1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından - bəşəriyyət əleyhinə cinayətdən 21 il ötür. Dəhşətli faciənin ildönümü ilə əlaqədar Bakının minlərlə sakini, paytaxtın qonaqları fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib. Dövlət başçısı abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Xocalı soyqırımının 21-ci ildönümü ölkəmizin bölgələrində, eləcə də xarici ölkələrdə həmvətənlərimiz tərəfindən müxtəlif tədbirlər, anma mərasimləri ilə qeyd olunub. Bu bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyub. Bir gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkinin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, erməni vandalları qətlə yetirdikləri insanların üzərində olmazın vəhşilik əməlləri həyata keçiriblər.
Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Bu gün Azərbaycan dövləti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Faciənin 21-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dünyanın 25 ölkəsində keçirilən aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilib.
Xalqımız, o cümlədən Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılılar işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayırlar. Xalqımız inanır ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar