Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Sənədlər sübut edir” adlı tədbir-sərgi təşkil edildi. 
   Əvvəlcə muzeyin direktoru Fəridə Şəmsi Xocalı faciəsinin tarixindən, qan yaddaşımızı əks etdirən tədbirlərin əhəmiyyətindən söz açdı.
   Sərgidə təqdim olunan “Məhkum olunmuş Xocalı” kitabından danışan direktor bildirdi ki, müəllif, tanınmış publisist-jurnalist, Qaçqın və Məcburi köçkünlərin Müdafiə Mərkəzinin sədri Tatyana Çaladze kitabın yazılmasında Milli Təhlükəsizlik Nazirliyinin arxivində olan materiallardan istifadə edib. Buraya Xocalı faciəsi şahidlərinin istintaq sənədləri, hadisənin baş verdiyi yerə baxış zamanı tərtib olunan protokollar daxildir.
   Tatyana Çaladze araşdırmaları yekunlaşdırdıqdan sonra 1500-dən çox sənədi muzeyə təhvil verib. Onların bir hissəsi sərgidə nümayiş olundu.
   Tədbirdə Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Füqarə Rüstəmova, Xocalı sakini Sevda Xanlarova və digər qonaqlar çıxış etdilər.
   Sonda “Salnamə” studiyasında lentə alınan “Dua” sənədli filmi (müəllifi Yusif Şeyxov, rejissoru Ziya Şıxlinski) nümayiş olundu.