Azərbaycan
   
   8 fevral 1907 - Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttarxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.
   8 fevral 1928 - Əməkdar memar Nazim Məmməd oğlu Hacıbəyov anadan olub. "Şöhrət" ordeni ilə (2000) təltif edilib.
   
   9 fevral 1924 - Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində “Araz Türk Cümhuriyyəti” adı ilə yaranmışdı. Sovetləşmədən sonra, 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsbit etdi. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Naxçıvan şəhəri və 7 rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
   9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (1925-2004) anadan olub.
   9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.
   9 fevral 1942 - Yazıçı-publisist, filologiya elmləri doktoru Fazil Şamil oğlu Rəhmanzadə anadan olub. “Əsrə bərabər gecə” kitabının müəllifidir.
   
   10 fevral 1828 - Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində rus generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ) köçməsi barədə maddə də vardı.
   10 fevral 1869 - Böyük yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir.
   10 fevral 1925 - Cənubi Azərbaycan şairi, publisist Müzəffər Məmmədəli oğlu Dirəfşi anadan olub.
   10 fevral 1927 - Ədəbiyyatşünas alim, professor Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.
   
   11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914-22.8.1993) Bakıda anadan olub. Gəncə Dram Teatrının aktrisası olub.
   11 fevral 1920 - Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
   11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub. Əbdi bəy Şirazi, Bədr Şirvani və başqaları haqqında tədqiqatların müəllifidir.
   11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
   11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib.
   
   Dünya
   
   8 fevral 1591 - İtalyan rəssamı Qverçino (əsl adı Covanni Françesko Barbieri, 1591- 1666) anadan olub.
   8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
   8 fevral 1920 - Amerika aktrisası, 40-50-ci illərin kinoulduzu Lana Terner (Lana Turner, 1920-1995) anadan olub.
   8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq, ağ Bim” və s. filmlərdə çəkilib.
   
   9 fevral 1441 - Məşhur özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
   9 fevral 1874 - Alman əsilli Rusiya rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub. Stalin repressiyasının qurbanı olub.
   9 fevral 1881 - Rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.
   9 fevral 1885 - Avstriya bəstəkarı, ekspressionizmin məşhur nümayəndəsi Alban Berq (Alban Berg, 1885-1935) anadan olub.
   
   10 fevral 1837 - Böyük rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6.6.1799 - 1837) vəfat edib. Əsərləri: "Yevgeni Onegin" (mənzum roman), "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" (poema), "Boris Qodunov", "Motsart və Salyeri" (pyes), “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” (povest) və s.
   10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub. Əsərləri: “Doktor Jivaqo” (roman), "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım mənim - həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).
   10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr sənəti nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub. Pyesləri: “Üç quruşluq opera”. “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı” və s.
   10 fevral 1938 - Rus yazıçısı Georgi Aleksandroviç Vayner (1938-2009, Nyu-York) anadan olub. 1990-cı ildə Amerikaya mühacirət edib. Qardaşı Arkadi Vaynerlə birlikdə məşhur detektiv əsərlərin müəllifidir: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası”, “Cəlladın İncili” və s.
   
   11 fevral 1829 - Rus şairi və dramaturqu, Rusiya imperiyasının Tehrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedov (1795-1829) qətlə yetirilib. “Ağıldan bəla” komediyasının müəllifidir. Rusiya və İran arasında Türkmənçay müqaviləsinin (10 fevral 1828) hazırlanmasında iştirak edən Qriboyedov həmin anlaşmanın ildönümündə bir qrup dindarın rus səfirliyinə basqını zamanı öldürülüb.
   11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan