Azərbaycan
   
   29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927-20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib, 1992-ci ildən bu tədris ocağına rəhbərlik edib.
   29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.
   
   30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmləri lentə alıb.
   30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936-4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
   30 yanvar 1992 - Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv qəbul olunub.
   30 yanvar 2006 - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanı ilə Mədəniyyət və Gənclər, İdman və Turizm nazirlikləri ləğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Prezidentin sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.
   
   31 yanvar 1879 - Məşhur satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879-3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur", "Bəsirət" və s. jurnallarda şeirləri dərc edilib. Milli teatr tariximizdə xidmətləri olub. “Səfa” cəmiyyətinin (1907-1918) nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
   31 yanvar 1884 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. "Bildiriş”, "İstiqlal" qəzetlərini, "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnallarını nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.
   31 yanvar 1915 - Tanınmış aktrisa, Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
   31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924-26.2.1996) Bakıda doğulub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, 1945-46-cı illərdə Milli Hökumətin fəallarından olub. Hökumətin süqutundan sonra şimala - sovet Azərbaycanına gəlib.
   31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 26.3.1910-1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - U.Şekspir), kinoda (“Fətəli xan» - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, «Səhər» - Rəhim bəy, «Böyük dayaq» - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.
   31 yanvar 1974 - Əməkdar rəssam, tanınmış qrafika və linoqravüra ustası Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903-1974) vəfat edib.
   
   Dünya
   
   29 yanvar 1860 - Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, “Üç bacı” pyesləri, “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” povestləri, “Buqələmun”, “Unter Prişibeyev”, “Qılaflı adam” hekayələri və s.
   29 yanvar 1866 - Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866-30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton”, “On dörd iyul” pyesləri və.
   
   30 yanvar 1720 - İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.
   30 yanvar 1900 - Tanınmış sovet bəstəkarı İsaak Osipoviç Dunayevski (1900-1955) anadan olub. 13 operetta və baletin, onlarla kinofilmə musiqinin, çoxsaylı populyar mahnının müəllifidir.
   30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923-19.11.1993) anadan olub. Populyar kinokomediyaların (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifidir.
   30 yanvar 1930 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatçısı Cin Hekmen (Gene Hackman) anadan olub. Filmləri: “Söhbət”, “Supermen” və s.
   
   31 yanvar 1715 - Fransız materialist filosofu Klod Adrian Helvetsi (Claude Adrien Helvetius; 1715-26.12.1771) anadan olub. Əsərləri: “Xoşbəxtlik”, “Ağıl haqqında” və s.
   31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, doqquz simfoniya, 600-dən çox mahnının müəllifidir.
   31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza, 1921-1959) anadan olub.
   31 yanvar 1924 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
   31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1994) laureatı Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İki yüzyaşlı uşaq”, “Əziz keçmişə məktublar” və s.
   31 yanvar 1937 - Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis) anadan olub. Filmləri: “Bu şirin söz - azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.
   31 yanvar 1939 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Şalvoviç Poroxovşikov (1939-15.4.2012) anadan olub. Filmləri: “Özgələr arasında doğma, özününkülər arasında yad”, “Kapitan Nemo”, “Professor Douelin vəsiyyəti”, “Voroşilov nişançısı” və s.
   
   Hazırladı: Vüqar Orxan