir cavab...
Tahir Abbaslı