Maraqlı əsərlər və tamaşalar müəllifi kimi tanınan Cəlil bəy Bağdadbəyov milli mədəniyyətimizin çiçəklənməsi yolunda hədsiz cəfalar çəkib. Dövrünün görkəmli musiqi və teatr xadimi kimi çox tanınıb.
   
   Yazıb-yaratdığı əsərlər bu gün də öz əhəmiyyətini itirməyib. O, xatirələrinin birində yazıb: “Mən 1887-ci ildə Şuşa şəhərində anadan olmuşam. Uşaq ikən bu yerlərdə gördüyüm əyləncələr, tamaşalar, ümumiyyətlə, ictimai yığıncaqlar yaxşı yadımdadır. Şəhərin görkəmli xanəndə və aşıqları: Hacı Hüsü, Məşədi İsi, Çarıqçı Bahadır, Çəkməçi Məhəmməd, Keçəçi Məhəmməd, Qaryağdıoğlu Cabbar və başqalarının keçirdiyi el şənlikləri hələ də gözümün önündədir... "
   O, ibtidai təhsilini Şuşada alır. Sonra təhsilini davam etdirmək məqsədilə Peterburqa gedir və gimnaziyada oxuyur. Azərbaycana qayıdır və Teatr Texnikumuna daxil olur. Bir müddət sonra ali teatr təhsili almaq məqsədilə Moskvaya gedir, Y.Vaxtanqovun tələbəsi olur, K.Stanislavskinin bu sahədəki təcrübə və biliklərini dərindən öyrənir. Daha böyük uğurlara imza atmaq məqsədilə xarici dil bilməyin çox vacib olduğunu anlayır. Ona görə də bu istiqamətdə çalışır, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini mükəmməl mənimsəyir...
   Cəlil bəy Bağdadbəyov rejissor fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlayıb. Eyni zamanda Ağdaş, Lənkəran, Şəki, Şuşa şəhərlərində fəaliyyət göstərən teatrlarda quruluşçu rejissor kimi çalışır. Aktyorlara oynayacağı obrazları dərindən tanımaları üçün dəyərli tövsiyələr verir, onlara sənət yolunun sirlərini öyrədir...
   Azərbaycan hökuməti Orta Asiya xalqlarının mədəni inkişafına yardım etmək, istedadlı gəncləri üzə çıxarmaq məqsədilə respublikanın görkəmli sənətkarlarından bir qrupunu Orta Asiyaya göndərməli olur. 1929-cu ildə Cəlil bəy Bağdadbəyov Aşqabada gedir. Musiqi Texnikumunda dram kurslarına rəhbərlik edir, türkmən dram truppasını yaradır və Aşqabad teatrı üçün “Aulda radio” pyesini yazır. Azərbaycan dramaturqlarının əsərlərini də türkmən dilinə ilk dəfə Cəlil bəy Bağdadbəyov tərcümə edir. Aşqabad teatrının inkişaf edərək sonradan Dövlət Opera və Dram Teatrına çevrilməsində, Azərbaycanın bir sıra ziyalıları və musiqişünasları ilə yanaşı, Cəlil bəy Bağdadbəyovun da böyük xidməti olur. O, bu illər ərzində çox gərgin və məhsuldar işləyir. Bir tərəfdən yeni tamaşalar hazırlayır, digər tərəfdən isə pyeslər yazır. Onun Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabad və başqa şəhərlərin teatrlarında “Buxaranın əmiri”, “Parlayan ulduzlar” və s. pyesləri əsasında maraqlı tamaşalar hazırlanır.
   Cəlil bəyin qızı Züleyxa Bağdadbəyova xatirələrində yazır: “Evimiz həmişə qonaq-qaralı olurdu. Orta Asiyanın sənət adamları, artistlər, rəssamlar tez-tez bizə gələrdi. Böyük masa arxasında əyləşər, çay içə-içə teatr və sənət haqqında söhbət edərdilər. Belə şən və mənalı keçən günlərin birində qapı döyüldü. Atam qapını açdı. Otağa dəri pencəkli və papaqlı adamlar soxuldular. Onlar atama nə isə deyib evdə axtarışa başladılar. Qısa zamanda döşəmə kitab, kağız və digər əşyalarla doldu... Çağırılmamış qonaqlar evi ələk-vələk etdikdən sonra kitab və kağızları, hətta fotoalbomu da kisələrə yığdılar. Onlar atamı apardılar...”
   Bu məhrumiyyət və əziyyətlər uzun sürür. Çox sonra məlum olur ki, Cəlil bəylə Orta Asiyaya ezam edilən Qaraqaşlı İranla sərhədi keçməyə cəhd göstərən zaman həbs olunub. İstintaq zamanı ona sual verilib ki, sənin bu istəyin haqqında xəbəri olan varmı? O da bir neçə yoldaşının və Bağdadbəyovun adını çəkir. Cəlil bəy də ona görə həbs olunur. Uzun sürən sürgün həyatı, nəhayət, başa çatır. Ona Daşkənddə qalıb işləmək və xalq komissarının müavini vəzifəsi təklif olunur. O isə Bakıya getmək istədiyini bildirir.
   Vətənə qayıdan Cəlil bəy Bağdadbəyov Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlayır. Türkmənistan və Tacikistan teatrlarının bünövrəsini qoyan sənətkar doğma respublikada da rejissor, teatr təşkilatçısı, bədii rəhbər kimi xidmətlər göstərir. Quruluşçu rejissor kimi müxtəlif teatrlarda çalışır. Bir müddət Respublika Konsert Birliyinə rəhbərlik edir. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ona “Əməkdar artist” fəxri adı verilir.
   O eyni zamanda tarixçi-yazar, folklorşünas kimi tanınıb. Şuşada Cıdır yarışlarından, dini təziyələrdən, məhərrəmlik və şəbih tamaşalarından bəhs edən məqalələr, Qarabağı dolaşan dərviş, seyid və məşhur şəxsiyyətlər haqqında dolğun yazılar yazıb, nağıl, dastan və rəvayətləri qələmə alıb.
   Cəlil bəy Bağdadbəyov 1951-ci il aprelin 21-də dünyasını dəyişib. İllər ötsə də, adı qəlblərdə, könüllərdə yaşayır. Çünki el üçün yaşayıb-yaradanlar heç zaman unudulmur.
   
   Savalan Fərəcov