Azərbaycan
   
   6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Abbasmirzə qızı Şərifova anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. "Qərib cinlər diyarında” (Tükəz), “Ən vacib müsahibə” (Zaurun anası), «Bayquş gələndə” (Nənə), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib.
   6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 60-dan çox televiziya tamaşasının rejissoru olub. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
   6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub.
   6 fevral 1998 - “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2012-ci il dekabrın 21-də Milli Məclis “Mədəniyyət haqqında” yeni qanun qəbul edib.
   
   7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919-27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
   
   Dünya
   
   6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
   6 fevral 1895 - Alman rəssamı Frans Radzivill (Franz Radziwill) anadan olub.
   6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut) anadan olub.
   
   7 fevral 1478 - İngilis mütəfəkkiri və yazıçısı, katolik din xadimi Tomas Mor (Thomas More, 1478-1535) anadan olub. “Utopiya” əsərinin müəllifidir.
   7 fevral 1655 - Fransız dramaturqu Jan Fransua Renyar (Jean-François Regnard, 1655-1709) anadan olub.
   7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
   7 fevral 1885 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1930) laureatı Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
   7 fevral 1929 - Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox populyar mahnıların (Sezen Aksunun repertuarından “Sən ağlama”, “Get”, “Dəyərmi heç” və s.) sözlərinin müəllifidir.
   7 fevral 1954 - Dünya şöhrətli alman müğənnisi, bəstəkar və prodüser Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” qrupunun yaradıcısı kimi tanınıb.
   
   Hazırladı: Vüqar Orxan