Azərbaycan
   
   25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
   25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib. Avropa Şurasına üzvlük mədəniyyətimizin dünyada təbliği üçün də əlavə imkanlar açdı. Ölkəmiz təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir, birgə layihələr həyata keçirilir.
   
   26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazağa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
   26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934, Füzuli - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Bir sıra mahnılar (“Gəl inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Müğam Teatrının yaradıcılarından biri və 20 ilə yaxın bədii rəhbəri olub. 100-dən çox ifaçı yetişdirib. “Şöhrət” ordeni ilə təltif olunub.
   
   27 yanvar 1806 - Ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazıdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib, general rütbəsinədək yüksəlib.
   27 yanvar 1906 - Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912-7.9.1990) anadan olub.
   
   28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   28 yanvar 1908 - Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Peterburqdan Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60) Azərbaycan bəstəkarlarının (F.Əmirov, C.Cahangirov və s.) müəllimi olub. «Maskarad», «Ağıldan bəla» operaları, «Qızıl açar» baletinin müəllifidir.
   28 yanvar 1923 - Yazıçılar Birliyinin (1934) orqanı olan “Azərbaycan” jurnalının birinci sayı çapdan çıxıb. Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət”, sonrakı illərdə "İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya və kultura" (1936-1941) və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.
   28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.
   28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925-19.8.1977) anadan olub.
   28 yanvar 1944 - Aktyor, Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
   28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929-1980) vəfat edib.
   28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Uzun illər Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
   
   Dünya
   
   25 yanvar 1743 - Alman yazıçısı və filosofu Fridrix Yakobi (Friedrich Heinrich Jacobi, 1743-1819) anadan olub. “Voldemar” romanının müəllifidir.
   25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
   25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
   25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
   25 yanvar 1882 - İngilis yazıçısı, modernist ədəbiyyatın nümayəndəsi Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
   25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938-25.7. 1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz” filmində Jeqlov rolu ilə şöhrət qazanıb. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib.
   
   26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Nikolayeviç Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.
   26 yanvar 1925 - Amerika aktyoru, rejissor, prodüser Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.
   
   27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələməyə başlayıb. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
   27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
   27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər” “Həyatın təfərrüatı” və s.
   27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”), “Snark ovu” yumoristik poemasının və s. müəllifidir.
   
   28 yanvar 1897 - Rus yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
   28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, (1912-1956) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan