Azərbaycan
   
   1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927- 2004) vəfat edib. 60-dan çox televiziya tamaşasına, “İtkin gəlin” teleserialına quruluş verib. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
   
   2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891-22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
   2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912-2.5.1969) anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.
   2 fevral 1932 - Tanınmış dilçi alim, professor, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi işləyib, Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. “Şöhrət” ordeni ilə təltif edilib.
   2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.
   2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
   
   3 fevral 1900 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (20.2.1900 - 1962) vəfat edib.
   3 fevral 1938 - Yazıçı-publisist Şamil İsa oğlu Süleymanlı anadan olub. Əsərləri: “Hünər meydanı”, “Nəğməli ürək”, “Qürbətdən gələn səda”, “Böyük yolun davamı”, “Qibləsiz məzar”, “Kəsilmiş çinarın kölgəsi”, “Qisas”, “Cıdır düzü” və s.
   3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   4 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   4 fevral 1939 - Xalq artisti, aktyor Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
   4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlu anadan olub. "Məhəbbət və ölüm" baletinin, populyar mahnıların müəllifidir. Filmlərə musiqi yazıb: “Qorxma, mən səninləyəm” (eyni zamanda baş rolun (Teymur) ifaçısı), “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Hökmdarın taleyi”, "Dolu" və s. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildə ölkəmizin Rusiyada səfiri təyin edilib.
   4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları uğurla ifa edib.
   
   5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918-13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
   5 fevral 1930 - Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. 100-dən artıq mahnı və təsnifin müəllifidir.
   5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. Opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 fevral 1991 - Azərbaycan Respublikası Ali Soveti “Dövlət bayrağı haqqında” qanun qəbul edib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın dövlət rəmzi kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
   
   Dünya
   
   1 fevral 1895 - Amerika kinorejissoru, rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülmüş Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub.
   1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar, televiziya aparıcısı Barış Manço (2.1.1943 - 1999) vəfat edib.
   
   2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
   2 fevral 1882 - İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.
   
   2 fevral 1934 - Gürcü rejissoru Otar İoseliani anadan olub. 1984-cü ildə Fransaya mühacirət edib, 2006-cı ildə Gürcüstana qayıdıb. Filmləri: “Ayın favoritləri”, “Nəğməkar qaratoyuq vardı”, “Çoban” və s.
   
   3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809-4.11.1847) anadan olub. Məşhur “Toy” marşının müəllifidir.
   
   4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.
   
   5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar