Uşaqlıqdan səsinin sehrinə düşən Təhmiraz radio dalğalarından Xan əminin, Yaqub Məmmədovun, Arif Babayevin, Süleyman Abdullayevin ifalarında sevə-sevə dinlədiyi muğamları, təsnif və mahnıları məlahətlə oxumağı ilə meşələrə, dağlara səs salar, eşidənləri isə heyran edərmiş. Təbii ki, bu istedad və qabiliyyət çoxlu qəzəllər bilən, yumşaq səsi və öz musiqi dünyası olan, hərdənbir muğamlarımızdan zümzümə də edən atası Məhyəddindən keçmişdi Təhmiraza...

Azərbaycanın dilbər guşələrindən olan Qəbələnin Çuxur Qəbələ kəndində dünyaya göz açan Təhmiraz Şirinov 1966-cı ildə qonşu Hacallı kənd orta məktəbini bitirərək Sumqayıtdakı Texnologiya Texnikumuna daxil olur. Onun ifaçılıq qabiliyyətini görən tələbə yoldaşlarının təkidi ilə 1967-ci ildə keçirilən Respublika Gənclər Festivalına qatılır, sənətdə ilk uğurunu - laureat adını qazanır. 1968-ci ildən paralel olaraq təhsilini Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda, tanınmış xanəndə Sahib Şükürovun sinfində davam etdirir.
1972-ci ildə musiqi təhsilini başa vuran gənc xanəndə Sumqayıtdakı musiqi məktəblərində müəllim işləməklə yanaşı, şəhərdə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak edir, “Gənclik” adlı ansambl yaradır. Bu ansamblla respublikanın rayon və kəndlərində, kolxoz və sovxoz təsərrüfatlarının əməkçiləri qarşısında çıxışları tezliklə populyarlıq qazanır. Gənc xanəndənin sorağı muğamlarımızın gözəl bilicisi, neçə-neçə mahnı və təsniflərin müəllifi, o vaxtlar “Azkonsert”in nəzdində fəaliyyət göstərən “Humayın” xalq çalğı alətləri ansamblının yaradıcısı və bədii rəhbəri Əlibaba Məmmədova gəlib çatır və 1975-ci ildə o, Təhmiraz Şirinovu kollektivə dəvət edir. 1990-cı ilədək - “Humayın” fəaliyyətini dayandırana qədər dəyərli sənətkarın rəhbərliyi altında, əsrarəngiz səsə malik Səxavət Məmmədov və Zümrüd Məmmədova ilə çiyin-çiyinə çalışan xanəndə, respublikamızın bölgələri ilə yanaşı, Daşkənd, Alma-Atı, Dərbənd və keçmiş ittifaqın digər şəhərlərində konsert proqramları ilə uğurlu çıxışlar edir.
Təhmiraz Şirinovun ifasında “Azərbaycan maralı”, “Elə bəndəm” xalq mahnıları, musiqisi Əlibaba Məmmədova aid olan “Mənim alagöz yarım”, başqa mahnı və təsniflər musiqisevərlərin geniş rəğbətini qazanır. Görkəmli kamança ifaçısı Habil Əliyev “Mənim alagöz yarım”ı Təhmiraz kimi oxuyan olmayıb, o, bu təsnifə öz möhürünü vurub”, - demişdir.
Təhmiraz Şirinov əsl xalq sənətkarıdır desək, yanılmarıq. O, doğma xalqımızdan nə səsini, nə də qəlbindən doğan xeyriyyəçilik əməllərini əsirgəmədən sənətkar və vətəndaş olaraq həmişə öz sözünü deməyə çalışmışdır. Qarabağ müharibəsi illərində Baba Mahmudoğlu və Qəndab Quliyeva ilə birgə cəbhə bölgələrində hərbiçilərimiz qarşısında çıxışlar etmiş, bu konsertlərin bilavasitə təşkilatçısı olmuşdur.
Onun yaradıcılığına 1995-ci ildə Türkiyədə ilk dəfə keçirilən “Türkdilli xalqların Novruz bayramı festivalı”nda çıxışları xüsusi uğur gətirmişdir. Təhmiraz müəllim həmin dövrü belə xatırlayır: “Bu festivalda o vaxtlar Azərbaycan nümayəndə heyətinin tərkibində mən də vardım. Əynimdəki milli libas və əlimdəki Azərbaycan bayrağının oxuduğum mahnılara xüsusi rəng qataraq mənə böyük ruh və qürur verdiyini heç vaxt unutmaram”.
Təhmiraz Şirinovun qardaş Türkiyəyə 1996-cı ildə daha bir qastrol səfəri baş tutur. Bu dəfə o, ölkənin ən böyük mədəniyyət ocağı sayılan “Rəşid Rey” konsert salonunda Azərbaycanın Xalq artisti, tarzən Möhlət Müslümovun rəhbərliyi ilə Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə xalq artistləri Səkinə İsmayılova və Aygün Bayramova ilə uğurlu çıxış edir.
Xanəndə doğulub boya-başa çatdığı Qəbələ rayonunun əhalisini də unutmur, onların qarşısında konsert proqramları ilə çıxış edir. Son illərdə Qəbələdə hər yay keçirilən beynəlxalq musiqi festivalında qızı - sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı ilə tamaşaçı kimi birgə iştirak edən xanəndə doğma yurdun xeyrində-şərində də iştirak etməyi özünə mənəvi borc sayır.
Təhmiraz Şirinovun musiqi mədəniyyətimizə bəxş etdiyi töhfələri həm insanların mənəvi dünyasını, həm də sənət dünyamızı zənginləşdirir. Onun ifaları yer almış lent yazıları Azərbaycan televiziyasının videotekasında və Azərbaycan radiosunun fondunda qorunub saxlanılır. Xanəndənin “Mənim sənsizliyim” (2003), “Şirin səsin hekayəti” (2005), “Qəbələ” (2008) kimi kompakt diskləri musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Dəyərli sənətkarımız bu gün Sumqayıt şəhər Soltan Hacıbəyov adına musiqi kollecinin “Xanəndəlik şöbəsi”ndə pedaqoji fəaliyyət göstərməklə yanaşı, rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblının, eləcə də digər musiqi kollektivlərinin müşayiəti ilə ifaçılıq fəaliyyətini davam etdirir, el şənliklərində də xüsusi şövqlə çıxış edir.
Martın 7-də 65 yaşı tamam olan sənətkara can sağlığı, Allahın ona ayırdığı ömür payını gözü dolusu yaşamasını, səsinin cilasının pozulmamasını, bu ölməz sənəti hələ uzun illər yaşatmasını səmimi qəlbdən diləyirəm.

Fəxrəddin Meydanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar