Azərbaycan
   
   22 fevral 1869 - Böyük yazıçı-dramaturq, jurnalist Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Ədibin 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898-29.3.1976) anadan olub.
   22 fevral 1908 - Şair, yazıçı Əkbər Ruhi (1908-1980) anadan olub.
   22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin”, “Aprel səhəri” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
   22 fevral 1924 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924-22.1.2000) Şuşada doğulub. “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.
   22 fevral 1939 - Yazıçı-publisist Yusif Yaqub oğlu Əhmədov anadan olub. “Ruhların qayıtması”, “Səninlə sənsiz”, “Ürək bağışlamır” və s. kitabların müəllifidir.
   
   23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
   23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911-23.5.1987) Şuşada doğulub. Azərbaycan Dövlət Dram Teatrında rejissor, Musiqili Komediya Teatrında, Dövlət Filarmoniyasında bədii rəhbər və direktor işləyib.
   23 fevral 1927 - Xalq artisti, aktrisa Roza Heydər qızı Cəfərxanova anadan olub. Uzun illər Naxçıvan teatrında çalışıb.
   23 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Budaqov (1928-1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub. Toponimika, landşaftşünaslıq və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var.
   23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) Şəmkir rayonunun Morul kəndində anadan olub.
   23 fevral 2003 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938-2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

   24 fevral 1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat» qəzetinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
   24 fevral 1881 - Böyük şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) Tiflisdə anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
   24 fevral 1921 - Xalq rəssamı, tanınmış boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub. “Şöhrət" (1999) və "Şərəf" (2011) ordenləri ilə təltif edilib.
   24 fevral 1934 - Xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının professoru Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub.
   24 fevral 1934 - Tanınmış aktyor Bahadur Əliyev (1934-2002) Masallı rayonunun Sığıncaq kəndində doğulub. “Ulduz” filmində kolxoz sədri Qədir rolu ilə tanınıb. “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Dərviş Parisi partladır” (bəy) və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   24 fevral 1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib.
   
   25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Mustafayev (1910-1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Azərbaycan Milli İncəsənət Muzeyi R.Mustafayevin adını daşıyır.
   
   Dünya
   
   22 fevral 1788 - Məşhur alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
   22 fevral 1810 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 2 mart göstərilir.
   22 fevral 1900 - İspan rejissoru, kinoda sürrealizmin tanınmış nümayəndəsi Luis Bunuel (Luis Bunuel Portoles, 1900-1983) anadan olub.

   23 fevral 1685 - Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
   23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraktsionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
   23 fevral 1878 - Tatar yazıçı-publisisti, ictimai xadim Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb.
   23 fevral 1883 - Alman filosofu və psixoloqu, ekzistensializmin əsas simalarından biri Karl Yaspers (Karl Theodor Jaspers, 1883-1969) anadan olub.
   23 fevral 1889 - Amerika kinorejissoru Viktor Fleminq (Victor Fleming, 1889 - 1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
   23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub.
   
   24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.
   24 fevral 1906 - Kinorejissor, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906- 1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.
   
   25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.
   25 fevral 1841 - Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
   25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka, 1871-1913) anadan olub.
   25 fevral 1907 - Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi populyar xalq mahnılarının sözlərinin müəllifidir.
   
   
   Hazırladı: Vüqar Orxan