Yenə... bir də... bir daha... təzədən Xocalı...
   
   İyirmi bir il öncə vandal bir xalqın törətdiyi bu akt da - bütün təfsilatı ilə - hamıya bəlli, sentimental dünyanın bu gözgörəti soyqırımına siyasi-hüquqi laqeydliyilə bağlı min bir fakt da. Elə buna görə də, “613” (ölüm), “1275” (əsir), “150” (itkin), “25”-“130” (valideynlərinin hər ikisini və birini itirən uşaqlar), “5000000000 rubl” (dövlət və əhaliyə dəymiş ziyan) və 21 ildir foto, kino, telelentlərdə gördüyümüz, qəzet-kitablardan oxuduğumuz digər faktları trillyardıncı kərə sadalamaqdansa, keçək həmin vaxta və aktadək 7000 əhalisi olmuş o şəhər haqda 777 sözlü elegiyamıza:
   
   Faciəmizə sözardı
   
   Hələ hərb istisi soyumamış, qəlb tüstüsü kəsilməmiş Faciəmizə...
   Dünən 21-ci “il”ini verdiyimiz Faciəmizə...
   Bir “dəli şeytan” məni aldadır ki, həmin illər 7777 gün eləyir. Oralıların çəkdiklərinin yanında 7777 gün nədir ki?! Xocalı nağılları danışan dillərimiz həmin Gecə Xoca kişinin Ağca balasına: “Elə indidən məni bağışla, qızım, murdarların əlinə keçməməyin üçün, lazım gəlsə, səni öldürməli olacağam” deyən diliylə müqayisədə nəyə layiq?
   “Təkrar biliyin anası”dır (yəqin, laqeydliyin də atasıdır): 7777 gün...
   Günlərin sayındakı yanlışa görə, “dəqiq-dürüst” dünya təşkilatlarından üzr “istəyək” və onların diqqətinə çatdıraq ki, bizlərdə buna “yanlış da bir naxışdır” deyirlər. Yəni bu rəqəmdə belə yanılmasaydıq, abidə-heykəlini yenicə qoyduğumuz Koroğlumuzun dəlilərini xatırlamazdıq...
   Qədim xalq ordumuzun “şəxsi heyət” say-sanbalına edilən bu işarə belə bir müasir məsələni də aksentləyir ki, hazırda dünyanın ən şirin nemətlərilə qidalanan əlaqədar Amerika-Avropa dualizmi bir az da istiot dadmalı olsun. Planetimizin ən yaxşı maddiyyatlarını idxallayıb, öz əxlaqiyyətlərini ixracatlamaqla hələ bizi o qədər də “ağıllı”laşdıra bilmədiklərinin fərqinə varsınlar. Bilsinlər ki, açıq-saçıqlıq eksportları, mənəviyyat sortları, neo-kovboy jestlərilə başımızı hərləndirməyə nail olsalar da, məxfi testlərilə qanımızı soyuda bilməyiblər. İndi bizim can sayımız on milyon 7777-yə yaxınlaşır və bunun az qala yeddidən yetmişə hamısı “dəli”yə çevrilməyə hazırdır. Çoxdandır ayaqda olan bu yeddi milyon bir rəhbər göstərişi - Ali Baş Komandan əmri ilə Oraya doğru yürüyə bilər. Öz doğma, halal Vətən kəsiyini kəsəyənlərdən azad etməyə doğru! Şəhid şəhərinin ruhuna lap yaxından da salavat çevirməyə doğru! Avro-Amerika paraqraf-parametrlərində “müqəddərat-müdafiə” statuslu vandalların dağıtdığı milli və dini mədəniyyət avtoqraflarımıza baxıb, ümummilli bir köks ötürüb, təbii konservatoriya Şuşasında “namərdəm, əgər bir də sənə aldansam!” xoru oxumağa doğru. Yerlə-yeksan edilmiş sələf-tələf məzarstanlarımızda öz ölülərinin qəbirlərini tapa bilmədiklərindən... sonuncu (!) kərə zülüm-zülüm ağlamağa doğru. Və bütün gələcək boyu bir daha yaltaq-yalıncığa, “ayağıma yer eylərəm, gör sənə neylərəm!” xislətilə ahu-zar edənlərə əl tutmayıb, “zalıma zülm!” andı içməyə doğru!..
   
   Əməldən əvvəl“namə”
   
   Bağışla bizi, Şəhidtəhər şəhərim! Qoynunda nə qədər anan, atan, bacın, qardaşın, yeniyetmən, körpən var, hamısının dilindən - onların milyonlarla misli olan bizləri bağışla. O qətl-qətliam Gecəndən əvvəlki günlər səsinə səs vermədiyimizə görə bağışla. Sən hamımızın əvəzindən də öldürüldüyünə görə belə deyirəm mən. Ümumağızdan danışıram. Amma işə bax ki, Sən o qədər müsibətləri təkbaşına çəkdiyin halda, mən hamının adından üzr istəməyə çətinlik çəkirəm. Nədən? Heç, deyirəm, birdən bir vaxtlar - yaralarının qan verdiyi macallarda - yaşamaq üçün yardım istəyən Qarabağ əlillərinə “Səni mən göndərmişdim?!” deyə nərə çəkən bəzi kabinet koroğluları mənə də irad tutarlar ki, “niyə məni də “bağışla” səviyyəsinə endirirsən?!”
   Bağışla məni, rəhmətlik Şəhərim! Həmin Gecə Sənin harayını səndən uzaqda dayanıb dinləyən qulaqlarımı bağışla. Sonrakı günlər Səni ekranlardan sakitcə seyr edən gözlərimi bağışla. Düz bir ay heç nə yaza bilməyən qələmimi, sonralar “Bir çox xristianlar Fəxri xiyabanda yönü qibləyə dəfn ediliblər, Cəlil Məmmədquluzadə isə yönü fələyə. Bəs görəsən, müsəlman xocalılar yönü nəyə?!.” mövzulu verilişimi efirə verdirə bilməyən fərasətsizlik-cəsarətsizliyimi bağışla...
   Ay Şəhidşəhərim hey, deyirəm, yolda-rizdə qırılanlarının bir parasını görüb, bir göynək ağrımış, bir köynək uzaq olsa da, acımışıq. Bəs bizim görmədiyimiz meyitlərdən, didərginlərdən nə xəbər? Alçaldıla-alçaldıla gəncləşməkdə, qocalmaqda olan girov-əsir mübtədalardan nə zərf?!.
   
   Meyiti ortada qalanım...
   
   Hər kəsin başı öz ölüsünə qarışdığından, həmin Gecənin səhərisi başın üstdə dayanıb Səni bir ağlayan da olmadı, dam-daş Şəhidim!
   Ağlamaq nəmənə, - 21 ildir yerdən götürənin də yox...
   Bir məsəl var; “Lələ köçüb, yurdu qalıb”. Sənsə o qətliam-Gecədən oyanıb gördün yurd da qalmayıb, eləmi? Nə var yanıb, can-cəsədin şum edilib, həmi? Cavan-cavan meyitlər xalçalanıb küçələrdə - al-qan çeşnilər kimi. Alınlarda donmuş qəzəb-qırışlarsa çarəsizlik ilmələri. Lap əkiz qardaşımız Türkiyənin Çanaqqala savaşındakı sayaq. Lakin həmin gün nə bir Atatürk çıxdı ki yağını darmadağın edib, o cənazələr xiyabanını fikir-düşüncələr yükü ilə seyr edə, nə böyürdən bir qarı və gəlin cütlüyü peyda oldu ki: “Bu qədər oğulları qırdırandan sonra bu Vətən kimə gərək, Mustafa Kamal?!” deyə. O isə bu sualı ya özü cavablandıra, ya da elə yer adlarını dəyişmək şərtilə, Atatürkün dediyini deyə: “Anneciyim, bu oğulları sən və yanındakı cavan gəlin yenə doğacaqsız. Bəs anamız Vətən məhv olsa, onu yenidən kim doğacaq?!”
   Belə, Şəhidşəhərim! Yazımın məğzi “sözardı” olsa da, bir xeyli sözönü məsələlərinə də toxunmalı oldum. Burada elegiya elementləri də oldu, bu “yad” sözün özgür-etimolojisi olan ölegiyalıq nüanslar da. Nədən ki, bu gün Sənin növbəti hüzn gününün sabahısıdır. “Yeddi”nə az qalıb, “qırx”ında isə, hər il olduğu kimi, başımız qırxbir problemə qarışacaq və bir də onda ayılacağıq ki, bay, bu milli mərhumumuzun növbəti “ili”dir...
   Şəhid Şəhrim hey! Deyirəm, bəlkə, 21 ildir hüzn çadırlarında verdiyimiz “il”lər daha bəsdir?! Daha “xatirə-il”lər yetməzmi?! Sənin ölüm ilində doğulmuş Azərbaycan oğullarının əsgərlik, ərən-ərgənlik yaşı çatıb, axı! Baş Dədəmizin də öz kitabında züriyyətsizlik rəmzi kimi görk etdiyi qara çadırlardan qalxıb, səma-çadır altında toplanıb, Səni yenidən inşaya başlamaq vaxtı deyilmi, Şəhid-Şəhrim?!
   
   Tahir Abbaslı