Çox sahədə çox görkəmli, bir işdə isə əzəmətli Firudin bəy Köçərli
Tarixçilər hər xalqın (nəticə etibarilə bəşəriyyətin) böyük ehtiramına layiqdirlər. Bəs tarixi yaradanlar?!
Bütün şüurlu ömrü uzunu maarif, pedaqogika, ədəbiyyat, ədəbiyyatşünaslıq, publisistika və digər ümumxalq nəfli irs, mühüm iz tarixçələri qoymuş Firudin bəy Köçərli 1918-ci ilin əvvəllərində millətimizçün bütün gələcək tutumlu bütöv bir tarix yaratdı: ümummədəniyyət taleyimizdə müstəsna rol oynamış məşhur Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Gürcüstandan Vətənimizə gətirdi!..
İyirmi ildən çoxdur ki, - yetmiş ilə yaxın öydüyümüz, potensial yağı qonşumuzun törədəcəyi perspektiv cəfalara göz yumub, İsa bulağının səfalarından danışıb-yazdığımız Şuşanın işğalından bəhs edir, hərdən milli yumruq kimi birləşib cəmi-cəmiyyət olaraq kükrəyir, hərdən susub kənarlardan bir rəy, dəstək-kömək bəkləyir, hərdən də gah işğal seriallarından öncəki “biz əllərimizdəki bel, sinələrimizdəki sazla düşmənin cavabını verrik!” mövzulu telereportajları xatırlayıb gözlərimizi döyür, gah siyasi partiyalara, regional fraksiyalara bölünüb deyinir, gah da - hər rayonun anım “yubiley”ində məhəlli-məhəlli oturub-durub ağlaşma qururuq...
Firudin bəy Köçərli dövrünün ziyalıları, yazar-danışarları isə belə etmirdilər. Bütün bunları - axırda uşaqlarını qızındırmaqçün əlyazmalarını sobaya atacaqlarını (C.Məmmədquluzadə), bütün varidatını tədqiqat materiallarına xərcləyib acından öləcəklərini (S.Mümtaz), sürgünlərdə çürüyəcəklərini (H.Cavid), şahidsiz-sübutsuz güllələnəcəklərini (haman bu Firudin bəy Köçərli) ehtimal edə-edə edirdilər.
Belələri böyük-böyük işlər görməkdə, belə-belə ehtimallar etməkdə, qatı daşnaklığını gizlədib XI Qızıl ordu sıralarına soxularaq “ən vəfalı bolşevik” donuna girmiş Liberman(lar) isə Gəncədən kilometrlərlə uzaqda maarifçiliklə məşğul olan Qazax Müəllimlər Seminariyasının direktoru Firudin bəy Köçərlini yuxarılara “Gəncə üsyanının əsas təşkilatçısı” kimi realizə etdirməkdə...
Ərəfə
Yəni on yeddi il sonrakı qanlı “37”yə hazırlıq dövrü.
Beləliklə, 4 iyun 1920-ci il, Gəncə:
“Mən, iyirminci diviziyanın Xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən (!? - red.) və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda millətçilik ehtiraslarını qızışdırmış, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7 №li Xüsusi bölmənin rəisi Liberman.
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov”.
Həmin tarixçəni təkrar qeyd edək: “4 iyun 1920-ci il, Gəncə...”
Deməli, bolşeviklər (hər yerdə olduğu kimi) bu xalqın daha fəal düşünən beyinlərini, bəyandar dillərini, ziyalı ordusu yetişdirən aydınlarını öz hakimiyyətlərinin elə bələyindəcə boğur, siyasi “izdivac gərdəyi”ndəcə məhv edirmişlər ki, nəzərdə tutduqları perspektiv total repressiya maşınları əngəlsiz, maneəsiz hərəkət etsin.
Həmin “Zaman maneələri”ndən biri də Firudin bəy Köçərli imiş ki, o, bizim milli taleyimizə azman maarif xadimi, universal mədəniyyət mələyi timsalında -
Parlaq Günəş kimi
doğulmuşdu. Yuxarıda xoş ərzi-halına və dərd-ələminə dair üç-dörd söz söylədiyim Şuşada doğulmuşdu. Düz 150 il öncə yanvarın 26-da dünyaya gəlmiş, oradakı beş-on erməni-rus uşağının “benefis”inə açılmış “rus şkolası”nda oxumuş, 1878-ci ildə məşhur “tələbəaxtaran” Aleksey Çernyayevskinin bu şəhərə gəlib onu da seçməsilə Qori Müəllimlər Seminariyasına yollanmış və qısa sürəli ayrılıqları, habelə bəzi “xırda-para” görəvlərilə əlaqədar fövri təcridolunmaları istisna edilməklə, bütün ömrünü bu məktəbin qəriblikdəki və doğma yurdumuzdakı dönəm-dövranına həsr və fəda etmişdir. Həmin “istisna”larda isə xeyli müstəsnalıqlar ehtiva edilir. Məsələn, həmin seminariyanın məzunu Firudin 1885-ci ildə (22 yaşında) qədim yurdumuz İrəvana gəlir, növbəti il (gimnaziyada müəllim işlərkən) M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının - bütün şəhərdə hadisəyə çevrilən tamaşasını təşkil edir. Daha sonra “Vətən dili”nin birinci hissəsinin yenidən işlənməsində (300-dən çox düzəlişi, elmi-nəzəri materialların, hekayələrin artırılması, metodika və stilistikasının zənginləşməsində) əvəzsiz xidmətləri olur (qeyd edək ki, özünün “Darı və buğda” əsəri də həmin dərsliyə salınmışdı). 1910-cu ildən isə Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin təlimatçısı təyin olunur, Azərbaycandan gəlib, bu az-çox sivil, gözqamaşdırıcı qəribliyə, müxtəlif qəribəliklərə, yeniliklərə alışmaqda çətinliklər çəkən yeni-yeni müdavimlərə arxa-dayaq olur, onlara mənəvi (bəzən də maddi) dəstək verir.
Və nəhayət, 1918-ci ildə o, yazının girişində toxunduğum kimi, həmin seminariyanın bütün mükəlləfiyyətini bir vaqona yükləyərək Azərbaycana doğru tarixi yol başlayır. Bu böyük yolda o özü fizikən ikicə il olsa da, mənən hələ də səfərdədir. Belə ki, o vaxtlar (böyük ürək sahibi, millət düşüncəlisi, xalq səxavətlisi - qazaxlı Məşədi İbrahimin on yeddi otaqlı mülkündə) bünövrə etdiyi seminariyanı bitirənlər onun arzu və əməllərini, amal və duyğularını bu gün də yaşadır və biri-birinə ötürülən bu mənəvi miras əbədi olaraq da yaşayacaq. Deməli, belə yollar heç bir mənzil-məsafədə kəsilmir, bitmir. Nə olsun ki, o məktəb özünün bütün maddi əşyaları, Şərqdə ən zəngin kitabxanası ilə 1937-ci ildə Qazax rayon NKVD-si Xoren Qriqoryan yoldaşın “erqu-eres” sözü - “keçmişin qalığı” kəlməsi ilə yandırılıb kül edilmişdir?!
Qazaxlı ağsaqqallardan birinin (məşhur at bilicisi Firudin kişinin) mənə danışdığına görə, atası ona danışarmış ki, Xoren Qriqoryanın “yoldaş” xanımı da qazaxlı arvadlara çox sözlər deyərmiş: “Axci, kişilərinizə deyin mənim kişimə acıxlı baxmasınnar, yoxsa hamısını tutub göndərər Piridun bekin dalıyca!..”
“Yoldaş”lar bu böyük Kişi haqda belə-belə sözlər deyirmişlər. Bəs görək onun məsləkdaşları -
Nə deyiblər, nə yazıblar...
Firudin bəyin “seminariya yüklü” vaqonu ilə Poylu stansiyasına çata-çatda olan qatarın qabağını kəsən gürcü atlılarının qəzəbli qara-qışqırığını, yüksək çinli zabitin “bu saat vaqonu açın və Gürcüstana qaytarın!” əmrini eşidən stansiya rəisi onları sakitləşdirdikdən sonra, çıxılmaz vəziyyətdə qalmış F.Köçərlinin qulağına əyilib deyir: “Firudin bəy, heç narahat olmayın. Mən özüm hər şeyi həll edəcəyəm. Siz məni tanımasanız da, mən sizin necə böyük millət xadimi olduğunuzu bilirəm...”
Böyük şairimiz Səməd Vurğunun nənəsi Aşa arvad balaca Səmədin seminariyaya qəbulundan sonra deyir: “Ay Firudin qağa, indiyəcən elə bilirdim bu anadan yetim uşaq bir tərəfə çıxa bilmiyəjək. Səni ki gördüm, sən ki bu tifili belə qiymətdəndirdin, day dərdim başımnan da düşdü, huşumnan da...”
Həmin seminariyanı bitirmiş Xalq şairi Osman Sarıvəlli: “Firudin bəy bizə yuxarı siniflərdə dərs deyəcəkdi. Təəssüf ki, qismət olmadı, 20-ci ildə güllələndi. Görkəmli şəxsiyyət, çox savadlı, ləyaqətli adam kimi ona dərin hörmət və məhəbbətlə baxardıq. Hiss edirdik ki, bu qəribə kişi bütün müəllimlərin, ziyalıların ümid yeri, arxa-dayağıdır. Onun seminariyası bizə təkcə bilik, məlumat yox, əsl həyat dərsi, tükənməz yaradıcılıq eşqi verdi”.
On yeddi otaqlı mülkünü seminariyaya verib, böyük ailəsilə Kosalar kəndindəki beş gözlü evə köçən Məşədi İbrahimdən soruşanda ki, bu nə “əliaçıqlıq”dı etdin, cavabında deyir: “Mən Firudin bəyin məktəbinə bina verdim, bu məktəb isə bu millətin binəsini qoyacaq!” Maraqlıdır, Məşədi İbrahimin oğlu Qori seminariyasını yarımçıq buraxıb “cavanlıq” etməyə qayıtmasıyla bu atanın “cızdağını çıxarsa da”, o, “qoy xalqın balaları oxuyub adam olsunlar” deyə, bir vaxt hərracda beş yüz qızıl verib aldığı həmin əzəmətli tikilini Firudin bəyə bağışlamışdı...
Görkəmli yazıçı və alim Mir Cəlal Firudin bəy haqqında geniş həcmli, dərin məzmunlu bir yazısını aşağıdakı sözlərlə bitirib: “Bir institutun görə bilmədiyi işi Firudin bəy Köçərli təkbaşına görmüşdür”.
Səməd Vurğunun qardaşı, vaxtilə həmin seminariyanı bitirmiş, sonralar Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuş Mehdixan Vəkilov: “...Firudin bəy Köçərlinin gələcək haqda sağlam bir romantikası vardı. O bəzən üzünü sinfə tutaraq, yanıqlı bir səslə bizə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli gələcəyini təmin edəcək xoşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım! Oxuyun ki, nicat yolları axtarışında xalqımıza dayaq ola, kömək edə biləsiniz.
Firudin bəy bu sözləri dediyi vaxtdan illər keçir. Lakin onun tələbələri olmuş bizlər, o qızıl-sırğa sözləri hələ də qulağımızda gəzdirir, vətənimizə, xalqımıza az-çox xeyir verib, öz böyük müəllimimizin vəsiyyətlərinə əməl etməkdən qürur duyuruq”.
...Və özünün dediklərindən
1910-cu il. Axşamçağı. Qori qışının soyuq-sazaqlı saatları. Həmin gün dərsdən evə gələn Firudin bəy xanımını əliqoynunda görür. Hər gəliş-görüşündə bu əsilli-nəsilli (Vəkilovlardan idi) xanımla yüksək əyarlı zarafatlar edən Firudin bəy təşvişə düşür:
- Noolub, Badisəba, niyə qəmlisən? Olmaya Şuşadan, ya Qazaxdan bəd xəbər var?
Badisəba xanım kədərlə bir köks ötürür:
- Eh, ay Firidin... Xəbər uzaqlardan deyil, budu burdandı, - deyib, ürəyini nişan verir. - Bu qədər ömür sürdük, Tanrı bizə bir övlad da vermədi ki, nişanəmiz qalsın...
Firudin bəy də öncə bir ürəkdolusu köks ötürür, bərk tutulur, mətləb beyninə işləyəndən sonra isə, gülümsünüb, xanımını düşdüyü əzəli-əbədi analıq arzu-istəyilə bağlı hisslər sıxıntısından çıxarmağa çalışır:
- Fikir eləmə, Badim! Bu seminariyada oxumuş, oxuyan və oxuyası azərbaycanlı balalar bizim də balalarımızdır. Bizi kim unutsa da, onlar yaddan çıxarmazlar. Bu, mənim yəqinimdir. Vaxt gələr - görərik də, ruhumuzla duyarıq da...
Tahir Abbaslı