Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində faciə qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində tədbirlər həyata keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu il ABŞ, Kanada, Latın Amerikası ölkələri, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla, dünyanın 30-dan çox ölkəsində Xocalı faciəsinin qurbanları yad edilir.
   
   Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa, konfrans keçirilib, Misirin paytaxtı Qahirədə Xocalı faciəsinə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib. Fevralın 25-də isə Ukraynanın paytaxtı Kiyevdə BMT və ATƏT nümayəndəliyi önündə mitinq keçirilməsi nəzərdə tutulur. Odessa, Dnepropetrovsk, Poltava, Luqansk, Nikolayev, Vinnitsa, Donetsk, Lvov, Sevastopol şəhərlərində fevralın 26-dək Xocalı soyqırımı ilə bağlı dəyirmi masa, anma mərasimi, konfranslar təşkil olunacaq.
   ABŞ-ın Los-Anceles şəhərindəki təhsil ocaqlarında fevralın 19-dan Xocalını anma həftəsi başlayıb. Anma mərasimləri Vaşinqton, Hyuston, Mayami, San-Fransisko, San-Xose, Los-Anceles şəhərlərində də təşkil olunacaq. Fevralın 26-da isə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası planlaşdırılır. Həmin gün Nyu-Yorkda “Pax Turcica” sistemi vasitəsilə türk və azərbaycanlı icma üzvləri tərəfindən yerli və federal orqanlara Xocalı soyqırımının tanınması məqsədilə məktubların göndərilməsi nəzərdə tutulub.
   Fevralın 26-da Kanadanın Toronto, Monreal, Hamilton, Vankuver şəhərlərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.
   Fevralın 21-dən başlayaraq Türkiyənin İzmir, İstanbul, Əskişəhər, Adana, Yalova kimi şəhərlərində Xocalı mövzusunda konfranslar, fotosərgi və yürüş təşkil ediləcək. Fevralın 26-da Ankarada soyqırımın 21-ci ildönümü ilə bağlı Əskişəhər Azərbaycanlılar Dərnəyi nümayəndə heyətinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) nümayəndə heyəti ilə birlikdə Türkiyə Böyük Millət Məclisi nümayəndələrinin görüşü olacaq.
   Gürcüstanda “Xocalı ayı” çərçivəsində fevralın 26-dək ölkənin Kvemo-Kartli bölgəsində və paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş kitablar, foto-audio materiallar, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Fevralın 26-da Tbilisinin mərkəzi küçələrində yürüş təşkil olunacaq.
   Xocalı qətliamının qurbanları Almaniyada da yad ediləcək. Berlin, Hannover, Hamburq, Frankfurt, Drezden, Potsdam şəhərlərində fevralın 22-23-də fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Maqdeburqda soyqırımına həsr olunmuş avtomobil yürüşünün təşkili planlaşdırılır. Fevralın 26-da Berlində soyqırımın 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək.
   İsveçin paytaxtı Stokholmda Xocalı soyqırımının ildönümü ilə bağlı etiraz aksiyasının keçirilməsi isə fevralın 23-də baş tutacaq.
   Belarusun paytaxtı Minskdə də fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anma mərasiminin keçirilməsi gözlənilir.
   Fevralın 24-də Qazaxıstanın paytaxtı Astanada və vilayətlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimi və “Xocalı xatirəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
   Rusiyada Xocalı soyqırımının təbliği məqsədilə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) saytında, “Azerbaydjanskiy Konqres” qəzetində və digər kütləvi informasiya vasitələrində Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş materialların dərci planlaşdırılıb. Fevralın 26-da Moskvada xatirə gecəsi təşkil olunacaq.
   Fevralın 25-də Tel-Aviv Universitetində (İsrail) “Justice for Khojaly” (“Xocalıya ədalət”) adlı fotosərgi açılacaq. Qırğızıstanın paytaxtı Bişkekdə Türk Manas Universitetində faciə Vahid Mustafayevin “Xoca” filmi ilə anılacaq.
   Meksikada, Belçikanın paytaxtı Brüsseldə, Niderlandın paytaxtı Amsterdamda, Rotterdam, Haaqa şəhərlərində, Moldovada, Danimarka, Polşa, Estoniya, Litva, Rumıniya, Çexiyada fevralın 26-da Xocalı faciəsinin qurbanları anılacaq, dəyirmi masa və konfranslar təşkil olunacaq.